16.03.2016

Brend və brendinq nədir?

Əziz oxucular, müəyyən bir sahə üzrə inkişaf etməyin ən yaxşı yollarından biri də təlimlərdir. Şükürlər olsun ki, günümüzdə hər sahə üzrə təlimlər var. Stomatologiyadan tutmuş Marketingin bütün sahələrinə kimi hər mövzuda təlimlər olur və təbii ki, mənim də ixtisaslaşdığım sahə Marketing və satış olduğu üçün tez-tez təlimlərə qatılıram. "Brendinq və onun mərhələləri" adlı bir təlimdə iştirak etmişdim. Qərara gəldim ki, öyrəndiklərimi bir bloq yazı şəklində Sizlərlə paylaşım.


Ümumiyyətlə, brend - bir məhsul adı çəkilərkən ağlımıza ilk gələn şeydir. Misal olaraq, sizə telefon, qazlı, spirtsiz içki, sosial şəbəkə, mebel deyiləndə ilk ağlınıza gələn hansı marka olur? Telefon deyiləndə Apple, qazlı, spirtsiz içki deyiləndə Coca-Cola, sosial şəbəkə deyiləndə Facebook, mebel deyiləndə İKEA gəlirsə, demək ki, bunlar sizin üçün brenddir. Ümumiyyətlə, brendin özü də nisbi anlayışdır. Ola bilər ki, sizə telefon deyiləndə Apple yadınıza düşür, lakin bir başqa insana telefon deyiləndə onun yadına Samsung düşür. Coca-Cola sizin üçün brend olsa da, Pepsini  daha üstü tutan insanlar da ola bilər. Brend insanlarda özünə qarşı sevgi, ehtiram və loyallıq yaradır. Yəni biz bir məhsulu seviriksə, ehtiram göstəririksə, ona qarşı loyallığımız varsa və onu hətta digər məhsullarla belə müqayisə etmiriksə, demək ki, o məhsul bizim üçün brenddir.


Təbii ki, dünyada brendlərin yaradılması da, brendinq fəaliyyəti də asan bir iş deyil. Bunun üçün böyük və güclü bir strategiya yazılmalıdır, uzun zaman apara biləcək Marketing tədqiqatları və bazar araşdırmaları edilməlidir. Brendin logosundan, adından tutmuş tanıtımına qədər xüsusilə fikir verilməlidir. Brendin özünün müəyyən bir hədəf kütləsi olmalıdır və onun tanıtımı üçün, həmin hədəf kütləyə çatmaq üçün düzgün  reklam kanallarından istifadə etmək lazımdır. Brendin adı ona uyğun olmalı və müxtəlif dillərdə heç bir pis, heç də xoş təsir bağışlamayan anlam verməməlidir. Bunun üçün əvvəlcədən araşdırmalar aparılmalıdır ki, bu ad digər dillərdə pis anlam verir mi ya yox. Misal olaraq, Arçelik-in "ç" hərfi, "Niva" sözünün mənası və digər bu kimi sözlər brendə imkan vermir ki, o xarici bazara çıxsın. Təbii ki əgər məhsul xarici bazara çıxarılacaqsa, ad məsələsinə görə müəyyən dilçilik araşdırmaları aparılmalıdır. Yox, əgər məhsul ölkə daxilində satılacaqsa, istəyirsiniz "Xonça" qoyun və ya digər bir ad, heç bir ziyanı yoxdur. Amma təbii ki hər şeydən öncə araşdırma mütləqdir.

Növbəti məqalələrdə daha faydalı olmaq ümidilə...


0 Şərh:

Şərh Yaz