26.07.2016

Satış işində edilən 7 səhv

Əziz oxucular, bu yazıda sizinlə birgə satış adamları tərəfindən edilən 7 səhvə nəzər salacağıq. Əgər razılaşsaq ki, günümüzdə hər bir kəs satış edir, razılaşsaq ki, bizim həyatımızın çox hissəsi satış etməkdən ibarətdir, o zaman deyə bilərik ki, bu 7 səhvi nəinki satış adamları, eyni zamanda biz də edirik. Əslində hər birimiz gündəlik həyatımızda satışla məşğul oluruq, amma bundan bəzilərimizin xəbəri yoxdur.

Mütləq şəkildə vurğulamaq lazımdır ki, satış sevmədiyimiz halda bizim üçün ən çətin peşə, əks təqdirdə isə ən asan peşədir. Sadəcə bu işi sevmək, düzgün şəkildə həyata keçirmək və eyni zamanda bu 7 səhvi etməmək lazımdır.

Əgər biz satış işindəyiksə və əgər biz hər gün insanlarla münasibətə girib əlaqə yaradırıqsa və onları hərəkətə gətirmək və alış etmək üçün, necə deyərlər, mübarizə aparırıqsa, demək ki, satış zamanı etdiyimiz və ya edə biləcəyimiz problemlər də olacaq, səhvlər də. Lakin bu problemlərə deyil, problemin həllinə fokuslanmaq lazımdır və eyni zamanda etdiyimiz səhvləri zamanında başa düşüb onları aradan qaldırmaq lazımdır.

Elə isə gəlin, satış işində edilən 7 səhvə birgə nəzər yetirək.


1) Özünüzə qarşı inamın olmaması. Mən hətta deyərdim ki, nəinki satış işinə, bütün işlərə başlamaq üçün ilk növbədə insanın özünə inamı olmalıdır. İnam olmazsa, ya işiniz tamamilə alınmayacaq və ya problemlər yaranacaq. Elə buna görə də nəinki satış işinə, istənilən sahədə işə başlamaq üçün ilk öncə inamlı olun, özünüzə inanın, güvənin. Sizin bacarmayacağınız heç bir iş yoxdur. Sadəcə özünüzə inanın, ardı onsuz da gələcək. Uğur olsun!

2) Hazırlıqsız olmaq. Hətta hazırlıqsız olmağın özü də nəinki satış işində, istənilən işi həyata keçirdiyiniz zaman sizi pis vəziyyətdə qoya bilər. Satış işinə başlamamışdan öncə hazırlıqlı olun, bədəninizi, ağlınızı, ruhunuzu bu işə hazırlayın. Özünüzə güvənin. Məhsul və ya xidmətiniz barədə müştərilərin verə biləcəyi hər bir suala cavabınız olmalıdır. Məhsulunuzu və xidmətinizi yaxşı tanıyın, informasiyanız bol olsun. Müştəriləriniz haqda təsəvvürünüz olsun, onları yaxşı tanıyın. Belə olan halda müştərilər də sizi hazırlıqsız olmayan və ciddi bir iş adamı kimi tanıyacaqlar. Bu sizin imicinizə də təsir edəcəkdir.

3) Plansızlıq. Şirkətinizin sizə verdiyi və özünüzün qısa müddətli, uzun müddətli hədəflərinizi planlayın. Nəyi, nə zaman, necə edəcəyinizi biləcəksiniz belə olan halda. Hədəflərlə bərabər eyni zamanda bu hədəflərin də alt hədəflərini planlayın. Planlılıq sizin işinizi asanlaşdıracaq və eyni zamanda sizə sonda nəticə olaraq uğurlu və müvəffəqiyyətli bir iş ortaya qoymağınızda kömək edəcək. Nəinki satış işində, eyni zamanda öz şəxsi həyatınızdakı hədəf və məqsədlərinizə çatmaq üçün onları planlayın. Planlama sizə işinizi effektiv şəkildə görməyinizə yardımçı olacaq.


4) Etibar yarada bilməmək. Bir çox satış mütəxəssislərinin dediyi kimi, etibar yoxdursa, satış da yoxdur. Odur ki, müştərilərinizin sizdən dəfələrlə və uzun müddətli şəkildə alış etməsini istəyirsinizsə, onlarda özünüzə qarşı etibar yaradın. Etibar yaratmağın çətin və vaxt aparan iş olduğunu nəzərə alsaq, satış işinin hər addımında, müştərilərlə əlaqələrinizin hər anında diqqətli olmalısınız, düzgün işləməlisiniz, dürüst olmalısınız, müştəriyə öz satışlarınızdan daha çox onu, onun mənfəətini, onun tələbatının maksimum şəkildə ödənilməsini, onun qazancını düşündüyünüzün hissini verməlisiniz.

5) Ancaq və ancaq məhsula və ya xidmətə fokuslanmaq. Fikrinizi ancaq və ancaq məhsul və ya xidmətinizə doğru yönəldib müştəriləri yaddan çıxarmayın. Onların istəkləri, onların ehtiyacları, onların fikirləri sizin üçün prioritet məsələ olmalıdır. Müştərilərinizə məhsul və ya xidmətinizi çox da tərifləməyin. Məhsulunuzu satmazdan öncə onun faydasını, onun müştəriyə hansı dəyəri verə biləcəyi haqda məlumatı satın. Müştərilərinizə çox önəm verin. Çünki onlar sizin üçün üstü açılmamış bir sirdir. Bu sirr haqqında nə qədər məlumatlı olsanız, bir o qədər sizin üçün əla olacaq.

6) Müştərilərlə maraqlanmamaq. Satış etdiniz və bununla da bitdi, deyə bir şey yoxdur. Müştərilərinizlə maraqlanın. Görün, onların məhsulla və ya xidmətlə bağlı hansısa problemləri var mı? Satış etdiyiniz zaman müştərinizə qarşı nə diqqətsizlik, nə də həddindən artıq şəkildə alış etsin deyə sıxmaq, onu narahat etmək olmaz. Əksinə, müştərilərinizə qərar verməkdə yardımçı olun, onların işini asanlaşdırın. Bu zaman müştəri sizə daha çox inanacaq, sizi daha çox sevəcək, sizə daha çox bağlanacaq. Bu da uzun müddətli və yüksək gəlirli satış etmək deməkdir.



7) Satışa fokuslanmaq və müştərilərlə uzun müddətli əlaqələr yaratmamaq. Hər halda bütün satış adamları daha çox satmaq, daha çox gəlir əldə etmək istəyər. Elə bunun üçün də daha çox satışa fokuslanmaq səhv addım olardı. Çalışmaq lazımdır ki, müştərilərlə əlaqələr möhkəmləşdirilsin, onlar hər zaman diqqətdə saxlanılsın və əlaqələr davam etsin. Əgər müştərilərinizlə möhkəm əlaqələriniz varsa, demək ki, siz bu işdə mütəxəssissiniz. Yuxarıdakı şəkildə gördüyünüz kimi müştərilərinizlə hörümçək toru kimi, güclü, dayanıqlı əlaqələriniz, şəbəkəniz olmalıdır. Uzun müddətli dövrdə yüksək gəlirli satışlar etmək məhz bu əlaqələrdən asılıdır.

Əziz oxucular, növbəti dəfə daha faydalı olmaq ümidilə...

Məqalələrlə bağlı irad və məsləhətləriniz və özəl təklifləriniz barədə najmaddin.akhundov@yahoo.com ünvanına müraciət edə bilərsiniz.

Məqalə üçün bəhrələndiyim resursun ünvanı: Pazarlamasyon

0 Şərh:

Şərh Yaz