4.03.2016

Müştəri tipləri və onların xüsusiyyətləri

Hamımızın da bildiyi kimi, Marketingdə bir neçə müştəri tipi mövcuddur. Biz onları fərqli xüsusiyyətlərinə görə, maraqlarına görə, loyallığına görə tiplərə bölə bilərik. Bu yazıda müştərilərə sırf loyallıq (sadiqlik) nöqteyi-nəzərdən yanaşacağıq və onları 3 tipə ayıracağıq. Onları bir məhsula və ya xidmətə qarşı olan loyallığına görə 3 tipdə birləşdirib xüsusiyyətlərini açıqlayacağıq.


Loyallıq dərəcəsinə görə müştəriləri 3 tipə ayıraq: 1.Sadiq (ayrılmaz) müştərilər; 2.Nisbətən sadiq (seçim edən) müştərilər və 3.Sadiq olmayan istehlakçılar.



İlk növbədə sadiq müştərilər haqqında bir neçə məlumat vermək istəyirəm. Mən belə müştəriləri ayrılmaz müştərilər də adlandırıram. Sadiq müştərilərin çoxluğunu biz daha çox brand məhsullarda görə bilirik. Misal olaraq, Apple telefonlarını göstərmək olar. Dünyadakı brand məhsullardan biridir və xeyli sadiq müştəriləri var. O müştərilər ki, Apple telefonunu almaq üçün aylarla növbələrə yazılırlar və telefonun satışa çıxmasına bir neçə gün qalmışdan artıq çadırlar qururlar telefonu ilk və tez əldə etmək üçün. Belə müştərilər məhz sizin məhsulunuzu seçər və ona bağlanar. Mən belə müştəriləri "gəzən reklam" adlandırıram. Bu insanlar bütün günü sevdikləri məhsullar haqqında danışar və onları öz yaxınlarına reklam edər və hətta sevdirərlər. Bu məqamda belə bir ifadə yadıma düşdü: "Bir sadiq müştəri sizin min dəfə edilən reklamınızdan daha güclü və daha effektivdir." Həqiqətən də düzdür. Ola bilər ki, sizin reklamlarınız effektsiz olsun və ya az effekt versin, lakin bu cür müştərilərin sizin satışınızda həmişə payı olur. Şirkətin gələcəyini, məhsulların davamlılığını istəyir belə müştərilər. Bu cür müştərilər məhz sizin məhsulunuza bağlıdırlar və digər bir variant kimi başqa məhsuldan alıb istifadə etməzlər. Yalnız və yalnız sizin məhsulunuzu istəyərlər. Hətta sizin məhsulunuza görə bir neçə saat mağazaları yorulmadan, bezmədən gəzərlər. Hətta mağazaya daxil olarkən istədikləri marka məhsulu tapmazlarsa, rəqib şirkətin məhsulunu qətiyyən almazlar. Bu cür müştərilərdən hamı istəyər, amma onların məhsula, şirkətə qarşı olan loyallıqları da birdən-birə yaranmır. Bu sadiqliyi şirkətlər yaradar, şirkətlər özlərinə bağlayar öz müştərilərini, ayrılmaz edərlər və tam sadiq olan müştərilər yaradarlar öz məhsulları üçün. Sizin onlara verdiyiniz keyfiyyətli məhsulların sayəsində, onlara qarşı olan gözəl münasibətinizin sayəsində, onlara olan qayğıkeşliyinizin sayəsində müştəriləriniz sizə sadiq olar. Odur ki, hamınıza ayrılmaz müştərilər arzu edirəm və keçid edirəm növbəti müştəri tipinə.



Və gəldik nisbətən sadiq müştərilər və onların xüsusiyyətlərinə. Burada məntiq çox sadədir. Məşədi İbad demişkən, o olmasın, bu olsun. Yəni belə müştərilər sizə və sizin məhsulunuza qarşı nisbətən sadiqdirlər. Sizin məhsullarınızı heç kimə reklam etməzlər, lakin yeri gələndə kiməsə tövsiyyə edərlər. Heç də özlərini dağa-daşa atmazlar sizin məhsullarınızdan ötrü. Mağazaya girdiklərində sizin məhsulunuzu tapmasalar, rəqib şirkətin məhsulunu asanlıqla əldə edərlər. Bu cür müştərilərin yaranmasında sizin də rolunuz ola bilər. Necə? Yəni ola bilər ki, siz müştərinizə öz məhsulunuzla bağlı bir neçə vədlər vermisiniz və o vədləri yerinə yetirməmisiniz və müştəri sizin dediyiniz qədər məhsulunuzda axtardığı keyfiyyəti, rahatlığı, komfortu tapmaz və loyallıq dərəcəsi zəifləyə bilər. Yəni müştəriniz tam sadiq formada ikən birdən-birə nisbətən sadiq müştəriyə çevrilirsə, demək ki, siz nələrisə etməmisiniz və ya səhv etmisiniz.

Gəldik sonuncu sadiq olmayan müştərilərə. Belə müştərilər sadəcə arada bir sizin məhsulunuzu ala bilərlər. Lakin sadiq olmazlar. Belə müştərilərə yönəlik fəaliyyətlər həyata keçirməklə onları da sadiq müştəri kimi qazana bilərsiniz. Əlbəttə ki hər şey sizdən, sizin şirkətinizdən və onun Marketing fəaliyyətindən asılıdır. Sadiqliyinin dərəcəsindən asılı olamayaraq həmişə bol müştərilərinizin olmasını arzu edirəm sizlərə.

Növbəti məqalələrdə daha faydalı olmaq ümidilə...

0 Şərh:

Şərh Yaz