11.08.2016

Sizi zənginləşdirəcək 8 Marketing xəzinəsi (xəzinənin 2-ci hissəsi)

Əziz oxucular, əvvəlki yazıda Sizinlə paylaşacağım 8 Marketing xəzinəsinin 1-ci hissəsində onlardan 4-ü ilə tanış olduq. Oxumayanlara tövsiyyə edirəm ki, bu yazıdan öncə buradan ilk hissəni oxusunlar. Bu yazıda isə xəzinənin 2-ci hissəsi ilə davam edirik. Belə ki, ikinci hissədə ingilis dilini yaxşı bilməyənlər üçün daha iki sayt ilə tanış olacağıq. İngilis dilini normal və yüksək səviyyədə bilənlərə 2 sayt haqqında məlumat verəcəm. Sonda isə xüsusilə Marketing sahəsində addımlarını yeni-yeni atanlar üçün, gənclər üçün BONUS olaraq bir məsləhət xarakterli məlumat paylaşacam. Beləliklə, başlayaq.



Marketing Türkiyə

Marketing Türkiyə-də Marketingə, brendlərə, markalara, onların fəaliyyətlərinə dair məlumatlar və xəbərlər paylaşılır. İstər Türkiyə, istərsə də dünya brendləri haqqında xəbərlər oxuya bilərsiniz bu saytdan. Dünyada nələr baş verir, brendlər nə kimi aktivliklər həyata keçirirlər, nə kimi dəyişikliklər olur, hansı şirkətlər birləşir, hansı şirkətlər kimlərə satılır və sairə haqqında suallara cavab tapa bilərsiniz bu saytda. Mən bu saytı Twitter-dən izləyirəm. Sizə də tövsiyyə edirəm ki, inkişafınız üçün bu saytı izləyəsiniz.



MediaCat Online

MediaCat Online haqqında çox söz açmayacağam. Türkiyə Marketinginin ürəyi MediaCat Online-da döyünür, fikrimcə. Məqalələrdən tutmuş dünya xəbərlərinə qədər, akademik yazılardan tutmuş məsləhətli kitablara qədər hər şey tapa bilərsiniz burada. Bir sözlə, özünüz daxil olun və hər şeyi öz gözlərinizlə incələyin, nəyin var olub-olmadığını özünüz görün.
ALİSON

Bəlkə də bu sayt haqqında bir çoxlarınızın xəbəri var. Lakin məlumatlı olmayanlar üçün xəbərdar etmək istədim, ona görə ki, bu saytda olan bütün dərslər ÖDƏNİŞSİZ-dir. Bu imkan ingilis dilini bilənlər üçün çox gözəl imkandır. İlk addım olaraq qeydiyyatdan keçin. İstədiyiniz kursa, dərsə daxil olun, dinləyin, öyrənin, hər şey pulsuzdur, lakin sertifikat pulludur. Yəni Siz deyək ki, SMM üzrə dərsə daxil oldunuz, dərsi bitirdiniz, hə, bu arada hətta imtahan da verdiniz, əgər imtahandan keçsəniz, sertifikat məsələsi gəlir növbəti addım kimi. Sertifikatın alınmasının isə 2 yolu var. İlk yol odur ki, Siz sertifikatı .pdf formatında öz alətinizə yükləyirsiniz, bunun ödənişi səhv etmirəmsə, 17$-dır. Lakin poçt yolu ilə Sizə yaxın olan poçt ünvanına sertifikatın imzalı, möhürlü, kağız formasında gəlməsini istəyirsinizsə, səhv etmirəmsə, 37$ xərcləməli olacaqsınız. Burada istədiyiniz sahəyə dair kurslar, dərslər tapa bilərsiniz. Saytda müxtəlif vaxtlarda endirim aksiyaları olur. Sertifikat əldə etmək üçün qiymətlər endirimli olur bəzi vaxtlarda. Elə isə özünüz daxil olun və bu imkandan faydalanın.
UDEMY

UDEMY də ALİSON kimi müxtəlif sahələrdən dərslərlə, kurslarla zəngindir. Amma kurslar, dərslər ödənişlidir. Yəni ilk olaraq ödəniş edirsiniz, daha sonra dərsə, videoya baxırsınız. Daxil olarkən hər şeyi türk dilində görəcəksiniz, lakin dərslər ingilis dilindədir, onu da deyim ki, türk dilində də az da olsa videolar var. Təbii ki ödənişli olduğu üçün saytı çox da araşdıra bilməmişəm. Lakin sevindirici xəbər ondan ibarətdir ki, burada ÖDƏNİŞSİZ dərslər də var. Saytın daxilində axtarış edin, mütləq tapacaqsınız. Marketing sahəsini əhatə edən dərslərdən də bir neçəsi ödənişsizdir. Mən sonuncu dəfə bu saytda "Brend arxitekturasının qurulması" mövzusunda pulsuz videoya baxmışam. Odur ki, daxil olun və faydalanın.



BONUS

Əziz oxucular, Twitter ölkəmizdə Facebook-a nisbətən az insan tərəfindən istifadə edilsə də, onu qeyd etməliyəm ki, bu sosial şəbəkə Marketing sahəsində olan və inkişaf etmək istəyənlər üçün əvəzsizdir. Son zamanlar Twitter-də aktiv olmağımın səbəbi də elə budur. Mən hətta deyərdim ki, Marketing dünyası, dünya Marketingi Twitter-dədir. Bizim marketologlar çox da aktiv olmasalar da, Türkiyədən və dünyanın müxtəlif yerlərindən marketologlar, biznes sektorunun insanları, Marketing sevərlər, ömrünü, gününü bu sahədə keçirənlərin hamısı Twitter-dədir, bundan əlavə onu da deyim ki, onlar çox aktivdirlər, xüsusilə mən Türkiyə Marketingini Twitter-dən təqib edirəm. Hətta özüm də çox aktivəm, burada müxtəlif paylaşımlar edirəm, blog yazılarımı paylaşıram və ən çox bəyəndiyim tweetləri retweet edirəm. Məni izləmək üçün Twitter-də @NajmaddinAkhun1 yazaraq tapıb izləyə bilərsiniz. Elə isə əgər Twitter hesabınız yoxdursa, elə bu gün özünüzə bir hesab yaradın, məni izləyin, mənim izlədiyim hesabları Siz də izləyə bilərsiniz, məsləhətdir.

Dəyərli zamanınızı ayırıb yazını oxuduğunuz üçün Sizə təşəkkür edirəm. Onu da deyim ki, növbəti dəfə Sizi "Online İnterview" rubrikası gözləyir. Dəyərli müsahibim sahəsi üzrə çox maraqlı suallara cavab verəcək. Növbəti dəfə daha faydalı olmaq ümidi ilə...

0 Şərh:

Şərh Yaz