6.06.2016

Marketing inkişaf etdirir, amma inkişaf etmir? Kimdir günahkar?

Mən keçən blopostlarda da qeyd etmişdim ki, öz blogumda çalışacam ki, öz yazılarımdan daha çox bu sahənin professionallarının müəyyən mövzular ətrafında olan düşüncələrini, fikirlərini sizlərlə paylaşım. Düşünürəm ki, belə daha çox faydalı ola biləcəm. Bu blogpostda da sizlərlə başlıqda gördüyünüz sual ətrafında Marketing mütəxəssislərinin suala cavab olaraq bildirdikləri fikirlərini paylaşacam.

3 iyun tarixində öz facebook profilimdə hörmətli həmkarlarıma belə bir sual ünvanladım: " Sizin fikrinizcə, bu gün ölkəmizdə Marketing sahəsinin inkişafının qarşısını hansı amillər alır? " Biz çox gözəl bilirik ki, harada ki Marketing var, demək ki, orada mütləq inkişaf vardır və bundan sonra da olacaqdır. Hətta ölkədə böhran zamanında bir sıra marketologlar təklif edirdilər ki, dövlət müəssisələrində, bələdiyyələrdə marketing şöbələri yaradılsın. Bu təklif hal-hazırda da yerində qalır və vacibliyi həddən artıqdır. Yəni olduğu bütün mühitin inkişafını reallaşdıran bu Marketingin özü necə, inkişaf edir mi? Etmirsə, buna səbəb nədir? Ölkəmizdə hər il Marketingin inkişaf etdiyini görürük, amma bir də bu inkişafa mane olan amilləri nəzərdə keçirək. İndi isə keçək sualı cavablandıran mütəxəssislərimizin fikirlərinə.



" Düşüncə tərzi. Cəmiyyətin, rəhbərlərin, fərdlərin, ümumilikdə hər kəsin Marketing haqda düşüncəsindən danışıram. Marketing təkcə reklam və ya kompaniya deyil. Marketing şirkətdə bir nəfərin düşünməsi və çalışması ilə əmələ gələn məsələ də deyil. Nə qədər ki, Marketing barəsində bu şəkildə dar düşüncədə olacağıq, o zaman dar çərçivədə də inkişaf olacaq. " (Röyal İbrahimov - Marketing mütəxəssisi)

" Marketingin inkişafının qarşısını alan qüvvə mövcud deyil. Sadəcə günlük rutin problemlər var:

1. Şirkətlərin doğru kadr seçə bilməməsi;
2. Seçilən kadrların tam yetişməməsi;
3. Bir çox hallarda marketolog dostlarımızın öz missiyalarını müəssisələrinə belə qəbul etdirə bilməməsi;
4. Bəzi sektorlarda ya təkəlçiliyin ( məsələn, yanacaq satışı ) olması, bəzi sektorlarda rəqabətin səthi olması ( məsələn, marketlər );
5. Siyasilərin ümumiyyətlə ictimai rəy formalaşdırmağa ehtiyacı olmadığı üçün belə bir sektorun olmaması;
6. Bəzi sektorların kpnjuktorları özlərinin əlində olmaması. ( məsələn, bank ) 

Bu siyahını uzatmaq da olar, amma sadaladıqlarımın heç biri marketinqin inkişafını dayandıran faktor deyil. Çox demirəm 15 il əvvələ qədər marketinq vizitkart çap edən və BP işçilərinə badj düzəldən departamentdən başqa bir şey deyildi. Ölkədə Marketingin gəldiyi yer digər sahələrdən daha yüksəkdədir. " (Firdovsi Xəlilov - Megafun-ın layihə meneceri)

" Kökündə alverçilik olub özünü sahibkar kimi göstərən boss-lar. Sahibkarı alverçidən fərqləndirən vacib xüsusiyyətlər isə sağlam düşüncə və sağlam vizyondur. Bunun yanında vicdan. " (Tural Abbaslı - PR mütəxəssisi)

" Məncə heç nə almır, Marketing inkişaf edir. Əlbəttə ki problemlər var, amma səylə çalışıb ortaya iş qoyanda onun qarşısında heç bir əngəl tab gətirmir. " (Müşfiq Azəryar - Avrora şirkətinin brend meneceri)

" Mənə görə Marketing bir həyat tərzidir desəm, yanılmaram. İxtisasından və peşəsindən asılı olmayaraq hər kəs marketingin hər hansı bir bölməsi, şöbəsi ilə məşğuldur. Özü də bunu hiss etmədən. " (Vüsal Hacıyev - Marketing mütəxəssisi)

" Səbəblərdən biri sahibkarların eqolarıdır. "Yalnız mən bilirəm" düşüncəsi.. Bir az altdan alsaydılar, bilmək olardı ki, əsas məsələ çox qazanmaq deyil, əsas məsələ çox müştəri dəyəri qazanmaqdır. Deməzdim ki, sahibkarlar savadsızdırlar. Sadəcə öz savadlarından dar mənada istifadə edirlər. Dəyişiklikləri qəbul etmirlər, aşağıdan gələn təkliflərə baxmırlar. " (Səxavət Məmmədov)

" Marketing bir sevgidir, aşiq olmayan bilməz. Marketingi sevməyənlərin sayı çox olduqca bu sahə inkişaf etməz. Hər yerindən duran ilə Marketing qatarı getməz. Marketingi sevməyənlər "təki iş tapım" deyərək bu yola baş qoyan, iqtisadiyyatın tərifini bilməyənlərdir. " (Seymur Quliyev - SOCAR-ın ixrac üzrə marketing meneceri)

" "Zənginliyin açarı", "Uğurun 100 qanunu" və sairə bu kimi kitablara marağın çox olması. Real analitik Marketing təfəkkürünü inkişaf etdirəcək kitabların tərcüməsi azlıq təşkil edir, demək olar ki, yoxdur. Rəhbərlərin marketologu çökəndə yadına salması və marketologu buklet çap edən kimi başa düşüb şirkətə çağırması. marketologlara sərbəstlik və uzunmüddətli layihələrin həyata keçirmək imkanlarının yaradılmaması. Uzun sözün qısası, ölkəmizdə marketing hələ qəbul olunmur, olunsa da yalnış qəbul olunur. " (İlkin Ağaoğlu - MTS Group-un təsisçisi, Marketing və Satış mütəxəssisi)

" Məncə, ən böyük səbəb ancaq satışa odaklanmaq, markalaşmağı unutmağımızdır. " (Ehtiram Qurbanov - SMM mütəxəssisi)

Əziz oxucular, mən ümid edirəm ki, bu blogpost da, mütəxəssislərimizə ünvanladığım sual da və onların cavabları da sizin üçün maraqlı, faydalı və öyrədici olmuşdur. Bəs siz necə düşünürsünüz? Öz cavablarınızı mənə Facebook, Twitter və Linkedin vasitəsilə yaza bilərsiniz. Sizin cavablarınız mənim üçün çox maraqlıdır. Zamanınızı ayırıb blogpostu oxuduğunuz üçün Sizə təşəkkür edirəm.

0 Şərh:

Şərh Yaz