27.12.2015

Gəliriniz azdırsa, xərclərinizi optimallaşdırın

Bu aralar mənim ailəm də daxil olmaqla bir çox ailələr maddi cəhətdən əziyyət çəkirlər. Ailə büdcəsinə daxil olan gəlirlər xərclər qarşısında aciz qalır və bu da bütün ailələri sıxıntıya salır. Mənim fikrimcə, bu sıxıntını heç də yaşamağa dəyməz. Çünki problemləri həll etmək də bizim əlimizdədir. Hər birimiz gəlirlərimizi və xərclərimizi idarə edərək özümüzü və ailəmizi bu sıxıntıdan qurtara bilərik.


Ailə büdcəsinin bizim bütün xərclərimizin qarşılaya bilməsi üçün büdcə üzərində 2 cür proses apara bilərik. Birincisi, gəlirlərimizi artıracağıq. Yəni ki evdə oturmayaraq öz bacarıq və qabiliyyətlərimizdən istifadə edərək büdcəyə qatqıda bulunacağıq. Buna misal olaraq, bir tanışımın valideynini misal gətirmək istəyirəm. Tanışımın valideyni öz bacarığından istifadə edərək müxtəlif əl işləri hazırlayır və bundan gəlir əldə edir. Düzdür, ola bilər ki, bu aralar insanların da alıcılıq qabiliyyəti aşağı düşə bilər və əl işlərinin satışı da azala bilər, lakin nəticədə satışdan ailə büdcəsinə gəlir gətirir. Ona görə də əgər bir spesifik bacarığımız varsa, bundan istifadə edib ailə büdcəsinə qatqıda buluna bilərik. 

İkinci həll yolu isə xərclərimizin idarə olunması, azaldılmasıdır ki, buna da xərclərin optimallaşdırılması deyilir. Xərclərin optimallaşdırılmasından nəinki, ailə xərcləmələrində, hətta şirkət xərcləmələrində də istifadə etmək olar.

İlk öncə ailə xərcləmələrinin optimallaşdırılmasından başlayaq. Bunun üçün ən gözəl yol bir ay ərzində bütün xərclərin qeyd olunmasıdır. Yəni ki bütün ailə fərdləri hər günə olan xərclərini qeyd etməlidir. Ailələrdə büdcə daha çox xanımlarda olduğu üçün bütün xərcləri xanımlar qeyd etməlidir. Hər gün hər bir ailə fərdinə nə qədər pul verildisə, xanımın özü nə qədər xərcləmə etdisə, bunun hamısı qeyd olunmalıdır. Bu yolla ayın sonunda biz öz xərcləmələrimizə göz ataraq hansı xərcləmələrimizin lazımlı olduğunu və hansılarının isə sadəcə boş-boşuna xərcləmə olduğunu görə bilərik. Növbəti aylarda bütün boş-boşuna edilən və artıq edilən xərcləmələri təxirə salaraq ailə büdcəsinin səmərəli istifadə olunmasına nail ola bilərik ki, bunun da nəticəsində maddi cəhətdən əziyyət çəkməyimiz də sona yetə bilər.

Şirkətlər də xərclərini azaltmaq üçün xərclərin optimallaşdırılmasından istifadə edə bilər. Şirkətdə olan bütün xərcləmələri nəzarətdə saxlamaq və hər bir xərcə ayrıca nəzər yetirmək lazımdır. Bu xərcləmələrdən hansının azaldılmasına nail olmaq olarsa, həmin xərcləmələri mütləq şəkildə azaltmaq lazımdır. Müəyyən xərclər də olacaq ki, həmin xərcləri ümumiyyətlə aradan qaldırmaq lazım gələcək. Buna misal olaraq, bir hava nəqliyyatı şirkətini deyə bilərəm. Adını tam da xatırlamadığım bir şirkət sərnişinlərinə yemək vaxtı verdiyi iki zeytundan birini azaldaraq xərclərinin  müəyyən hissəsindən azad olmuşdu. Yəni ki şirkətlər də öz xərclərini optimallaşdıra bilər və bunun da yolları var. Sadəcə olaraq, həmin yolları axtarıb tapmaq lazımdır şirkət daxilində. Bununla bərabər onu da vurğulamaq istərdim ki, optimallaşdırma xərcləri azaltmaqla bərabər həm də müəyyən yeni xərclərin ortaya çıxması kimi izah edilə bilər. Yəni ki siz bir tərəfdən xərclərə nəzarət edirsiniz, lazımsız xərcləri aradan qaldırırsınız. Eyni zamanda şirkət işçilərinin iş biliklərinin, bacarıqlarının artırılması üçün işçilər üçün təlim xərcləri ayrıla bilər. Yəni ki siz lazımsız xərcləri şirkət üçün önəmli olan işçilərin təlimləndirilməsi üçün yönləndirə bilərsiniz. Ki bu da rəqabətcil bazar şəraitində şirkətinizin rəqabət qabiliyyətini artıra bilər.

Növbəti məqalələrdə daha faydalı olmaq ümidilə...

0 Şərh:

Şərh Yaz