27.02.2016

"Özüm" adlı şirkətin brendinq fəaliyyəti

Əziz oxucular, növbəti məqalə şəxsi brendinq haqqındadır. Son dövrlər həqiqətən də insanların xüsusilə maraqlandığı bir mövzudur. Hətta bu mövzuda neçə-neçə təlimlər və seminarlar keçirilir. İnsanlar, xüsusilə iş adamları bu mövzuya ciddi şəkildə yanaşırlar. Yəqin ki hamımız istəyərik ki, brend olaq, fərqlənək və tanınmış olaq eynilə həyatımızın bir parçası olan brend məhsullar kimi. Bu, çox gözəl hisdir. Bizim brend olmağımız ömür boyu bizim həyat tərzimizə və xüsusiyyətlərimizə təsir edəcəyi məlum məsələdir. Amma bu mümkündür mü? İnsanlar necə brend olur? Hansısa bir şirkətin deyil də, sırf özümüzün brendinqini necə apara bilərik? Bu kimi suallar hər birimizə maraqlıdır inanıram ki.


Əvvəllər biz adətən düşünürdük ki, brend insanlar yalnız müğənnilər və digər səhnə adamları ola bilər. Çünki onları hər bir kəs tanıyır. Lakin günümüzdə bu, belə deyil. Hal-hazırda nəinki səhnə adamlarının, hətta həkimlərin, müəllimlərin, biznesmenlərin, marketerlərin, ümumilikdə iş dünyasına daxil olan bütün insanların şəxsi brendinqə ehtiyacı var. Brend olmaq seçilmək deməkdir, fərqlənmək deməkdir, necə ki, biz supermarketlərə daxil olanda brend məhsulları dərhal seçirik və onları digər məhsullarla müqayisə belə etmirik. Şəxs olaraq brend olmaq da bunun kimidir. Brend müəllim, brend biznesmen, brend marketer və sairə.. Şəxs olaraq bir brend olmaq eyni zamanda üstünlükdür. Baş vurduğunuz istənilən işdə seçilmə ehtimalınız 95%-in üzərində olur. Müsahibələrdə, danışıqlarda, iş görüşmələrində və sairə bu kimi situasiyalarda daha çox şanslı olan siz olursunuz. Bir çox məsələlərdə iş sizin leyhinizə həll olunur. Bununla bərabər bir brend şəxsin şəkildən də gördüyünüz kimi dəyərləri olur. O dəyərlər ki, onları qətiyyən heçə saya bilməz, o dəyərlərə zərər gətirə bilməz. Cəmiyyətdəki missiyanız və gələcək dövrə əsaslanan vizyonunuz olmalıdır eyni zamanda. Bütün bunları vurğulamaqla bərabər onu da bildirmək istərdim ki, necə ki bir məhsulu brend etmək çətindir, illərin əziyyəti tələb olunur bu işdə, şəxs olaraq brend olmaq da eynilə illərin əziyyətini və zəhmətkeşlik tələb edir.

Şəxsi brendinq haqqında maraqlı ifadələr var. Onlardan ikisinə gəlin, birgə nəzər salaq:

"Siz özünüz özünüzə görə necə bir insansınız və digər insanlar sizi necə bir insan kimi tanıyır.. Burada ortaq fikirlər sizin şəxsi brendinqinizi formalaşdırır."

"Şəxsi brendinq siz mühiti tərk edəndən sonra sizin haqqınızda danışılan söhbətlər və deyilən fikirlərdir."

İnternetin bütünlükdə həyatımıza daxil olması ilə şəxsi brendinq mövzusu da iki yerə şaxələnir: adi həyatda şəxsi brendinq və virtual həyatda şəxsi brendinq. Bu iki anlayış haqqında son olaraq fikirlərim belədir: "Sizin sosial şəbəkələrdə insanlarla yazışma tərziniz, insanlarla qurduğunuz ünsiyyət, görüşərkən sərgilədiyiniz mədəniyyət, sizin danışıq tərziniz, əyləşməyiniz, qalxmağınız, sizin bədən diliniz, insanların sizə qarşı olan inamı, hörməti, səmimiyyəti və daha bir çox bu kimi amillər sizin cəmiyyətdəki rolunuzu, statusunuzu və cəmiyyətin sizə qarşı olan münasibətini bəlli edir. Ola bilər ki, sizin savadınız olsun, lakin cəmiyyət arasında göstərdiyiniz bu və ya digər mədəniyyət formaları sizə cəmiyyət arasında bir şəxsiyyət kimi yanaşılmasının qarşısını ala bilər. Amma onu da qeyd etmək istəyirəm ki, insan var ki, cəmiyyət arasında bəzi insanlara qiyabi olaraq (misal olaraq, sosial şəbəkələrdən) tanış olsa da özünə qarşı çox böyük hörmət və münasibət qazanıb. Əsl şəxsi brendinq mənim fikrimcə, budur."

Növbəti məqalədə daha faydalı olmaq ümidilə...

Hörmətli oxucular, bu və ya digər oxuduğunuz məqalələr haqqında irad və məsləhətləriniz və ya şəxsi təklifləriniz olarsa, sosial şəbəkələr və najmaddin.akhundov@yahoo.com elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz. Öncədən təşəkkürlər!

0 Şərh:

Şərh Yaz