14.07.2016

Xaricdə Marketing təhsili və lokal bazarın xüsusiyyətləri

Bir neçə vaxt bundan əvvəl məhəlləmizdə bir mağazanın həm sahibi, həm satıcısı olan biri məndən harada oxuduğumu soruşdu. Mən də dedim ki, ADİU-un Kommersiya fakultəsini bitirdim. Məndən bu fakultənin nə olduğunu soruşdu. Soruşdu ki, bitirəndən sonra nə işləyə bilərsən, hansı sahədir bu? Mən də dedim ki, satışla bağlıdır, oxuduğum da, işim də satışdır, Marketingdir. Mənə belə bir sual ünvanladı: "Mənim 22-23 ildir ki, hər gün gördüyüm işi sənə universitetdə 4 ilə mi öyrədirlər? Axı buna nə ehtiyac var? Satışın da təhsili mi olar, tədrisi mi olar?" Başladım bəzi məsələlər barədə danışmağa. Danışığımız hardasa yarım saat çəkdi. Mən bu işin 4 il təhsilini aldığım üçün bilirəm ki, satışın da, Marketingin də tədrisinin olması normaldır və bu olmalıdır.


Amma belə bir sual çıxdı ortaya ki, ümumiyyətlə ölkəmizdə bu ixtisası tədris edən universitetlərdə ixtisas bilikləri nə dərəcədə öyrədilir? Aydın məsələdir ki, 4 il bu fakultəni oxuyub bitirən tələbələrin 4 ilin sonunda 50%-dən çoxu bu fakultənin nə işə yaradığını bilmir. Azərbaycan universitetləri bir yana, bunu bir çox dünya universitetlərində tədris edirlər. Amma bir məsələ çıxır ortaya. Qlokal sahə olan Marketingin (qlobal öyrənib lokal tətbiq etmək) həm tədris və həm də tətbiq olunduğu Azərbaycan və Azərbaycan bazarı spesifik bazardır. Bu bazarın özünəməxsus istehlak davranışları olan istehlakçıları var. Sual bundadır ki, xaricdə bu ixtisasın təhsilini alıb gələn insanlar lokal bazarda nə dərəcədə işlərində effektiv olurlar? Həmvətənlərimiz gedir Marketingin təhsilini xaricdə alırlar. Tamam başqa mühit, Azərbaycana nisbətdə xeyli inkişaf etmiş Marketing sahəsi, fərqli biznes mühiti və sairə bu kimi amillər xaricdə təhsil almış bir həmvətənlimizin lokal bazardakı işinə nə dərəcədə təsir edir? Elə məhz bu suala cavab tapmaq üçün mən yenə də öz facebook hesabımdan istifadə edərək bu sahənin adamlarına, həmkarlarıma belə bir sual ünvanladım: "Marketing təhsilini xaricdə alan insanlar lokal bazarda fəaliyyət göstərərkən çətinliklərlə üzləşirlər mi, əziyyət çəkirlər mi? Lokal bazarın xüsusiyyətlərini anlayıb buna əsasən Marketing fəaliyyətini aparmaqda problemlərlə qarşılaşırlar mı? Məhz buna görə Marketing təhsilini ölkəmizdə yoxsa xaricdə almaq daha məsləhətdır?" Fikirlər bir-birinə yaxın, bəzən fərqli və ən əsası maraqlı oldu, ən önəmlisi isə odur ki, Marketing üzrə ekspertlər fikir bildirdilər. Gəlin, birgə nəzər salaq.

"Marketing nəzəriyyəsi anlayışı yoxdur. Marketing praktikası anlayışı var. Çünki hər bir nəzəriyyə hansısa praktikaya əsasən yaranır. Öyrənilən nəzəriyyənin tətbiqi isə hər kəsin öz öhdəliyinə düşür. Marketing bir müştəri davranışı elmidir. Ümumi öyrənilən lokal davranışa uyğunlaşdırılır, olur Marketing. Marketing bir evdir. Fundamenti (research), 4 divarı (4P), pəncərəsi (environment), qapısı (segment), damı (marketing audit) olan bir evdir. Hamının evi müəyyən qədər eksteryer olaraq çox bənzərdir (marketing nəzəriyyəsini öyrənir). Amma hamının evinin içi fərqli dizayndadır (marketing praktikası, yəni fərqli şəkildə müştəri davranışına uyğun təsbiq). Qaldı ki, xaricdə təhsilə. Bu, tikilən evin (marketing nəzəriyyəsinin) möhkəmliyi ilə bağlıdır. Xaricdə təhsil həm nəzəriyyəni, həm də praktikanı birgə öyrənmək üçün ən gözəl şansdır. Beynəlxalq şəbəkəni inkişaf etdirmək olur, beynəlxalq əlaqələr mümkün olur, sırf təhsilə yönəlmək və daha nələr, nələr..."   (Seymur Quliyev - SOCAR-ın ixracat üzrə marketing eksperti)

"Ölkəmizdəki təhsil sistemi və onun keyfiyyəti göz qabağındadır. Cəhdlər var. Ancaq mənə görə hələ istənilən həddə çatmağımıza çox var. Buna görə də təhsil səviyyəsini nəzərə alıb xaricdə təhsil almağa dəyər. Mənə görə xaricdə təhsil həm şans və həm də fürsətdir. Ona görə ki xaricdə təhsil alındığı müddətdə yerli bazarı, yerli istehlakçıları, yerli şirkətlərin fəaliyyətlərini görmək imkanları vardır. Bunun özü də ayrılıqda bir təcrübədir və həm də uyğun olarsa, öz yerli bazarımızda da tətbiq edib müəyyən nəaliyyətlər əldə etmək olar."   (Famil Alməmmədov - Marketing üzrə ekspert)

"Mənim fikrimcə, ən böyük məktəb yerli bazarda satış mütəxəssisi olaraq işə başlayıb eyni zamanda Marketing üzrə Qafqaz Universitetində təhsil almaqdır."   (İlkin Ağaoğlu - Satış Mütəxəssisi, Marketoloq)

"Bildiyiniz kimi, Marmara Universitetinin "Marketing" bölümündə təhsil alıram. Bu sahəyə görə Türkiyədə ən oturuşmuş universitetlərin başında gəlir. Həm müəllim heyəti, heyətdəki professor sayı ilə və çıxan işlərin keyfiyyətinə göstərilən diqqət ilə. Gələk, lokal və ya qlobal oluşuna, mən qlokalizasiyanı müdafiə edərdim. Kürəsəl düşünüb, lokal davranmağı. Vizyonunuz olmadan heç yerə gedə bilməzsiniz. Heç kəsin doğuşdan hər hansı bir istedadla doğulduğuna inanmıram. Bu yaşanılan və həyatına edilən fərqli dəyişkənlərin təsiri ilə mümkündür. Dolayısıyla Marketingdə kreativlik önəmlidir, amma kreativlikdən ibarət deyil sadəcə Marketinq. Nəticə etibarilə planlı, programlı, disiplinli çalışmaq və bir çox ixtisasın bilgilərini öyrənməkdir. Xaricdə təhsilin müsbət tərəfləri:

1. Fərqli fikirlər, fərqli düşüncələr;
2. Qlokalizasiya üçün zəmin yaranır;
3. Hər bir kəs özünü yaxşı təhsillə daha da irəliyə aparır.

Mən Azərbaycanda TÜDİFAK-da təhsil almışam. Oradakı təhsilin formatı bura uyğundur deyə çətinlik çəkmədən uyğunlaşdım. Amma Azərbaycandakı bir çox təhsil yerlərində verilən Marketinq tədrisində hələ də Marketinqi iqtisad uzantısı olaraq görən yerlər var. Marketinqdən neçə professorumuz var? Elmi məqalələrə çatmaq üçün neçə universitetimiz beynəlxalq databaselərlə anlaşma edib? Neçə universitetin akademik jurnalı var? Bizdə marketoloq "jıvoy satışcıdır". Buna başqa amillər də təsir edir. Ölkədəki monopoliya əsas səbəblərdəndir. Və bəzi marketoloqlar var ki, desən ki, işini bir taksi sürücüsünə başa sal, onu başa sala bilməzlər. Bunlar problemlərdir. Adi Marketinq qruplarında adamlar görürəm ki, işlərini başqalarına dolayı yolla gördürürlər. Burada bir digər problem çıxır: mənəvi yetərsizlik. Bunların fonunda məncə xaricdə təhsilin niyə lazım olduğu kifayət qədər anlaşılır. Bir də onu da əlavə edim ki, düşüncə, fikir inkişafına əlavə olaraq, sadəcə təhsil yox, insanların da özlərini inkişaf etdirmələri, online sertifikatları, tədrisatları izləməli olduqlarını və bütün gündəmə dair yeniliklərə baxmalı olduqlarını düşünürəm. Marketoloq dayanmamalıdır. Dayansa, yarışdan qalacaq. Dayansa, yıxılacaq. Əlbəttə artan sürətlə gələn informasiya yığımının hamısına yetişə bilmərik. Amma bunların mümkün mərtəbə çoxunu izləməlidir."   (Qələndər Məmmədli - Marketoloq)

Əziz oxucular, növbəti yazıda daha yaxşı bir iş ortaya qoymaq və daha faydalı olmaq ümidilə...

Məqalələr barədə irad və məsləhətlərinizi və ya şəxsi təkliflərinizi najmaddin.akhundov@yahoo.com ünvanına yaza bilərsiniz. Öncədən Təşəkkürlər!

0 Şərh:

Şərh Yaz