Famil müəllim beynəlxalq dərəcəli "A" kateqoriyalı Marketinq mütəxəssisidir. İstehsal və ticari Marketinq sahəsində 7 il, idxal mebeli sektorunda isə 3 illik peşəkar təcrübəsi vardır. Ölkənin bir neçə ali təhsil müəssisələrində və bir çox təlim mərkəzlərində Marketingin bütün sahələri ilə bağlı təlimlər, seminarlar keçmişdir. Famil müəllim mənim üçün Marketing və eləcə də satış sahəsinin ən mütəxəssis marketoloqlarından biridir və eyni zamanda dəyərli müəllim, gözəl insandır. (Qətiyyən tərif deyil, bu həqiqətən də belədir.)
- Famil müəllimə görə Marketing nədir?
- Mən kitablarda yazılan 2000-dən çox tərifi təkrarlayan deyiləm. 11 il ərzində gördüklərim və qazandığım təcrübəmlə fikrimi ifadə etmək istərdim. Marketing - müştəri ehtiyaclarını tələbə çevirərək şirkətə arzuladığı gəliri təmin edən fəaliyyət sahəsidir.
- Famil müəllim, hansı sahənin marketing fəaliyyətini aparmaq digər sahələrə nisbətən çətindir?
- Maraqlı sualdır. Mənə görə dərman preparatları istehsalı çətindir. Ortada insanların sağlığı məsələsi var. Əslində belə bir mövqe tutmağıma səbəb olan ABŞ-da dərman preparatlarının istehsalı ilə məşğul olan şirkətin ötən həftə məhkəmə tərəfindən səhv etmirəmsə, 78 mln $ təzminat ödəməsi tələbi oldu. Belə ki, şirkətin istehsal etdiyi dərman preparatından istifadə edən bir insan xərçəng xəstəliyinə tutuldu və 3 ay sonra vəfat etdi. Məncə, ən çətin sahə ümumiyyətlə insanların sağlamlıqları ilə əlaqədar olan istənilən sahədir. Məhz elə buna görə də mənim üçün qida sektoru farmakologiyadan sonra ikinci çətin sahədir.
- Famil müəllim, adi və böhran zamanlarında insanlara məhsul satmaq çətindir yoxsa xidmət? Və niyə?
- Uinston Çerçilin bir fikrini söyləmək yerinə düşərdi: "Hər böhran özü ilə yeni fürsətlər gətirir." Məncə, 2015-ci il ölkəmiz və iqtisadiyyatımız üçün uğursuz il oldu. İl ərzində iki devalvasiyanın yaşanması ölkədə hər kəsə təsir etdi. Ən sadə vətəndaşımız belə öz nəsibini aldı. Təbii ki belə bir hal ölkə istehlakçılarının istehlak davranışlarına birbaşa təsir etdi. Yerli və idxalçı şirkətlər bazarda ciddi problemlərlə üz-üzə qaldılar. Devalvasiyanın təsirindən yaranmış böhran birbaşa istehlakçı davranışlarına təsir etdi. Bazarın stabil dönəmlərində müştəriləri unudan şirkətlər isə özləri üçün uzun illər topladıqları müştəri məmnuniyyətsizliyi ilə bir başqa böhran yaratdılar. Böhran dalınca böhran. Bazardakı cari vəziyyət nəyin asan, nəyin çətin olduğunu müəyyən etməkdə çətinlik törədir. Çünki hazırda pulu olan da, olmayan da gözləmə mövqeyindədir. Baxaq görək nə baş verəcək. Hazırda hər iki sahədə ( məhsul və xidmət ) çətinliklər var. Bunun da başlıca səbəbi böhrandır. Böhran isə qeyd etdiyim kimi, istehlakçı davranışlarına təsir göstərir ki, bu da özünü hər iki sahədə hiss etdirir.
- Ölkəmiz hansı məhsulun istehsalı üzrə ixtisaslaşıb onu "Made in Azerbaijan" brendi ilə dünya bazarına çıxara bilər?
- Ölkəmizdən xarici bazarlara onsuz da məhsul ixrac edilir. Düzdür, qane edici deyil. Ancaq sualınız milli brendinq sahəsi ilə əlaqəlidir. Cari durumda ölkəmiz dünyada Azərbaycan istehsalı olan "Azeri Light" neft markası ilə tanınır. Bunun xaricində təəssüf ki, hər hansı bir marka və ya məhsulla tanınmırıq. Ola bilsin ki, sizin bu sualınıza verdiyim cavab dostlarımızı qane etməyəcək. Ancaq həqiqət budur. "Made in Azerbaijan" ünvanı ilə istehsal edilən və ixrac olunan məhsullar ölkəmizin xarici bazarlarda imicini bərkidə bilməsi üçün kifayət etmir. "Made in Azerbaijan" ünvanının xarici bazarlarda güvən qazanması birbaşa dövlətin xarici iqtisadi siyasətindən asılıdır.
- Famil müəllim, Marketing sahəsində inkişaf etmək istəyən gənc marketologlara hansı məsləhətləri verə bilərsiniz?
- Tövsiyyəm o ola bilər ki, marketing sahəsinə səthi yanaşmasınlar. Bu uzun yola çıxmazdan əvvəl özlərində marketer potensialının olub-olmamasını kəşf etməyə çalışsınlar. Yoxsa sonra həm özlərinə, həm də çalışdıqları şirkətlərə zərər vurmuş olarlar. Son vaxtlar qəribə hallara rast gəlirəm. Yerindən duran marketer olur. Ancaq kiçik bir sirri paylaşmaq istəyirəm. Dostlar, şirkətlərdə ən tez nəzərə çarpan marketerin fəaliyyətidir. İstənilən an sizin fəaliyyətinizi dəyərləndirmək istəyənlər olacaq. Bu isə "2x2"-dir. Necə? Kifayət edəcək ki, sahənizlə bağlı marketing plan tələb olunsun. Marketerin il boyu ölçü vahidi məhz marketing plandır. Bunu unutmayın.
Famil müəllimə öz təşəkkürümü bildirirəm müsahibə üçün!
Əziz oxucular, rubrikanın digər iki müsahibəsinin linkini bu bloq yazının altında görə bilərsiniz. Növbəti bloq yazıda yenə də faydalı olmaq ümidilə... Bloq yazılar haqqında irad və məsləhətləriniz olarsa və şəxsi təkliflərinizi bildirmək istəyirsinizsə, najmaddin.akhundov@yahoo.com ünvanına yaza bilərsiniz. Öncədən Təşəkkürlər!
0 Şərh:
Şərh Yaz