İstəyir ölkədə devalvasiya olsun, istəyirsə də inflyasiya, hər bir halda, 2016-cı ildə biznesin bütün sahələrində müştərilərin dəyəri daha da artacaq və sahibkarlar müştərilərinin qədrini daha da çox bilməyə başlayacaqlar. Belə olduğu halda marketingdə çox önəmli bir mövzu olan "müştəri məmnuniyyəti" anlayışı daha da qabarıq şəkildə önə çıxır.
Danılmaz bir faktdır ki, müştərilər hər bir biznes fəaliyyəti üçün çox önəmlidirlər. Onlar olmazsa, biznes fəaliyyətini həyata keçirmək mümkünsüz olar. Hər hansı bir məhsulu və ya xidməti yaradıb bazara daxil olmaq istəyiriksə, ilk öncə bazarda istehlakçıların həmin məhsul və ya xidmətə olan tələbini öyrənməliyik.
Bir çox ölkələrdə biznes fəaliyyətlərində müştərilərin məmnuniyyəti son dərəcə əla bir şəkildə qorunur. Hətta müştəri məmnuniyyəti o dərəcə önəmli bir nüansdır ki, Türkiyə bazarından tanıdığım bir neçə şirkətlər,hətta ziyana getdiklərinin fərqində olsalar belə, öz müştərilərinin məmnuniyyətini qoruyurlar. Çünki onlar çox gözəl bilirlər ki, bir məmnun müştəri özüylə bir müştəri də gətirər, bir narazı müştəri isə özüylə on müştərini aparar və yeni gəlmək istəyən müştərilərin də qarşısını alar. Belə demək olar ki, biznesdə müştəri çox böyük qüvvədir.
Lakin buna baxmayaraq Azərbaycanda hələ də istehlakçıların haqları və məmnuniyyətləri tam olaraq qorunmur. Bəlkə də mənimlə razı olmayacaqsınız, amma mənə elə gəlir ki, Azərbaycanda hələ də müştərilərin haqlarının qorunulduğu, məmnuniyyətlərinin saxlanıldığı və dəyərlərinin 100% bilindiyi az sayda şirkətlər var. Bank sahəsindən tutmuş pərakəndə ticarət sahəsinə qədər. Elə gəlin, bank sektorunu götürək. Mənim fikrimcə, bu sektorda vəziyyət daha da acınacaqlıdır. Çünki insanlar artıq banklara hörmət qoymurlar və mənə elə gəlir ki, bu da bir vaxtlar bankların öz müştərilərinin qorunulmayan məmnuniyyətinin bir nəticəsidir. Günü bu gün Azərbaycanda bu sektora xarici bir bank daxil olsa, Azərbaycan istehlakçıları əsl bank xidmətlərinin nə olduğunu biləcəklər. Belə olan halda isə bizim öz banklarımız rəqabətə dözə bilməyərək bazarı tərk etmək təhlükəsi ilə üz-üzə qalacaqlar. Hazırki vəziyyətdə bizim banklar üçün xaricdən rəqiblərin bazara daxil olması heç də xoş olmaz.
Devalvasiya və bunun nəticəsi olan iqtisadi böhran şirkətlərə bir çox şeylər öyrətdi və hələ öyrədəcək də. Bunlardan biri də müştərilərin məmnuniyyətinin qorunulması oldu.
Hər bir zamanda və hər bir iqtisadi vəziyyətdə şirkətlər öz müştərilərinin dəyərini bilməli, haqlarını qorumalı və məmnuniyyətlərini maksimum dərəcədə saxlamalıdırlar. Hansı sektorda olmasından asılı olmayaraq müştərilərinin məmnuniyyətini qoruyan heç bir şirkət bazarı tərk etmək təhlükəsi ilə üz-üzə qalmayacaq. Çünki güc, qüvvə müştərilərdədir və həmişə son qərarı CƏNAB MÜŞTƏRİ verir. Yarana biləcək hər bir vəziyyətdə müştərilərinin önəmli olduğunu anlayan şirkətin gələcəyini görmək mənə elə gəlir ki, çox da çətin deyil. Bir sözlə, dəyər verin ki, dəyərli olasınız.
Hər birinizə işlərinizdə müvəffəqiyyətlər arzu edirəm!
0 Şərh:
Şərh Yaz