12.02.2016

Rəngarəng Marketing (I hissə)

Əziz oxucular, mən insan psixologiyasını dərin bir quyuya bənzədirəm. Burada insanın yaşadıqları, istəkləri, ehtiyacları, düşüncələri yerləşir. Şirkətlər və marketoloqlar üçün bu istəkləri və ehtiyacları öyrənib ortaya çıxarmaq çox önəmlidir. Çünki bunun köməkliyi ilə insanlara nəyi, necə və hansı yollarla satmağın üsullarını öyrənirlər. Əvvəlki məqalələrimin birində də qeyd etdiyim kimi, Marketing məhsulların deyil, düşüncələrin savaşıdır. İnsanlara məhsul və ya xidmət satmaq üçün ilk növbədə onların düşüncələrinə daxil olmaq lazımdır. Onların nəyə, necə bir məhsula və ya hansı rəngdə ehtiyacı olduğunu bilmək vacibdir. İnsanlar geyindikləri paltarlardan  tutmuş, evdə, iş yerində və bütünlükdə hər yerdə istifadə etdikləri əşyalara qədər hər şeyin rənginə xüsusilə fikir verirlər. Bu cür davranış tərzi daha çox qadınlarda hiss  olunur. Onlar rənglərə qarşı daha həssasdırlar.

Araşdırmalar nəticəsində məlum olub ki, rənglərin insanların davranışlarına, alıcılıq qabiliyyətlərinə, onların hislərinə, duyğularına olan təsiri çox böyükdür. Hər bir rəng insanlara bir duyğunu, bir hissi yaşadır. Elə buna görə də məhsulları istehsal edərkən qablaşdırmanın rəngindən tutmuş şirkətlərin logolarının rənglərinə qədər fikir vermək çox önəmlidir. Dediklərimi daha yaxşı izah etmək üçün mən rəngləri, onların insanda yaşatdığı hisləri və ya yaratdığı duyğuları və həmin rənglərə uyğun logolara sahib olan şirkətlərin adlarını açıqlamağa çalışacam.


1. Ağ rəng. Bu rəng insana saflıq, təmizlik duyğusunu yaşadır. Supermarketlərdə ət və ət məhsulları satılan şöbənin divarının rəngi xüsusilə ağ rəngdə olmalıdır. Divarın ağ rəngdə olması alıcılara ət və ət məhsullarının təmizliyini, təzəliyini qəbul etdirmək üçün edilmiş marketing hiylələrindən biridir.

2. Qara rəng. Bu rəng insanda varlılıq, rəhbərlik, hakimiyyətlilik, güclülük, cəsarətlilik hissini yaşadır. Elə buna görə zəngin, rəhbər insanlar avtomobil alarkən qara rəngli avtomobillərə daha çox üstünlük verirlər.

3. Qırmızı rəng. Bu rəng insana aktivlik, dinamiklik, enerjililik hissini yaşadır. Kellogg's, Coca Cola, Red Bull kimi şirkətlərin logolarında qırmızı rəngdən istifadə olunub, səbəbini isə yəqin ki anladınız.

4. Yaşıl rəng. Bu rəng insana təhlükəsizlik, inkişafda olmaq, təbiilik, sağlamlıq kimi hisləri  bağışlayır. BP, Lacoste, Tic-Tac, Holiday İnn kimi şirkətlər öz logolarında bu rəngdən yararlanıblar.

5. Mavi rəng. Bu rəngin qətiyyətlilik, yenilikçilik, şöhrətlilik kimi mənaları vardır. Skype, Twitter, İntel kimi şirkətlər mavi rəngdən öz logolarında istifadə ediblər.

Əziz oxucular, yazının ilk hissəsində rənglərin Marketingdə necə əhəmiyyətli bir rola malik olduğunu, bir neçə rəngin anlamını və bu rənglərin hansı şirkətlərin logolarında əks olunduğunu az da olsa çatdırmağa çalışdım. Yazının ikinci hissəsində isə sizlərə araşdırmalarımın nəticəsində ortaya çıxan maraqlı faktları və digər rənglərin hansı mənalara, xüsusiyyətlərə malik olduğunu və hansı dünyaca məşhur şirkətlərin logolarında yer aldığını göstərməyə çalışacam. Məqalənin ikinci hissəsinə buradan keçid edə bilərsiniz.

Növbəti məqalədə daha çox faydalı olmaq ümidi ilə...

0 Şərh:

Şərh Yaz