14.02.2016

Rəngarəng Marketing (II hissə)

Əziz oxucular, məqalənin birinci hissəsində rənglərin Marketing üçün nə qədər əhəmiyyətli və diqqət olunması lazım olan bir vasitə olduğundan yazdım. Ümid edirəm ki, sizin üçün maraqlı və faydalı olmuşdur. Məqalənin birinci hissəsini oxumamısınızsa, buradan oxuya bilərsiniz. İndi isə keçək məqalənin ikinci hissəsinə. Bu hissədə mən gündəlik həyatda getdiyimiz mağazalarda, supermarketlərdə, fast food restoranlarında və bu kimi digər yerlərdə rənglərin  insanlar üzərində effektiv olmasından söz açacam. Və bir neçə rəngin də mənasını, insanlar üzərində təsir effektini və hansı şirkətlər tərəfindən istifadə olunduğunu qeyd edəcəm.

Birinci hissədə mən qırmızı rəng haqqında yazmışdım. Ümumiyyətlə, bu rəng məqamında istifadə olunarsa, həqiqətən də yaxşı effekt verər. Araşdırmalara görə, qırmızı rəng insanlarda aclıq hissini yaradır. Elə buna görə də fikir vermisinizsə, bütün fast food restoranlarında qırmızı rəngdən çox istifadə olunur. Siz hətta bu rəngi onların logolarında da görə bilərsiniz. Bu da müştərilərdə yeməklərə qarşı daha çox ehtiyac yaradır və onlar çox pul xərcləməli olurlar.

Rənglərdən  həm də məhsulun qablaşdırılmasında istifadə edirlər. Hər məhsulun qablaşdırılması üçün bir və ya bir neçə rəngdən istifadə oluna bilər. Adi halda gəlin özümüzdən misal çəkək. Elə olub mu ki, məhsula yaxınlaşmışıq, qablaşdırmanın üzərindəki rənglər çox xoşumuza gəlib və onu götürüb səbətimizə qoymuşuq? Ola bilər ki, biz heç bunu hiss etməmişik və ola bilər ki, heç o məhsul bizə ya lazım olmayacaq və ya yaxın zamanda istifadə etməyəcəyik. Hər birimizdə bir dəfə də olsa belə bir hal olubdur, fikrimcə. Və ya bir məhsulu fikrimizdə tuturuq, mağazaya daxil oluruq, həmin məhsuldan bir neçə şirkət təklif edir və bəzən heç keyfiyyətinə də, son istifadə tarixinə də baxmadan rəngi xoşumuza gəldisə, seçimimizi həmin məhsuldan yana edirik.

Gəlin, bir də qırmızı rəngə qayıdaq. Deyəcəksiniz, yenə mi qırmızı? Amma inanın ki, bu rəng həqiqətən də insanlar  üzərində təsiri güclü olan rəngdir. Supermarketlərə daxil olarkən fikriniz sular, meyvə şirələri, soyuq çaylar olan rəflərdə olsun. Hansı rəngdədir? Əksəriyyəti qırmızıdır, elə deyil mi? Bəli, çoxusu qırmızıdır. Niyə? Çünki qırmızı rəng insanlarda həm də susuzluq yaradır. Bəlkə də heç hiss etmirik və biz supermarketə daxil olarkən bütün rənglər bizə təsir edir və biz bu təsirin altında acırıq, susayırıq və nəticədə daha çox alış-veriş edib, daha çox  pul xərcləyirik. Gəlin, sizə bir sirri də açım. Heç vaxt supermarketə, mağazaya ac olan vaxtınızda daxil olmayın. Niyə mi? Çünki bütün bu gözbağlayıcı qablaşdırma rəngləri və əlavə olaraq məhsulların ətri (qəhvə, çay, un və un məmulatları, ət və ət məhsulları və sairə) sizi özünüz istəmədən belə daha çox alış-veriş etməyə sövq edəcəkdir. İndi isə gəlin, növbəti rənglərə və onların xüsusiyyətlərinə və insanlar üzərində verə biləcək effektlərinə birgə nəzər salaq.


1.Tünd göy rəng. Bu rəng insanlarda inamlılıq, sədaqətlilik, sülh, barışıqlıq, uğurluluq, ünsiyyətcillik hissini yaradır. Tumbir və Facebook kimi sosial şəbəkələr logolarında bu rəngdən istifadə edir.

2.Çəhrayı rəng. Bu rəng sevgi rəngidir. Araşdırmalara görə, bu rəng insanlarda sevgi, məhəbbət, isti münasibət, qayğıkeşlik hissini oyadır. Barbie, Victoria`s Secret kimi şirkətlər öz məhsullarında və həmçinin logolarında bu rəngdən istifadə ediblər.

3.Narıncı rəng. Əziz oxucular, bu rəng isə insanlarda optimistlik, pozitivlik, motivasiyalılıq hissini yaradır. Fanta, Master Card, Amazon kimi şirkətlər öz logolarında əks etdiriblər bu rəngi.

4.Sarı rəng. Bu rəng isə insana sərbəstlik, sevinc hissini bəxş edir. Mc Donald`s, Türkcell, İKEA, National Geographic kimi şirkətlər logolarında sarı rəngdən istifadə edirlər.

5.Tünd qırmızı, al rəng. Bu rəng insanlarda orijinallıq, individuallıq, kreativlik kimi hisləri oyadır. Yahoo və Milka kimi şirkətlər öz loqolarında bu rəngdən yararlanıblar.

Əziz oxucular, ümumiyyətlə rənglər çoxdur. İki rəngin, üç rəngin, dörd rəngin qarışığından alınan milyonlarla tonlar və rənglər var. Və bu rənglər dünyanı gözəlliyə boyadığı kimi Marketingi də rəngarəng edir.

Növbəti məqalələrdə daha faydalı olmaq ümidilə...

Məqalələr haqqında olan məsləhətlərinizi və iradlarınızı, eyni zamanda əgər şəxsi təklifləriniz olarsa, bu haqda da najmaddin.akhundov@yahoo.com ünvanına yaza bilərsiniz. Öncədən Təşəkkürlər!

0 Şərh:

Şərh Yaz