13.03.2016

"Online İnterview" rubrikası Marketing üzrə ekspert Ramil Cabbarov ilə

Əziz oxucular, artıq bu rubrikanın ikinci müsahibəsidir ki, Sizə təqdim edirəm. İlk müsahibə Marketing üzrə ekspert Famil Alməmmədov ilə olmuşdu. Bu dəfəki müsahibim isə Marketing üzrə ekspert Ramil Cabbarovdur.

Ramil müəllim avtomobil, səhiyyə, tədris, qida, qeyri-qida sektorları üzrə 8 şirkətdə marketoloq olaraq fəaliyyət göstərib. 2013-2014-cü illərdə Lider TV-də xarici iqtisadi xəbərlər üzrə müxbir vəzifəsində çalışıb. 2015-ci ildən ADİU-un marketing kafedrasının müəllimidir. Həmçinin ADİU-un PR fəaliyyətini həyata keçirən şəxslərdən biridir hal-hazırda. Və onu da deyim ki, mənim ilk Marketing müəllimimdir. İlk dəfə bu sahə üzrə Ramil müəllimdən 1 aylıq təlim almışam. İndi isə keçək müsahibənin təfərrüatlarına.



- Ramil müəllimə görə Marketing nədir?

- Mənə görə Marketing iflasın kandarında olan sahibkar üçün Superman, ağıllı müştəri üçün köməkçi vasitə, məlumatsız müştəri üçün fırıldaq texnikası, cəmiyyət üçün isə bir elm sahəsidir.

- Azərbaycanın bu günki Marketing mühitindən razısınız mı? Xarici ölkələrlə müqayisədə vəziyyət necədir?

- Ölkədəki Marketing durumu səmimi desəm, heç də ürəkaçan deyil. Söhbət "Azərbaycanda Marketing işləmir" yanaşmasından getmir. Problem bir qisim sahibkarların Marketingi əlavə xərc (!) kimi görməsi və marketoloqu  əlində sehrli çubuğu olan sehrbaz sanmasıdır. Düzdür, bazar şərtlərimiz ağırdır və fərqlidir. Buna rəğmən qismən ətalətdən çıxış var.

- Bu gün Azərbaycanda Marketingin inkişafına hansı amillər mənfi təsir göstərir?

- Bu gün Azərbaycanda Marketingin inkişafına inhisarçılıq, sahibkar təfəkkürü, müştərilərin keyfiyyətdən  çox qiymətə verdiyi fövqəladə dəyər və ürək bulandıran reklam sənayesi kimi amillər mənfi təsir edir.

- Bildiyimiz kimi, Marketing məhsulların deyil, düşüncələrin savaşıdır. Sizin üçün ADİU-un PR fəaliyyətini aparmaq nə qədər çətin oldu? Universitet haqqında olan mənfi düşüncələri insanların fikrindən necə sildiniz və bu yolda hansı çətinliklərlə qarşılaşdınız?

- İlk öncə deyim ki, hər bir uğurlu brend arxitekturasının arxasında böyük bir komanda durur. UNEC brendində də həmçinin. Mənfi düşüncələri silmək üçün ilk öncə "İLK"-lərə imza atdıq. Bu, Universitetin yeniləndiyi mesajını verir. Sonra rebrendinq etdik. Yeni logo, yeni marka. Bu isə "yeni paltar" mesajını verdi. Mənfi propaqandalara qarşı mübarizə isə belədir: 1 pis xəbərə qarşı 5 möhtəşəm xəbər. Çətinliklər isə bu dəyişimi qəbul etməyən, mühafizəkarlar idi. Zamanla hər kəsin proseslərə adaptasiya olacağına inanırıq.

- Professional marketoloq olmaq istəyən insanlara hansı məsləhətləri verərdiniz?

- İlk öncə işinizi sevin, sonra dürüst olun, ardınca isə bu addımları izləyin: çox oxuyun, çox gəzin, çox araşdırın, daim müşahidə aparın, reklamlar izləyin, insanlarla ünsiyyətdə olun, iş yerinizi tez-tez dəyişin və müxtəlif sektorlarda könüllü kimi işləyib təcrübə yığın. Ambisiyalı olun, eqo yaradın, səviyyənizi yüksək tutun və yardımsevər olun.

Ramil müəllimə öz təşəkkürümü bildirirəm müsahibə üçün!

Əziz oxucular, rubrikanın digər iki müsahibəsinə bu yazının altındakı linklərdən istifadə edərək keçid edə bilərsiniz. Dəyərli zamanınızı ayırdığınız üçün Sizə təşəkkür edirəm!

0 Şərh:

Şərh Yaz