23.06.2016

Satmayın.. Dəyər yaradın!

Əziz oxucular, Marketing sahəsi üzrə özümü inkişaf etdirə-etdirə, bu sahədə çalışa-çalışa şahidi oluram ki, Marketing həqiqətən də geniş sahədir. Hərdən elə yerlərə qədər gedib çıxır ki, özüm də məəttəl qalıram. Elələri var ki, deyir ki, bəsdirin də bu Marketingi bu qədər böyütdünüz. Bu, adi bir ehtiyacın qarşılanması və sairə falan, filandır. Amma əzizlərim, inanın ki, elə deyil. Biz zatən çalışdığımız şirkətlərdə son nəticə olaraq satışın artımı üçün çalışırıq. Amma hara kimi satmaq olar? Hara kimi pullu reklamlardan istifadə edib məhsulu sata bilərik? Axı hara kimi biz insanların "gözünə girə bilərik" ? Axı nə vaxta kimi biz ancaq məhsulu satmaq üçün reklamdan istifadə edəcəyik? Ola bilər ki, oxuculardan biri düşünsün ki, belə etmədən biz necə şirkətin satışlarını artıra bilərik? Başqa üsullar və başqa yollar da var. Bunların hamısı Marketing fəaliyyətində gizlidir. Ona görə həmişə deyirik ki, Marketing önəmlidir. Marketing olmalıdır, şöbə kimi, departament kimi, ümumilikdə bir fəaliyyət kimi və sairə.

Əziz oxucular, satmağın, satış etməyin ən gözəl yollarından biri də dəyər yaratmaqdır. İnsanların gözündə, qəlbində bir dəyər qazana bilməkdir. Mənim fikrimcə: "İnsanların cibindəki dəyəri qazanmamışdan əvvəl onların ürəklərindəki dəyəri, sevgini və hörməti qazanmaq lazımdır. Belə olan halda mən əminəm ki, onların cibindəki dəyəri qazanmaq çox asan olacaq." Gəlin, xarici təcrübəyə nəzər yetirək və mən daha sonra yerli şirkətdən nümunə gətirəcəm. Coca-Cola və P&G kimi şirkətlər nə vaxt öz məhsullarını satmaq üçün reklam ediblər? Bu, sadəcə iki nümunədir. Başqa nümunələrdən yazsam, uzun bir məqalə yazmış olaram. Coca-Cola da, P&G də ancaq sevdirir, ancaq dəyər yaradır, amma qətiyyən satmır. Türkiyə nümunəsində Türkcell-i misal gətirə bilərik. Adamlar reklam çəkir ağladır, güldürür, birləşdirir və bir sözlə, dəyər qatır, dəyər yaradır. İndi isə yerli nümunədən misal gətirək. Xeyr, xeyr, hər hansısa bir reklamdan söhbət getmir. Bu gün biz marketologları mübarək Ramazan ayında bir məkanda birləşdirən təşkilatçılardan və bu iftarın bütün təamlarını bizim üçün ödənişsiz şəkildə təqdim edən, SATMAYAN, amma dəyər qazandıran, dəyər yaradan Lime Catering şirkətindən söhbət gedir.



Hamımızın da bildiyi kimi bu gün marketologların Lake Palace-da iftar görüşü oldu. Bir neçə nəfər öz tənqidli fikrini bildirdi, amma mən bu görüşü təqdir etdim və şəxsən iştirak etdim. "Axı ödənişsiz təamlar verilirdi, bəs niyə ödəniş 10 AZN göstərilib?" - sualınıza və hətta sualımıza İlkin müəllim çox gözəl cavab verdi görüşdə. Dedi ki, bu sadəcə filtr rolunu oynadı, bizi daha çox kimlər sevir, kimlər bizim həqiqi dostlarımızdır, bu, iftar zamanı bilindi. Lime Catering şirkətindən olan nümayəndələr bizə reklam materialı verdilər, hansı ki, ona heç ehtiyac yox idi. Çünki Lime Catering şirkəti bu addımı ataraq öz reklamını etmiş oldu. Mənim fikrimcə, dəyər yaratdı, bir dəyər qatdı bizlərə, amma SATMADI. Mən qətiyyən və qətiyyən bu blogpostu reklam etməyə və 10 AZN "qabağa düşdüyümə" görə yazmadım. Mən sadəcə blogpost üçün əla bir nümunə gətirdim. Mehriban xanım demişkən, mən paştet blogger deyiləm. Son olaraq, marketologların iftar görüşünü təşkil etdiyinə görə İlkin müəllimə, Anar müəllimə, Rafiq müəllimə və adını bilməsəm də hörmət etdiyim dəyərli xanım marketologlara, eyni zamanda, Lime Catering şirkətinə və təşkilatçılıqda əməyi keçən hər bir kəsə təşəkkürümü bildirirəm. Allah bizə növbəti Ramazan bayramında da bir yerdə iftar görüşündə görüşməyi, faydalı olmağı, faydalanmağı nəsib etsin!

Növbəti dəfə daha faydalı olmaq ümidilə...

0 Şərh:

Şərh Yaz