Bu Əli istədiyi hər şeyi insanlara çox gözəl satmağı bacarır. Hətta almaq istəməyən insan belə onun bir neçə dəqiqəlik danışığından sonra məhsulu almaq məcburiyyətində qalır desəm, yəqin ki, yanılmaram. Alıcının ehtiyacı olmasa belə, onda satdığı məhsula qarşı bir tələb yaradır, alıcıya başa salır ki, satılan məhsul nəyə görə ona mütləq lazımdır. Biz bilirik ki, Marketing insanların ehtiyaclarının ödənilməsinin üzərindən qazanc əldə edə bilməkdir və həmçinin insanlarda hansısa məhsul və ya xidmətə qarşı ehtiyac, tələb yarada bilməkdir ki, bunu da Əli məharətlə edə bilir.
Bu Əli kimə məhsulunu satırsa, onun dilindən danışır. Belə bir deyim var: "Satıcı bir neçə xarici dilləri bilməsə də olar, amma alıcıların dilini mütləq bilməlidir". Məhəllədə olan və Türkiyənin müxtəlif rayon və kəndlərindən olan insanların öz ləhcələrində onlarla danışır və təbii ki, alıcıların da bundan çox xoşu gəlir, necə deyərlər, insanların damarını tutmağı bacarır.
Gəlin, serialdan qısa bir hissəyə baxaq.
Serialdakı bu obraz çox gözəl RTM (Real Time Marketing) bacarır. Kislota və şortik məsələsinin və həmçinin Bakı Olimpiya Stadionunun toylar üçün istifadəyə verildiyi ilə bağlı hadisənin gündəmdə olduğu bir zamanda bəzi şirkətlərin etdiyi Real Time Marketing gedişlərini yəqin ki, hər birimiz xatırlayırıq. Deməli, Türkiyədə o zamanlarda ölkədə olan vətəndaş özbaşınalığını aradan qaldırmaq üçün ölkənin bütün qurumlarını əsgərlər öz nəzarəti altına alır və o zamanların sağcı və solcuları əsgərlər tərəfindən tutulur və onu da deyim ki, bu nəzarətə Kənan Evren Paşa rəhbərlik edir. Kənan Evren Paşanın əmri ilə bütün evlər yoxlanılır və elə bu məqamda Əli məhəlləyə gəlir və camaata bu dəfə nə satmaq istəyir sizcə? Kənan Evren Paşanın böyüdülmüş şəklini.. Əli RTM gedişi edərək, Kənan Paşanın şəklini böyüdür, çərçivələdir və camaata çox da gözəl sata bilir. Ölkədəki özbaşınalığı aradan qaldırmaq üçün edilən nəzarətə başçılıq edən bir insanın böyüdülmüş və çərçivələdilmiş şəklini satmaq üçün sizcə bundan gözəl bir zaman, məqam ola bilərdi mi?
Bu Əlinin çox gözəl müştərini dinləmə və etirazların üzərində işləmə bacarığı var. Öz müştərisinin ehtiyaclarını öyrənə bilməkdən ötrü onu diqqətlə dinləyir və səhəri gün sırf onun istədiyi məhsulu gətirib sata bilir. Ən adi və ucuz məhsulu maya dəyərindən də çox baha bir qiymətə sata bilir insanlara. Necə bacarır sizin fikrinizcə? Müştərinin qiymət barədə olan etirazlarının üzərində işləyir, ona başa salır ki, bu məhsul niyə bu qiymətdədir və müştərinin anladığı bir dildə danışaraq onu məhsulu almağa razı salır.
Hələ bitmədi. Əli satdığı məhsulu kimə satacağını çox gözəl və dəqiqliklə bilir. Satdığı məhsulun hədəf kütləsini tam dəqiqliklə təyin edə bilir. Əlindəki məhsula tam da ehtiyacı olan insanları tapır və onlara məhsulu satır. Hətta serialın bir bölümündə Əli öz məhəllə dostunun ensiklopediya satışı işinə girdiyini görür. Məhəllə yoldaşı deyir ki, iki gündür ki, əlimdəki ensiklopediyaları sata bilmirəm. Təbii ki, onun satdığı ensiklopediyalara heç kimin ehtiyacı yox idi məhəllədəki insanlardan. Əli isə ona deyir ki, yaxınlıqdakı məktəbə get, ordakı müəllim və şagirdlərə sat ensiklopediyaları. Təbii ki bu fikir məhəllə dostunun fikrində yox idi. Əli bu məsləhətini də öz məhəllə yoldaşına pulsuz vermir, ondan pul alır, müasir biznes dilində desək, adamı konsultasiya edir.
Gəlin, yenə qısa bir fraqmentə baxaq.
Əziz oxucular, serialdakı bu obrazın çox maraqlı xüsusiyyətləri var, amma mən ən əsas olanlarını və satış və Marketinglə bağlı olan bacarıqlarını sizlərlə paylaşdım. Sizin üçün maraqlı ola biləcək son bir qısa video da var. Türkiyənin ADS Danışmanlık və Mint Production-un birgə iş birliyi nəticəsində hazırlanan və "Seksenler" dizisinin Əli adlı xarakterini canlandıran Hakan Bulutun da iştirak etdiyi "Butik Ali ile Satışın 7 Adımı" adlı videonu izləmək sizin üçün həm əyləncəli, həm maraqlı və həm də faydalı ola bilər.
Növbəti yazılarımda daha da faydalı olmaq ümidilə...
0 Şərh:
Şərh Yaz