Marketinq insanlarla daha çox ünsiyyətdə olan və onları daha çox öyrənən bir sahədir. Yəni marketinqin işi insanlardır, onların ehtiyaclarıdır, tələbatlarıdır və nəhayətdə onların psixologiyasıdır. Marketinq bütünlükdə insanları öyrənərək onların alıcılıq qabiliyyətinə təsir edən vasitələr, yollar, üsullar axtarır. Marketinq hiylələri də bu axtarışların, təhlillərin, analizlərin nəticəsində meydana çıxmış üsullardır. İlk olaraq hər gün alış-veriş etdiyimiz supermarketlərdəki marketinq hiylələri ilə tanış olaq.
Supermarketlərə girərkən ilk olaraq nəyi görürük? Əşya şkafı, elə deyil mi? Siz hansı rənglərdə şkaflar görmüsünüz? Bu şkaflar qəhvəyi rəngdə olsa daha yaxşıdır. Niyə mi? Bəzən bizim əlimizdə elə dəyərli əşyalar olur ki, onları əşya şkaflarına qoymaq istəmirik. Araşdırmalar nəticəsində məlum olub ki, qəhvəyi rəngdə olan əşya şkafları insanlara daha güvənilir, daha təhlükəsiz yer kimi görünür. Bəlkə də heç qəhvəyi rəngdə əşya şkafı görməmisiniz, amma araşdırmalar göstərir ki, qəhvəyi rəng insanda güvənlilik, təhlükəsizlik hissini yaradır.
Bir az irəlidə daha nə görürsünüz? Düz tapdınız, kassalar. Kassaların da yanında məhsullar olur. O məhsullar ki, qiyməti qəpiklə ödənilə bilər. Mən özüm də müşahidə etmişəm ki, bəzi insanlar aldıqları malların qiymətini hesabladırlar, əgər ödəniləcək məbləğdə qəpik varsa, manata tamamlansın deyə kassanın yanındakı bir məhsulu da səbətlərinə qoyurlar. Məsələn, hesab 12.50 azn-dir və siz bir saqqız da alırsınız ki, tamamlanıb 13 azn olsun. Bu həqiqətən psixoloji məsələdir, amma hər insanda da belə olmur. Lakin belə edənlər də çoxdur. Misal olaraq, mən özüm.
Kassadan sonra biz rəflər görürük. Hər biri də bizim boyumuzdan hündür deyil. İstədiyimizi asanlıqla götürə bilirik. Hətta uşaqlara aid olan məhsullar rəfin ən altında yerləşdirilir. Bu da hiylədir təbii ki. Təsəvvür edin ki, marketə uşaqla daxil olmusunuz, əlini atır və ürəyi nə istəyirsə götürür, axı öz boyunu aşmır məhsulların olduğu yer. Götürdü və səbətə atdı şirniyyatları, oyuncaqları. Yox deyə biləcəksiniz mi? Məncə, deyə bilməyəcəksiniz. İnsanlar öz boy həddindən yuxarıda olan məhsulları almazlar, çünki narahat edər bu vəziyyət onları. Ona görə marketlərdə rəflər bizim boy ölçümüzdən hündür olmur.
Sizə də elə gəlmir mi ki, ən lazımlı məhsulları mağazanın ən axrında yerləşdirirlər? Çörək, süd, qarabaşaq, duz, şəkər tozu və sairə. Tərslikdən də mağazaya giriş sağ tərəfdəndir, ən lazımlı məhsullar da sol tərəfdən ən axırda yerləşdirilir. Bu ona görə belə edilir ki, biz mağazaya daxil olaq və axıra kimi gedərək hətta lazım olmayan, almağı düşünmədiyimiz məhsullara da baxaq. Bəlkə elə fikrimizdən qaçan nəsə var?
Hansı supermarketə giririksə musiqi səsi eşidirik. Həm də yavaş və sakinləşdirici musiqilər. Bizim addımlarımızı yavaşlandırmaq və mağazada daha uzun müddət qalaraq daha çox məhsullara baxıb, daha çox alış-veriş etməyimiz üçün səsləndirilir belə musiqilər. Bəzi mağazalarda çox sürətli və dinamik mahnılar səsləndirilir, amma fikrimcə, bu səhvdir.
Mağazaya daxil olan kimi çay, kofe, un və un məmulatları, ət və ət məhsulları və sairə bu kimi məhsulların qoxusu bizi valeh edir və biz də dayana bilməyib həmin məhsullardan alırıq. Hələ ac vaxtımızda mağazaya girdiksə bu alış-veriş daha çox həcmli olur. Elə ona görə məsləhət görülür ki, supermarketlərə ac vaxtınızda girməyəsiniz.
Səbətlər və arabalar... İçinə nə desəniz yerləşər.. Hələ arabalarında uşaqlarını daşıyan müştərilər də var. Yəni o qədər həcmi böyükdür. Bəs bu nə üçündür? Bizim rahatlığımız üçün? Mən nədənsə heç inanmadım. Təbii ki daha çox alış-veriş etmək üçün. Bir neçə məhsulu arabaya qoyduqdan sonra boş qalan hissə bizdə diskomfort hiss yaradır. Sanki bunu doldurmasaq lap pis olacağıq. Hətta elə insanlar var ki, əlindəki 4-5 məhsulu utanır arabaya qoymaqdan. Sizdə də elədir? Bu da bir hiylədir.
Mağazalarda döşəmə sürüşkən olur adətən. Siz də hiss etmisiniz? Bəs səbəbi nədir? Biz araba ilə olarkən arabanın təkərləri sürüşkən döşəməyə dəyərək səs çıxarır və bizə elə gəlir ki, biz sürətli hərəkət edirik. Bundan narahat oluruq, sürətimizi yavaşladırıq, gözümüz daha çox məhsulu görür, əlimiz daha çox məhsulu götürür. Bu da sizə düşünülmüş hiylə..
Əziz oxucular, marketinq hiylələri haqqında məqalənin ilk hissəsini Sizlərlə paylaşdım. İkinci hissədə biz supermarketlərdə və bir neçə mağazalarda olacağıq. Bəs gedəcəyimiz yerlərdə bizi hansı marketinq hiylələri gözləyir? Bu sualın cavabı məqalənin ikinci - sonuncu hissəsində olacaq.
Növbəti dəfə daha faydalı olmaq ümidilə...
Məqalənin ikinci hissəsinə buradan keçid edə bilərsiniz.
Əziz oxucular, məqalələr barədə irad və məsləhətləriniz və özəl təklifləriniz olarsa, najmaddin.akhundov@yahoo.com ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz. Öncədən Təşəkkürlər!
0 Şərh:
Şərh Yaz