7.02.2016

Sosial şəbəkələrin əhəmiyyəti. Azərbaycanda SMM sahəsinin və şirkətlərinin vəziyyəti

Əziz oxucular, müasir dövrdə artıq sosial şəbəkələr həyatımızın bir hissəsi olubdur. Hətta hansısa məhsulu və ya xidməti almamışdan əvvəl ilk öncə sosial şəbəkələr üzərindən məlumatlar əldə edirik, daha sonra əgər bəyənəriksə, almağa qərar veririk. Sosial şəbəkələr insanlara ünsiyyətdə olmaq, əlaqə qurmaq imkanı verir. Bununla bərabər biznes mühiti üçün yeni imkanlar yaradır. Bu gün facebook-da demək olar ki, hər kəs var. Bu da bizneslər üçün yeni və artmaqda olan imkanlar deməkdir. Bəs şirkətlər sosial şəbəkələrdən necə istifadə edirlər? Sosial şəbəkələrdə insanların bütün günü fəaliyyətdə olmağı şirkətlərə böyük imkanlar qazandırır. Onlar təklif etdiyi məhsul və ya xidmətlərini sosial şəbəkələr vasitəsilə öz müştərilərinə reklam edə bilirlər. Amma ilk öncə yenə də tam dəqiqliklə şirkətin hədəf kütləsi bəlli olmalıdır. Bu yerdə məşhur bir marketoloqun ifadəsi yadıma düşdü: "HƏDƏF KÜTLƏSİNİ TAM DƏQİQLİKLƏ BƏLLİ ETMİŞ ŞİRKƏT UĞURLU ŞİRKƏTDİR". Hədəf kütlə dəqiqləşəndən sonra artıq növbəti mərhələ onların harada olduğunu bilməkdir. Daha doğrusu, hansı sosial şəbəkələrdə olduğunu bilməkdir. Nəzərə alsaq ki, bu gün dünyanın böyük bir hissəsi sosial şəbəkələrə daxil olur, elə buna görə də müştərilərin hansı sosial şəbəkələrdə daha çox olduğunu bilmək mütləq şərtdir. Bu da işin effektivliyini təmin edəcək bir hissədir. Fərz edək ki, bizim müştərilərimizin əksəriyyəti gənclərdir və daha çox facebook-da aktivdirlər. Artıq şirkət olaraq biz facebook-da fəaliyyətə başlamalıyıq və çalışmalıyıq ki, buradan daha çox müştərimizə xidmət edə bilək, öz reklamlarımızı yerləşdirək və çalışaq ki, facebook-dan şirkətə daha çox müştəri cəlb edə bilək. Sosial şəbəkələrdəki aktivliyimiz bizim xidmətimizə də yansımalıdır. Belə ki, müştərimiz şirkətin facebook səhifəsində çox yaxşı auranın olduğunu görə bilər, bizim nə dərəcədə yaxşı təşkilatçılıq qabiliyyətimizin olduğunu və hətta təqdim etdiyimiz məhsul və ya xidmətin keyfiyyətini də hiss edə bilər, lakin ona təqdim edilən məhsul və ya xidmətdən yararlandıqdan sonra gözlədiyi, istədiyi effekti ala bilməzsə, bax, artıq bu, heç də yaxşı bir hal olmaz. Belə bir ifadə var: "MƏMNUN MÜŞTƏRİ ÖZ MƏMNUNLUĞUNU 5 İNSANA DEYİRSƏ, MƏMNUN OLMAYAN MÜŞTƏRİ NARAZILIĞINI 50 İNSANA BİLDİRİR". Biznesmen Warren Buffet isə belə deyir: "Etibar yaratmaq 20 il, məhv etmək isə 5 dəqiqənizi ala bilər, əgər bunu düşünsəniz etdiklərinizi tam fərqli etməyə başlayacaqsınız." Bəli, tam fərqli fəaliyyət, tam fərqli xidmət təqdim etməliyik müştərilərimizə ki, elə bu da uğur qazanmağın əsas amilidir.


Bu yaxınlarda diqqətimi bir mövzu çəkdi. Bu mövzu da apardığım müşahidələr əsasında yarandı. Görəsən bizim ölkədə şirkətlərə SMM xidməti təklif edən şirkətlərin özləri sosial şəbəkələrdə necə təmsil olunurlar? Onlar öz işlərinin keyfiyyətini və professionallıqlarını öz səhifələrində göstərə bilirlər mi? Açığını deyim ki, vəziyyət elə də yaxşı deyil. Başqa sözlə, başqalarının dərdinə dərman olan şirkətlərin öz facebook səhifələri diqqətdən kənarda qalıb. Mən belə başa düşürəm ki, şirkətlərimizə SMM xidmətləri təklif edən şirkətlərin sifarişləri o qədərdir ki, səhifələrinə ayıracaqları zamanları yoxdur. Bəs SMM mütəxəssisləri nə fikirdədir? Elə bu suala cavab tapmaq üçün öz facebook profilimdə SMM-çi həmkarlarıma belə bir sual ünvanladım: " Nə üçün SMM şirkətlərinin facebook səhifələri aktiv deyil, paylaşımlar az və dəxlisiz olur, səhifənin ümumi bəyənisi və paylaşımların bəyənisi çox az olur, nə üçün təkrar paylaşımlara yol verilir və nə üçün ən adi səhifə idarəsi qaydalarına əməl olunmur, userlər tərəfindən share olmur, rəylər gəlmir? Öz səhifələrində effektivlik göstərə bilməyən SMM şirkətlərinin xidmətindən istifadə etmək olar mı və ya siz istifadə edərdiniz mi? " Gəlin, cavablara birlikdə nəzər salaq.

Şəfəq Mürsəlli: " Maraqlı paradoksdur əslində. Təəssüf ki, SMM-də də digər xidmət sferalarında olduğu kimi sadəcə ad var, xidmət isə çox zəif ya da heç yoxdur. Ümid edirəm ki, feedback-ları dəyərləndirərlər. "

Fərhad Ələkbərov (SMM mütəxəssisi): " Ümumiyyətlə tələb-təklif məsələsi var. Mən 2011-ci ildən SMM ilə məşğul oluram (rəsmi şəkildə, korporativ səhifələrin idarəsi). O vaxtlar ölkədə maksimum 10-20 şirkətin SM üzərindən marketinq strategiyası var idi. Bu gün Azərbaycanda 1.7 mln. istifadəçi var və Binə TM-də ayaqqabı satan biznesmenlər də Facebook/İnstagram səhifəsi açır. Çünki adamlar indi Binəyə, Sədərəyə boş-boşuna getmir. SM-da görüb gedir. Yəni SM-da olmağa tələb var. Ümumiyyətlə SMM agentliyi B2B şirkətdir. Müştərilər şirkətlərin PR və Marketing mütəxəssisləri yaxud biznes sahibləridir. Onlar isə agentliyi öz səhifələrini necə apardığına görə deyil, uğurlu keyslər və mövcud müştərilərin olub-olmamasına görə seçir. Əslində korporativ bloq və SM-da daim məsləhət verici postlar, görülmüş işlər, yeni komanda üzvləri, uğurlu keyslər, trendlər və sairə olmalıdır. Sadəcə Azərbaycanda işləyən 95%-dən çox Marketinq və PR üzrə ixtisaslaşmış və bu sahədə işləyən adamlar təəssüf ki, nə bloq, nə də səhifədə olan maraqlı məlumatları oxumurlar. Bir ölkədə ki kitab oxuma səviyyəsi 2-3%-dir, o ölkədən super yazarlar gözləməyin. Məsələn bizim müştərilər elə şirkətlər və şəxslərdir ki, heç onların səhifəsini idarə etdiyimizi yazmağa belə qoymurlar. "

Müşfiq Şirəliyev (SMM mütəxəssisi): " Əslində cavab çox sadədir. Agentliklərin rəsmi səhifələrinin auditoriyası B2B sektoruna yönəldiyindən "engagement" və ya "post reach" targetinqə görə normaldan aşağı olur. Sizin qeyd etdiyiniz bir çox əskikliklər isə qeyri-peşəkar agentliklərə aiddir. "

Tərlan Ələkbərov (SMM mütəxəssisi): " Ümumiyyətlə Azərbaycanda SMM ilə məşğul olan insan haqqında düşünülən budur ki, mütləq SM-da aktiv olmalıdır. Əlaqəsi yoxdur. "

Tamerlan İsmayılov (SMM mütəxəssisi): " Mən sizinlə tam razıyam və bəzən elə müştərilər olur ki, bundan şikayətlənir, deyir ki, mən seçmək istəyirəm və bazarda heç kimi tanımıram, ilk ağlıma gələn şirkətləri tapıb onların öz səhifələrinə baxmaqdır, amma görəndə ki, o, öz səhifəsinə qeyri-ciddi yanaşır, mən də onu ciddiyə ala bilmirəm ki, demək o, özü facebook-un (və ya digər şəbəkələrin) gücünü dərk etməyib. Düzgün iraddır, bizlər çalışmalıyıq öz səhifələrimizi diqqətdən kənarda qoymayaq. Bizim iş elədir ki, müştərinin haradan gələcəyi bəlli olmur. Yəni buna zaman ayırmağa da dəyər. Biz dəfələrlə səhifəmizdəki hansısa paylaşıma görə iş almışıq. "

Belə, əziz oxucular, bu yazıda biz SM-ın əhəmiyyətindən, şirkətlər üçün yaratdıqları imkanlardan danışdıq və birlikdə bir neçə SMM mütəxəssisinin SMM şirkətlərinin və onların SM səhifələrinin vəziyyəti haqqında fikirləri ilə tanış olduq. Bir növbəti məqalədə daha faydalı olmaq ümidilə..

Məqalə barədə irad və məsləhətlərinizi və ya şəxsi təklifləriniz olarsa, bunların hər biri barədə najmaddin.akhundov@yahoo.com ünvanına yaza bilərsiniz. Öncədən Təşəkkürlər!

0 Şərh:

Şərh Yaz