20.02.2016

Marketinq hiylələri (II hissə)

Əziz oxucular, məqalənin ilk hissəsində Sizlərlə supermarketlərdə olan və insanların daha çox alış-veriş etməsi üçün düşünülmüş şəkildə qurulan bir sıra hiylələrə nəzər saldıq. Oxumayanlar buradan keçid edə bilər. Mən deyə bilmərəm ki, siz bu hiylələri bildikdən sonra daha da ayıq olacaqsınız  ya yox, amma mənə elə gəlir ki, bunları da bilmək əlavə bir dünya görüşüdür.

Məqalənin ikinci hissəsində biz bir daha supermarketdə olacağıq və yeni bir məkan kimi geyim mağazalarına gedəcəyik.

Biz hər gün gündəlik ərzaqlarla yanaşı həm də meyvə-tərəvəz alırıq qidalanmamız üçün və hamımız da çox yaxşı bilirik ki, meyvə-tərəvəzlər vitamin deposudur. Əgər sizə bir əlifba vitamin lazım olsa onları həblərdə yox, meyvə-tərəvəzlərdə axtarmağınız daha məsləhətlidir. Lakin meyvə-tərəvəz də alarkən diqqətli olmalıyıq. Düzdür, meyvə-tərəvəzlərin üzərində ərzaqlar kimi son istehlak tarixi yazılmır, amma biz bir sıra bilgilərə malik olmaqla yeni meyvə-tərəvəzləri nisbətən köhnələrindən asanlıqla ayırd edə bilərik. Nəinki meyvə-tərəvəz mağazalarında, hətta supermarketlərdə də biz artıq istədiyimiz meyvəni, tərəvəzi tapa bilirik. Yəni supermarket deyir ki, evinə nə lazımdırsa, gəl, al və bir də zamanını meyvə-tərəvəz mağazası axtarmaqla keçirmə. Amma mən deyirəm ki, meyvə-tərəvəzləri elə meyvə-tərəvəz mağazalarından alsanız daha yaxşı olar. Niyə mi? Biz supermarketlərdə hər zaman təzə, təmiz meyvə-tərəvəz tapmaya bilərik. İndi deyəcəksiniz ki, axı bizim supermarketdə hər zaman təzə meyvə-tərəvəz olur, özü də necə, almaya, armuda baxırsan, o da çevrilib sənə gülümsəyir, meyvə deyil e, elə bil brilliantdır, almazdır parıldayır qadasını aldığım. Düzdür, mən də yaxınlıqdakı supermarketə girəndə hər dəfə bibərlər 3-4 rəngdə sıraya düzülüb məni gözləyirlər, amma onlar nə qədər parıldasalar da mən onları almıram. Çünki supermarketlərdə olan meyvə-tərəvəzləri təzə imiş kimi saxlamaq üçün, köhnəliyini biruzə verməməkdən ötrü onlara xüsusi maye (su da ola bilər) səpilir. O maye ki, onları təmiz, təzə, parlaq saxlayır. Ona görə də həqiqi təzə meyvə-tərəvəzi seçmək çətin olur. Buna görə də supermarketlərdən meyvə-tərəvəz almağı çox da məsləhət görmürlər.


Supermarketlərdə hiylələr çoxdur, saymaqla bitməz. Ona görə də supermarketdən çıxıb gedirik qadın geyimləri satılan mağazalara. Hə, bax, bu məqama xanım oxucular xüsusilə diqqət yetirməlidirlər. Fikrimcə, dünyanın ən gözəl xanımları Azərbaycandadır. İstər əxlaqı ilə olsun, istər xarici görünüşü ilə olsun, istərsə də daxili gözəlliyi ilə bizim xanımlar fikrimcə, birinci yerdədirlər. Təbii ki onlar da xarici gözəlliklərini saxlamaq üçün özlərinə yaraşan əlbisələri, ayaqqabıları alıb geyinirlər. Xanımlar nə qədər də desələr ki, biz qarşı cinsə xoş görsənməkdən ötəri geyinirik, amma bu da bir həqiqətdir ki, heç bir xanım istəməz ki, bir məkana gedəndə ondan gözəl ikinci bir xanım olsun. Hətta elələri var ki, eyni rəngdə paltar və ya ayaqqabı geyinən digər bir xanımı gördükdə bir az da olsa qıcıqlanırlar. Hə, axı biz geyim mağazasında idik. Xanımlar, paltar, ayaqqabı satan mağazalarda çox mu güzgü olur? Bəlkə də "çox da olmur" deyəcəksiniz, amma... Hə, bunun əmması var.. Demək, təsəvvür edin ki, bir xanım daxil olur geyim mağazasına. Ərazi nisbətən böyükdür, 4-5 ədəd güzgünü də qoyublar mağazanın daxilində müxtəlif yerlərə. Xanım daxil olur içəri və özünə söz verir ki, sadəcə baxacaq, alış-veriş etməyəcək. Deyir, sən saydığını say, gör marketinq nə sayır. Xanım bir az gəzir, bir güzgünün yanından keçir, deyir ki, nəsə elə bil əynimdəki paltar köhnəlib, yenisini almalıyam, ikincinin də yanından keçir, deyir ki, elə bil nəsə kökəlmişəm, mən mütləq əynimə rahat bir paltar almalıyam, üçüncünün də yanından keçir, deyir ki, elə bil bu paltarın rəngi solub axı, yox-yox, mən mütləq buradan bir paltar almalıyam, hə, o ki, gəlir çatır növbəti güzgünün yanına artıq bu məqamda "başına hava gəlir", axı bayaqdan özü-özünə bəhanələr gətirirdi paltar almaq üçün. Və beləliklə, özü-özünə əsaslandırdığı bəhanələri əsas gətirərək bir paltar alır və bununla da rahatlıq tapır. Bu da sizə marketinq hiyləsi..

Son olaraq, sizlərlə  avtobusda iki xanımın sözlərinə qulaq misafiri olduğum və eşitdiyim dialoqu paylaşıram.

A- Nə qəşəng paltardır, təzə almısan?
B- Hə, ay qız, çox sağ ol.
A- Bəs deyirdin əlimdə pul yoxdur, maaş alana qədər özümü saxlayacam.
B- Vallah saxlaya bilmədim. O gün əlimdə 30 AZN pul vardı, bir paltarı gördüm, bəyəndim, mağazaya daxil olub aldım. Sonra da qaldım küçənin ortasında.
A- Aaa... Küçənin ortasında niyə?
B- Ay qız, sənə deyirəm axı, üstümdə cəmi 30 AZN pul vardı. Hamısını verdim paltara. İnan ki, qabağıma bir qohum çıxmasaydı qalmışdım oradaca, heç evə də gedib çıxa bilməyəcəkdim.

Bəli, əziz oxucular, təsəvvür edə bildiniz mi? Çox dəhşətli bir şeydir. İndi siz təsəvvür edin ki, o insanın qabağına qohumu çıxmasaydı qalmışdı eləcə mağazanın qabağında pulsuz-parasız. Sizə onu da deyim ki, marketinq hiylələri qadınların üzərində daha effektivdir, nəinki bəylərin. Bu dialoq da bir nümunə oldu.

Növbəti bir məqalədə görüşmək ümidi ilə...

0 Şərh:

Şərh Yaz