18.01.2016

Nədir reklam?

Reklam - latın sözü olub, insanlara bir məhsulu və ya xidməti tanıdan, onlar haqqında məlumat verən, istehlakçılara təsir etməklə reklam edilən məhsulun və ya xidmətin satışını artıran, müştərinin alıcılıq qabiliyyətini stimullaşdıran, məhsul haqqında məlumatları özündə birləşdirərək reklam edilən məhsul və ya xidmətə qarşı maraq yaradan, təsiredicilik xüsusiyyətinə malik olan bir marketing alətidir.

Reklamın inkişafı qərb ölkələrində, ABŞ-da daha çox olmuşdur. Amerikada həqiqətən də təsiredici, kreativ və yüksək maliyyətli reklamlar çəkilir. Amerikada reklam mütəxəssisləri də çoxdur və onlar öz işlərində professionaldırlar. ABŞ ilə yanaşı qonşu ölkə olan Türkiyədə də həddən artıq maraqlı, kreativ reklam çarxları çəkilir. Sevindirici haldır ki, ölkəmizdə də maraqlı,kreativ reklamlar çəkən reklam agentlikləri var.

Filip Kotler "Marketingin atası" adlandırıldığı kimi, David Ogilvy də "Reklamın atası" kimi tanınır. David Ogilvy 1911-ci ilin 23 iyununda anadan olmuş və 1999-cu ilin 21 iyulunda 88 yaşında vəfat etmişdir. Karyerasına satışla başlayan Ogilvy daha sonralar yaşadığı müddətcə bir neçə reklam agentliklərində reklam müdürü kimi çalışmışdır.


Reklam məhsul və ya xidmət haqqında insanlara məlumatlar verdiyinə görə daha kreativ, təsiredici və cəlbedici olması üçün daha çox maliyyə vəsaiti ayrılmalıdır. Reklamın keyfiyyəti, onun cəlbediciliyi ona çəkilən vəsaitlərlə düz mütənasibdir desək, yalnış olmaz. Yəni şirkət rəhbərləri reklama nə qədər vəsait ayırsalar, ona mütənasib olaraq müəyyən keyfiyyətdə reklam əldə etmiş olacaqlar. Elə buna görə də şirkətlərin Marketingə ayırdığı vəsaitlərin çox böyük hissəsi reklamlara yatırılır. Amerikada, Türkiyədə və bir çox ölkələrdə şirkətlər reklamlarına milyonlarla vəsait xərcləyirlər. Təbii ki bunun da qarşılığında çox keyfiyyətli reklamlar alırlar. Azərbaycanda şirkət rəhbərləri marketingə nə qədər az vəsait ayırmağa çalışsalar da (xüsusilə böhran vaxtlarında) buna baxmayaraq reklamlarına həddən artıq vəsait xərcləyən şirkətlər də var.

Reklam dedikdə, çoxlarımızın fikrində Tv reklamları canlansa da bir çox reklam növləri vardır. Misal olaraq, küçə reklamını (bilboardlar), internet reklamını, qəzet, jurnal reklamını, radio reklamını və sairə bir çox reklam növlərinin adını çəkə bilərik. Bəs sizcə bu qədər reklam növləri nəyə lazımdır? Şirkətlərə TV reklamları bəs etmir mi? Əlbəttə ki, xeyr. Bazardakı hər bir şirkətin öz hədəf kütləsi var.Və hər bir hədəf kütləsinin də öz maraq dairəsi var. Kimisi TV izləyir, kimisi radio dinləyir, kimisinin də maraq dairəsi jurnallara və qəzetlərədir. Hədəf kütlələrinə tanınmaq, reklam olunmaq üçün də şirkətlər bu kimi reklam növlərində istifadə edirlər. Məsələn, evdar xanımlar daha çox evdə vaxt keçirdikləri üçün TV-ə daha çox baxırlar. Evdar xanımları hədəf kütləsi kimi seçən şirkətlər öz məhsullarını tanıtmaq üçün TV reklamlarını üstün tuturlar. Misal üçün, əgər fikir vermisinizsə, maşın avadanlıqları,hissələri satan,təmir edən şirkətlər reklamlarını daha çox radiolarda səsləndirirlər. Çünki onların hədəf kütləsi (sürücülər) daha çox radio dinləyir. Buna görə də şirkətlər hədəf kütlələrini qərarlaşdırdıqdan sonra daha effektiv reklam növlərindən yararlanmalıdırlar.

Növbəti yazılarımda daha faydalı olmaq ümidilə...

0 Şərh:

Şərh Yaz