13.02.2018

Müştəri məmnuniyyət(sizliy)i barədə keys

İndiki dövrdə və mən deyərdim ki, hətta get-gedə savadsız və məlumatsız müştərilər azalır. Yəni artıq şirkətlər öz müştərilərini aldada bilməzlər və belə addım atdıqları halda qarşılaşacaqları mənzərə həqiqətən də çox pis ola bilər. Müştərinin istədiyi keyfiyyəti yaxşı olan məhsul və gözəl xidmətdir. Bu iki amili nəzərə alıb fəaliyyət göstərdikdən sonra düşünürəm ki, hər şey qaydasında gedəcək və məmnun müştərilər çoxalacaq.

Mən artıq bir ildən çoxdur ki, mebel sahəsində çalışıram. Artıq bir ildən artıqdır ki, ilk öncə “SUPREME kitab rəfi” olaraq hədəf kütləmizə xidmət göstəririk, əlavə olaraq bir neçə aydır ki, “Supreme” Mebel işimizi də paralel olaraq aparırıq. Facebook-da səhifələrimizin "dəyərləndirmə" bölməsindən görəcəyiniz kimi indiyə kimi xeyli məmnun müştərilərimiz olub. Yüzlərlə fərdi müştərilər və barmaq sayını aşan korporativ müştərilər.. Düşünürəm ki, bu, keyfiyyətli mebellərimizin və gözəl xidmətimizin qarşılığında bizə verilən hədiyyədir.

Mən axı başda müştəriləri aldatmaq olmaz demişdim. Bilmirəm, mənə elə gəlir ya yox, amma deyə bilərəm ki, camaatımızın çoxunun mebeldən çox yaxşı başı çıxır. Anlayışı olmayanlar da var təbii ki, anlayışı olanlar çoxluq təşkil edir. Bu barədə sizə bu yaxınlarda gördüyüm bir məsələ haqqında danışmaq istəyirəm.


“Supreme” Mebel şirkəti olaraq təbii ki rəqiblərimizi izləyirik, amma məsələ bu deyil. O gün bir rəqib şirkətin Facebook səhifəsinə daxil oldum və dəyərləndirmə bölməsində həmin şirkətin bir müştərisi tərəfindən yazılan uzun bir şikayət yazısı və səhifəyə verilən “bir ulduz”  nişanəsini gördüm. Təsəvvür edin ki, şirkətin əməkdaşları həm xidmətdə xırda yanlışlıqlar ediblər, gec çatdırılma olub və s. bundan başqa da nələrsə olub xidmətlə bağlı. Və müştərinin yazdığına görə məhsul, yəni mebel də çox keyfiyyətsiz olub, yaxşı alınmayıb, qüsurları çoxdur və s. Həmin bu müştəri öz şikayət yazısında həm məhsulda olan qüsurları bircə-bircə xırdalayıb, həm də xidmətdə olan yanlışlıqları vurğulayıb. Vurğulayıb, amma elə savadlı şəkildə yazıb ki, bu şikayət yazısını, vallah mən mat qaldım inanın ki. Yəni iş adamı falan deyil, adi, sadə bir vətəndaşdır, lakin öz şikayət yazısını elə savadlı şəkildə yazıb, məhsul və xidmətlə bağlı olan şikayətlərini elə xırdalayıb ki, o yazının qarşılığında yazacaq bir sözü qalmayıb həmin şirkətin.

Nəticə olaraq vermək istədiyim mesaj odur ki, müştəriləri aldatmaq, onlara yalanlar demək, bəzən verilən vədləri yerinə gətirməmək, bəzən də aşırı və alınmayacaq vədlər vermək çox təhlükəlidir, pis nəticələrə səbəb ola bilir və bu səbəblərin qarşısını almaq olmur müəyyən hallarda.


Son olaraq demək istəyirəm ki, qətiyyən istər məhsul barədə, istər xidmət barədə müştərilərinizi aldatmayın və elə sanmayın ki, müştərinin heç nədən anlayışı yoxdur və s. Yalan vədlər və ya bir və ya bir neçə vədin aşırı həddə verilməsi də doğru deyil. Onu da qeyd edim ki, bu bir keys idi, mən bu keys barədə sizinlə paylaşmaq istədim və əmin ola bilərsiniz ki, bu məsələləri Supreme Mebel şirkəti olaraq biz də hər zaman nəzərimizdə saxlayırıq və ona görə hərəkət edirik.



Məqaləni oxuduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, az da olsa sizə faydalı oldu. Növbəti məqalələrdə görüşənədək...









4.02.2018

İstehlakçı davranışları və təcrübələrindəki YENİ TRENDLƏR və Dünyanın bu barədə haraya doğru getdiyi haqda

Dostlar, bundan öncəki yazımı 2016-cı ildə yazmışam və gördüyünüz kimi aradan bir xeyli zaman keçib. Bu zaman aralığında mənim çox kiçik bir psixoloji problemim yaranmışdı və başladım bu problem haqda özüm araşdırma etməyə. Türk dilində bir məqalə oxudum və anladım ki, bu psixoloji problemin həll yollarından biri də nəsə yaratmaq, nəsə istehsal etmək və ya türk dilində desək, nəsə "üretmek"-dir. Yarada və ya istehsal edə biləcəyim şeylər arasında ən yaxşı bacardığım bilik və təcrübələrimi məqalə halında kimlərləsə paylaşmaqdır. Digər bir yandan məqalə yazmağı dayandırmağımın da səbəbi vardı təbii ki. Bu məqalədən etibarən yazmağa davam edəcəm inşaAllah. Ümid edirəm ki, kimlərinsə maraq dairəsində ola biləcəm və faydalı olmağı bacaracam.

Bu dəfə Sizinlə Barış Özcanın YouTuBe kanalında paylaşdığı bir videodan olan çox önəmli qeydlərimi paylaşacam. Bu qeydlər dünyada TİCARƏT başlığı altında baş verən yeniliklər, yeni istehlakçı davranışları, yeni istehlakçı təcrübələri haqda olacaq. Həmin videoya isə Siz saytda ən aşağıda yerləşdirdiyim "Faydalı Kontent Bölməsi"-də baxa bilərsiniz.



Bizim rəqəmsallaşmağa doğru getdiyimiz bir vaxtda və bunun həqiqətən də belə olmalı olduğunu anladığımız bir vaxtda dünyanın digər tərəfində belə desək, bizim hal-hazırda getdiyimiz yolu artıq onlar geri qayıdırlar. Bunu dünyadakı və eləcə də azdan-çoxdan öz ölkəmizdəki istehlakçı davranışlarından və istehlak formasından və eləcə də trendlərdən anlamaq mümkündür. Bizim rəqəmsallaşmağa doğru getdiyimiz bir vaxtda dünyanın bir çox yerlərində hər şey sanki geriyə - analoq formasına qayıdır. Bu, nostalgiya yaşamaq istəyidir yoxsa rəqəmsal doyumluluqdur?




Məsələn, hər şey və hər kəs rəqəmsallaşmağa başladığı bir vaxtda dünyanın hegemon hesab etdiyimiz Amazon kimi nəhəng bir elektron ticarət platforması birdən-birə öz fiziki (analoq ticarət, fiziki ticarət) mağazalarını açmağa başladı. Bu addımı ilə görəsən Amazon nə demək və ya nəyi göstərmək istəyir? Hər kəsin digitalda daha nələr və nə kimi yeniliklər edə bilərəm deyə düşündüyü bir vaxtda Amazon nə üçün fiziki mağazalarını açmağa yönəldi? Onu da qeyd edim ki, bu fiziki mağazalarda təkcə kitab və elektronik məhsullar deyil, yanaşı olaraq bir çox ərzaq və qeyri-ərzaq məhsulları da satılır. İnkişaf etməkdə olan bu trendə O2O adı verilir, yəni Online to Offline.




Bu trendin qatarına Amazon ilə yanaşı onun rəqibi olan Alibaba da minməyi bacardı. Alibabanın Hema adında açdığı fiziki mağazalarda rəqəmsal istehlakçı təcrübəsi ilə analoq istehlakçı təcrübəsini birləşdirməyi bacardı. Bu mağazada hər şey həm rəqəmsaldır, həm də analoq. Digər tərəfdən Amazonun yaratdığı yeni Amazon Go konsepsiyası ilə çıxış edən mağazalarda əksinə olaraq hər şey analoqdur, yalnız girişdə bir dəfə telefonunuzdan istifadə edirsiniz, qalan hər bir alış təcrübəniz yalnız analoqdur, fizikidir.

Bundan başqa misal üçün, Tokioda Sagaya adlı bir restoran da öz müştərilərinə həm rəqəmsal və həm də analoq təcrübəni eyni anda yaşatmağı bacarır. Restoranda əyləşib fiziki olaraq yemək yeyirsiniz, lakin sizi əhatə edən hər şey və hətta masa da daxil olmaqla hər şey rəqəmsaldır. Bu barədə daha ətraflı saytın ən aşağısında yerləşdirdiyim bölmədəki videodan öyrənə biləcəksiniz.

Məsələn, rəqəmsallaşmağa başladığını hiss etdiyimiz mütaliə adəti də əksinə olaraq analoqlaşır. Yəni e-kitab istehlakını son dövrlərdə fiziki kitab istehlakına buraxdığını və fiziki kitab satışlarının artdığını çox asanlıqla görə bilərik, halbuki bizdən bu barədə soruşsalar, hər şeyin rəqəmsala doğru irəlilədiyini bilib bunun tam əskinə olduğunu və ya get-gedə də olacağını deyərdik. Lakin görünür ki, hər şey bizim bildiyimiz kimi deyil və ya bizim bildiyimizin artıq əksinə getdiyini deyə bilərik.




Müasir dövrə uyğun olmadan istehlakçı davranışlarını 180 dərəcə dəyişən və istehlakçı təcrübəsini formalaşdıran dünyanın ticarət nəhəngləri həqiqətən də ağılasığmaz və həyəcanverici şeylər edirlər. Görəsən bizi və ümumilikdə dünyanı qarşıda hələ nələr gözləyir?!

Faydalı olmaq ümidilə...

17.10.2016

Brend yoxsa Məhsul?

Brend yoxsa məhsul? Keyfiyyətsiz məhsul - güclü brend, keyfiyyətli məhsul - zəif brend, keyfiyyətsiz məhsul - zəif brend, keyfiyyətli məhsul - güclü brend. Əslində mən bu qarşılaşdırmaları əbəs yerə etmədim. Bu sadaladıqlarım məhsul və brend qarşılaşmasındakı variantlardır. Deyir ki, məhsullar fabriklərdə yaranır, lakin brendlər isə istehlakçı beynində formalaşır. Belə olan halda şirkət üçün qarşıda iki məsələ durur. Yəni ki şirkət həm məhsulunun üzərində çalışmalı və həm də öz brendinin üzərində işləməlidir. O zaman bir sual ortaya çıxır: şirkət hansı birinin (məhsul və brend) üzərində bir səhvlik edərsə, daha çox ziyana düşmüş olar? Hansı daha önəmlidir? Yəni ki şirkət hansının üzərində bir səhvə yol verərsə, öz gələcək fəaliyyətini daha çox təhlükə altına atmış olar?

Burada müzakirə olunası iki məqam var. Birincisi odur ki, təsəvvür edin ki, bir brend məhsulunda səhvliyə yol verir və keyfiyyətində mənfiyə doğru gedən dəyişikliklər baş verir. Məsələn, Samsung şirkətinin başına gəldiyi son hadisələri yadımıza salaq. Bu səhv addım brendə necə təsir etdi? Və ya ikinci bir məqam odur ki, şirkət burada məhsulun üzərində deyil, brendin (adın) üzərində, brendinq fəaliyyətində səhv addım atır. Bəs bu səhv addım nə ilə nəticələnir? İndi isə gəlin, iki məqamı da müqayisə edək. Hansı addım şirkətin ümumi fəaliyyətini daha çox təhlükə altına atmış olur? Hansı məqamda şirkət daha çox ziyana məruz qalacaq? Çox maraqlı məsələdir, elə deyil mi?


Bu yaxınlarda baş verən hadisələri yəqin ki izləyirdiniz. Samsung şirkəti bir seriyası üzərində uğursuzluq yaşadı. Telefonun partlaması, yanması, durduq yerdə alışması və sairə. Səhv məhsulun üzərində oldu. Lakin nəticə etibarilə brendə ziyan dəymədi. Bu barədə öz Facebook hesabımda status paylaşmışdım və Marketing mütəxəssisi Famil Alməmmədov məsələyə öz münasibətini belə bildirdi: "Samsung səhvə yol verdi, lakin səhv və zərər də həmin seriya üzərindən oldu. Əgər brendə təsir etsəydi, o zaman Samsung-un istehsalı olan digər məhsullarda da göstərərdi. Paltaryuyan, soyuducu, tozsoran və sairə. Ancaq Note 7 seriyasında olan səhvi digər sahələrə təsir etmədi. Sizin rəqiblərə bəxş edəcəyiniz ən böyük hədiyyə buraxacağınız səhvlərdir. Samsung səhv etməklə iPhone-un bazarına təkan oldu. Mən hər zaman demişəm ki, brend və məhsul bir birini tamamlamalıdır. Brend vədlər verir və bu vədlərə də əməl olunduğunu brendin təmsil etdiyi məhsul təsdiq edir."

"Məhsul yoxsa brend? Hansının üzərində edilmiş səhv daha çox ziyan vurur şirkətə?" sualıma isə münasibətlər, fikirlər belə oldu:

"Məncə marka ilə bağlı yol verilmiş səhv daha ciddi fəsadlara yol açacaq. Məhsulla bağlı səhv də maddi olaraq ciddi zərbədir, amma bir marka (Samsung kimi) bunu təkrarlamasa, düzəltmək olar. Yəni böyük markaların belə səhv etməyə kreditlərinin olduğunu düşünürəm, amma bir dəfə, çox yox. Marka ilə bağlı edilmiş ciddi səhvlərin isə düzəldilməsi çox daha çətin ola bilər." (Tehran Abdurrahimov)

"Məhsul ən vacibidir. Əgər məhsul zaydırsa, mənim üçün digər fəaliyyətlər boşdur." (Müşfiq Azəryar/Avrora/Brend menecer)

"Brendi brend edən əvvəllər məhsul haqqında verilən vədlərin qaneedici olması və həmin vədlərin yerinə yetirilməsidir. Yəni məhsul öz güclü tərəflərinə görə istehlakçıların xoşuna gəlir. İstehlakçılar isə çox vəfasızdır. Pul üzərində qurulmuş bir münasibətdən vəfa gözləmək olmaz. Ona görə də kəsinliklə məhsul üzərində buraxılmış davamlı səhvlər ən məhvedici səhvlərdir. Marka üzərində hətta sistematik səhvlər də buraxsan, məhsul müştərini qane edirsə, problem böyük olmayacaq." (Müşfiq Zərbəli/marketoloq)

Sual ətrafında mənim fikrim isə belədir ki, ümumiyyətlə ilk öncə məhsulun keyfiyyətli olması lazımdır. Çünki keyfiyyətsiz məhsulu istehlakçı sevmir. Keyfiyyətsiz məhsul şirkətə pis ad qazandırır. Və inanın mənə ki, daha sonra o keyfiyyətsiz məhsula görə istehlakçı həmin şirkətin başqa bir məhsulunu almayacaq. Çünki artıq istehlakçı öz beynində keyfiyyətsiz məhsul ilə şirkəti assosiasiya edib. Rəfə, vitrinə yaxınlaşarkən seçimini digər şirkətin məhsullarından yana edəcək. Buna görə də ilk öncə məhsul keyfiyyətli olmalıdır. Brendə gəldikdə isə çalışmaq lazımdır ki, strategiyada, brendinq fəaliyyətində səhvə yol verilməsin. Yuxarıdakı şəkildən də göründüyü kimi brend yalnız məhsul deyil, məhsulla bərabər digər amillərində birləşməsindən yaranan məvhumdur. Dəyə biləcək ziyana gəldikdə isə fikrimcə, brendinq fəaliyyətində edilən səhv daha çox özünü biruzə verəcək. Çünki məhsullar fabriklərdə, brendlər isə beyinlərdə yaranır. İstehlakçı beyinlərində brend haqqında mənfi təəssüratlar yaratmaq bir şirkət üçün çox pis haldır.

Növbəti yazılarda daha çox faydalı olmaq ümidi ilə...

24.09.2016

Regional Marketinq və (və ya) Maslounun ehtiyaclar piramidası

Əziz oxucular, bir müddətlik fasilədən sonra maraqlı bir mövzu ətrafında sizinlə söhbətləşmək istəyirəm. Deməli, o günlərdə iştirak etdiyim bir layihənin təlimlərinin birini hamımızın tanıdığı Marketinq üzrə mütəxəssis Rafiq Hunaltay keçdi. Rafiq müəllim deyir ki, biz qlobal Marketinq deyirik, yaşadığımız yerə uyğun Marketinqi lokal Marketinq adlandırırıq, amma bir də regional Marketinq var. Yəni nəinki, ölkələr, hətta ölkənin daxilindəki regionlar belə bir-birindən fərqlənir. Necə? Biz deyirik ki, məsələn, filan ölkənin adətləri budur, ehtiyacları budur, bazarlarında bu kimi məhsullar satılır, bir sözlə, digər ölkələrə bənzəmir.

Məsələn, yaponlar suşi yeyir, amma biz yemirik, onların yaşam tərzləri, ehtiyacları bizim ölkənin insanlarından çox fərqlənir və sairə. Hə, bu arada onu da deyim ki, bir ara bu suşini istədilər ki, gənclər arasında bir trendə çevirsinlər. Yəni suşi yemək bir trend olsun, statusluluq gətirsin suşi yeyənlərə və sairə. Suşi barlar, suşi party-lər falan var idi hətta. Amma alınmadı. Yəni ki bizim gəncliyə suşi yedirdə bilmədilər, alınmadı bir sözlə. İndi az-maz yeyən var, amma trend olmadı, bacarmadılar.

Rafiq müəllim deyir ki, nəinki ölkələrin xüsusiyyətləri, hətta regionların xüsusiyyətləri də bir-birindən fərqlənir. Məsələn, Sumqayıtda yaşayan insanlar Bakıda yaşayan insanlardan fərqlənir. Ehtiyacları, gündəlik adətləri, yaşam tərzi, istehlakçı davranışları, alış motivləri və sairə. Adi bir misal çəkmək istəyirəm, deməli bu Səba şirkəti Sumqayıtda 5-6 yerdə öz mağazalarını açdı. Ət və ət məhsulları, süd və süd məhsulları satılır və bəzi məhsullar bahadır, bəzi məhsullar ucuzdur və sairə, amma sözüm ona ki, bu mağazalar "tutdu", yəni gəlirli oldu. Bilirsiniz necədir, Sumqayıtın əhalisi xoşlayır öz ehtiyacları olan məhsulları on yerdən almağı. Əsasən də mən bu kasıb və normal yaşayan insanları nəzərdə tuturam. Bir-iki məhsulu bir yerdən, üç-dörd məhsulu başqa yerdən və sairə. Elə buna görə Səbanın mağazaları yaxşı işləyir, gəlirli çıxır. Amma satıcıdan da çox şey asılıdır ki, bu da başqa bir yazının mövzusudur.

Adicə fikir verin mall-lara. Bakıda nə qədər mall var, hələ bunun ardı da gəlməkdədir. Amma Sumqayıtda hələ yoxdur. Mall-larda necə olur? Deməli, girirsən içəriyə, gedirsən ordan brend bir mağazadan qəşəng bir xəz alırsan, ordan da çıxıb, supermarketə girirsən, alış-verişini edib, qayıdırsan evə. Yəni rahatdır, hər şeyi bir yerdən alıb çıxırsan. Amma Sumqayıtda yaşayan biri kimi deyə bilərəm ki, bu, Sumqayıtda belə deyil. Bəlkə də olacaq, mall-lar açılacaq, gündəlik adətlər dəyişəcək, amma hələ ki vəziyyət bu cürdür. Ən azından mən belə fikirləşirəm, yanaşmalar fərqli ola bilər təbii ki.


Elə bu layihənin təlimləri ilə bağlı bir neçə gündür ki, gedib-gəlirəm. Və elə Rafiq müəllimin təlimindən sonra başladım müşahidə etməyə. Təsəvvür edin, 28 May metro stansiyasından 20 Yanvar metro stansiyasına kimi xərcimiz cəmi 20 qəpik olur təbii ki metrodan istifadə etsək. Aradakı zaman və məkan məsafəsi elə də çox deyil. Amma inanın ki, insanlar çox fərqlidir. Elə müşahidə edə-edə birdən ağlıma Maslounun ehtiyaclar piramidası gəldi. Bu piramida yəqin ki, hamımıza tanışdır. Məlumat almaq istəyənlər buradan ala bilər.

Arada vaxt edin, siz də müşahidə aparın. İçərişəhər, 28 May, 20 Yanvar metro stansiyaları ətrafında yaşayan, olan insanlara fikir verin. Görün, bu üç regionun insanları arasında Maslounun ehtiyaclar piramidası üzərindən nə kimi fərqlər görürsünüz? Aydın məsələdir, 28 May və İçərişəhər m/s-ın ətrafında yaşayan, olan insanlar daha imkanlıdırlar. Mağazalardakı məhsullar, onların qiymətləri arasında fərqlər də var. Amma 20 yanvar m/s ətrafında olan, yaşayan insanlar nisbətən imkansızdırlar, bəziləri işsiz və sairə. Bu da birbaşa yuxarıda qeyd etdiyim amillərə təsir edir.

Ümumi olaraq götürsək, İçərişəhər m/s ətrafında yaşayan, olan insanlar Maslounun bu piramidasında hardasa 4-5-ci pillədədirlər. Yəni piramidanın bütün pillələrində olan ehtiyaclar artıq ödənilib. Amma bir də fikir verin 20 Yanvar ətrafında yaşayan, olan insanlara. Fikrimcə, 1, 2 və 3-cü pillələrdədirlər bu insanlar. İnanın ki, bəzilərinin heç 1-ci pillədəki ehtiyacları belə çətinliklə ödənilir. Mən demirəm ki, digər regionlarda belə insanlar yoxdur. Hər regionda da eyni tipli insanlar olmur ki. Amma ümumi götürdükdə vəziyyət bu yerdədir.

Elə buna görə də biznesə başlayarkən məkan, yer (place, location) çox önəmlidir. Harada 10.000AZN-lik xəz satacağınızı, harada 10AZN-lik köynək satacağınızı yaxşı bəlli etməlisiniz.

Əziz oxucular, bu yazıda mən Sizinlə öz müşahidə etdiklərimdən yazdım. Mənim bu mövzuda olan fikirlərim bu yöndədir, amma təbii ki kimsə tamamilə fərqli düşünə bilər, hər bir fikrə hörmətlə yanaşıram və onu dinləməyə hazıram. Əlaqə vasitələrimdən istifadə edərək mövzu barədə öz fikirlərinizi bildirə bilərsiniz. Növbəti yazıda daha faydalı olmaq ümidilə..

12.09.2016

"Online İnterview" rubrikası Rəqəmsal Marketinq mütəxəssisi Aysel Cəbrayılova ilə

Əziz oxucular, "Online İnterview" rubrikasının növbəti müsahibəsini təqdim edirəm Sizə. Artıq bu rubrikanın 4-cü müsahibəsidir. Müsahibim isə Aysel xanım Cəbrayılovadır. Aysel Cəbrayılova rəqəmsal marketinq mütəxəssisidir və hal-hazırda Kapital Bankın rəqəmsal marketinq şöbəsində mütəxəssis olaraq fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda bir ilk olan Rəqəmsal Marketinq Konfransının təsisçilərindən biridir. Bununla bərabər Digital AİR təlim proqramında rəqəmsal marketinqi tədris edənlərdən biridir. Aysel xanım bir mütəxəssis kimi bu sahədə geniş təcrübəyə malik olan bir insandır. Müsahibim haqqında olan məlumatlar bu qədər, indi isə keçək müsahibəmizə.



- Aysel xanım, online məcranın get-gedə daha da inkişaf etdiyi və dijitallaşdığımız bir dövrdə bütün biznes növlərinin dijitallaşması və kommunikasiya kanallarının daxilində mütləq şəkildə online kanallar olmalıdır mı? Yəni günümüzdə bütün bizneslər online kommunikasiya kanallarından mütləq şəkildə istifadə etməlidirlər, deyə bir məcburiyyət var mı?

- Bəli, qeyd etdiyiniz kimi günü-gündən rəqəmsallaşırıq. Texnologiyanın inkişafı, mobilləşmə həyat tərzimizi dəyişdiyi kimi satınalma vərdişlərimizi də rəqəmsal istiqamət üzrə dəyişir. Marketinq müştəriyə xitab edən fəaliyyət olduğu üçün bu gün müştəri rəqəmsal platformalardadırsa, deməli kommunikasiya da həmin istiqamətdə aparılmalıdır.

- Bu gün artıq hamımız şahidi oluruq ki, bir çox şirkətlərin reklam büdcələrinin əksər hissəsi offline-dan online-a doğru hərəkət edir. Sizin fikrinizcə, sahəsindən asılı olmayaraq bütün biznes fəaliyyətlərində reklam büdcəsinin əksər hissəsi online-a xərclənməlidir mi? Belə bir mütləq vaciblik var mı?

- Bu normaldır. Xitab olunan auditoriya hardadırsa, reklam büdcəsi də həmin istiqamət üzrə xərclənməlidir. Həmçinin rəqəmsal platformada fəaliyyətin dəqiq ölçülməsi mümkündür. Reklam yerləşdirən şirkət mütləq öz online fəaliyyətini təhlil etməli və effektivliyi üçün həllər yaratmalıdır.

- Vaxt keçdikcə ənənəvi kommunikasiya kanallarının effektivliyi azalmağa başlayır. Fikirləşirsiniz mi ki, gələcəkdə bütün kommunikasiya kanalları rəqəmsallaşacaq? Yoxsa illər keçsə də ənənəvi reklam kanalları istədiyimiz qədər effektiv ola biləcək mi?

- Düşünürəm ki, illər keçsə də ənənəvi kanalların payı qalacaq. Bu gün inkişaf etmiş ölkələrdə də görürük ki, hər nə qədər online inkişaf etsə də ənənəvi kommunikasiya kanalları müəyyən paya sahibdir. Yaxın 10 ildə yalnız online deyil, bütün kanallar birlikdə istifadə ediləcək.

- Aysel xanım, sizin fikrinizcə, ölkəmizdə fəaliyyət göstərən dijital agentliklər və dijital sahənin bir hissəsi olan SMM agentlikləri müştərilərinin tələblərinə cavab verə bilirlər mi? Başqa bir sözlə, bu gün həmin agentliklər digital dünyanın iri-iri addımlarla çatdığı inkişafla ayaqlaşa bilirlər mi?

- Demək olar ki, hər gün xəbər lentimdə yeni bir agentliklə qarşılaşıram. Zamanla müştərilərin tələblərinə cavab verən, rəqabətə davamlı olanlar fəaliyyətə davam edir. İşlədiyim agentliklərə görə deyə bilərəm ki, bəli, qlobal təcrübəni öyrənib lokal tətbiq edirlər. Hərəsinin öz güclü tərəfi var.

- Günümüzdə elan edilən vakansiyalarda bir çox qəribə tələblərin olduğunu görürük. Bəs bir SMM-çiyə olan ən mühüm tələblər nələr olmalıdır, sizin fikrinizcə?

- SMM-çiyə ən mühüm tələb onun yenilikçi, aktiv olması, təhlil və araşdırma qabiliyyətinin olması olmalıdır. Bu gün rəqibləri, paylaşılan məzmunu və reklamları təhlil etmədən nə yeni strategiya yaratmaq, nə də effektiv nəticə almaq mümkün deyil. SMM sahəsində çalışan şəxs daima öz üzərində işləməlidir. Öyrənməyi sevməli və səbrli olmalıdır.

- Rəqəmsal Marketinq sahəsində ixtisaslaşmaq istəyən gənclərə nə kimi məsləhətləriniz olardı? Onlar bu sahədə necə inkişaf edib ixtisaslaşa bilərlər?

- Öz üzərinizdə hər gün işləyin. Gündə ən azı 1-2 saat yenilikləri oxumağa vaxt ayırın. Kitab və online sayt siyahınız olsun. İnkişaf etməsəniz, rəqabətdə qalib gələ bilməzsiniz. Rəqəmsal hər gün yenilənən sahədir. Öyrəndiyiniz alətləri yoxlamaqdan qorxmayın. Çalışın, yenilikçi olun. Bu sahədə yaxşı mütəxəssis olmağınız başqalarının SMM səhvlərini paylaşmaqdan keçməyəcək. Siz daha çox həll verməyə və düzü göstərməyə çalışın. 

- Aysel xanım, siz həm də "Digital AİR" praktiki rəqəmsal marketinq proqramının həmtəsisçisisiniz. Səhifənizdən izlədiyim qədər aktiv təlimlər gedir. Digər rəqəmsal marketinq təlimlərindən fərqi nədədir?

- Bildiyiniz kimi "Digital AİR" proqramı "Marketing AİR" formatından bəhrələnib. Marketinq sahəsində ixtisaslaşmaq üçün nəzəriyyə vacib olsa da praktiki istifadə etmədən ixtisaslaşmaq mümkün deyil. "Digital AİR" praktiki olması və paylaşma istiqamətinə görə digərlərindən fərqlənir. Əsas məqsədimiz dijital mühiti yaratmaq, təcrübəmizi paylaşmaq və öyrənməkdir. Təlimlərdə bizdən əlavə dəvət etdiyimiz mütəxəssislər də təcrübələrini paylaşırlar.

- Hazırda Rəqəmsal Marketinq Konfransına hazırlaşırsınız. Bu il bizi nə gözləyir?

- Hər il olduğu kimi bu il də böyük həvəslə hazırlaşırıq. Türkiyənin tanınmış agentliyi və bank sektorundan qonağımız, həm də bir neçə texnoloji yeniliklərin təqdimatı olacaq. Konfrans 5 Noyabr Badamdar oteldə keçiriləcək.

- Müsahibim olduğunuz üçün təşəkkür edirəm. Bloqum haqqında rəyinizi bilmək istərdim.

- Siz aktiv izlədiyim bloqerlərdən birisiniz. Fəaliyyətinizi yüksək qiymətləndirirəm. Sizə təklifim, yazdıqlarınızı həm də video formatda bizimlə bölüşün. Son təlimin "Sual-cavab" bölməsində natiqlik qabiliyyətinizin olduğunu da gördüm. İnanıram ki, bu sahədə uğur qazanacaqsınız. Fəaliyyətinizdə uğurlar diləyirəm, dəvət üçün təşəkkür edirəm.

Hörmətli oxucular, ümid edirəm ki, Aysel xanımın müsahibəsini bəyənmişsinizdir. Və ümid edirəm ki, mən Sizin istədiyiniz sualları Aysel xanıma ünvanlamışam. Dəyərli zamanınızı ayırıb onu daha da dəyərləndirdiyiniz üçün Sizə təşəkkür edirəm!







11.08.2016

Sizi zənginləşdirəcək 8 Marketing xəzinəsi (xəzinənin 2-ci hissəsi)

Əziz oxucular, əvvəlki yazıda Sizinlə paylaşacağım 8 Marketing xəzinəsinin 1-ci hissəsində onlardan 4-ü ilə tanış olduq. Oxumayanlara tövsiyyə edirəm ki, bu yazıdan öncə buradan ilk hissəni oxusunlar. Bu yazıda isə xəzinənin 2-ci hissəsi ilə davam edirik. Belə ki, ikinci hissədə ingilis dilini yaxşı bilməyənlər üçün daha iki sayt ilə tanış olacağıq. İngilis dilini normal və yüksək səviyyədə bilənlərə 2 sayt haqqında məlumat verəcəm. Sonda isə xüsusilə Marketing sahəsində addımlarını yeni-yeni atanlar üçün, gənclər üçün BONUS olaraq bir məsləhət xarakterli məlumat paylaşacam. Beləliklə, başlayaq.



Marketing Türkiyə

Marketing Türkiyə-də Marketingə, brendlərə, markalara, onların fəaliyyətlərinə dair məlumatlar və xəbərlər paylaşılır. İstər Türkiyə, istərsə də dünya brendləri haqqında xəbərlər oxuya bilərsiniz bu saytdan. Dünyada nələr baş verir, brendlər nə kimi aktivliklər həyata keçirirlər, nə kimi dəyişikliklər olur, hansı şirkətlər birləşir, hansı şirkətlər kimlərə satılır və sairə haqqında suallara cavab tapa bilərsiniz bu saytda. Mən bu saytı Twitter-dən izləyirəm. Sizə də tövsiyyə edirəm ki, inkişafınız üçün bu saytı izləyəsiniz.



MediaCat Online

MediaCat Online haqqında çox söz açmayacağam. Türkiyə Marketinginin ürəyi MediaCat Online-da döyünür, fikrimcə. Məqalələrdən tutmuş dünya xəbərlərinə qədər, akademik yazılardan tutmuş məsləhətli kitablara qədər hər şey tapa bilərsiniz burada. Bir sözlə, özünüz daxil olun və hər şeyi öz gözlərinizlə incələyin, nəyin var olub-olmadığını özünüz görün.
ALİSON

Bəlkə də bu sayt haqqında bir çoxlarınızın xəbəri var. Lakin məlumatlı olmayanlar üçün xəbərdar etmək istədim, ona görə ki, bu saytda olan bütün dərslər ÖDƏNİŞSİZ-dir. Bu imkan ingilis dilini bilənlər üçün çox gözəl imkandır. İlk addım olaraq qeydiyyatdan keçin. İstədiyiniz kursa, dərsə daxil olun, dinləyin, öyrənin, hər şey pulsuzdur, lakin sertifikat pulludur. Yəni Siz deyək ki, SMM üzrə dərsə daxil oldunuz, dərsi bitirdiniz, hə, bu arada hətta imtahan da verdiniz, əgər imtahandan keçsəniz, sertifikat məsələsi gəlir növbəti addım kimi. Sertifikatın alınmasının isə 2 yolu var. İlk yol odur ki, Siz sertifikatı .pdf formatında öz alətinizə yükləyirsiniz, bunun ödənişi səhv etmirəmsə, 17$-dır. Lakin poçt yolu ilə Sizə yaxın olan poçt ünvanına sertifikatın imzalı, möhürlü, kağız formasında gəlməsini istəyirsinizsə, səhv etmirəmsə, 37$ xərcləməli olacaqsınız. Burada istədiyiniz sahəyə dair kurslar, dərslər tapa bilərsiniz. Saytda müxtəlif vaxtlarda endirim aksiyaları olur. Sertifikat əldə etmək üçün qiymətlər endirimli olur bəzi vaxtlarda. Elə isə özünüz daxil olun və bu imkandan faydalanın.
UDEMY

UDEMY də ALİSON kimi müxtəlif sahələrdən dərslərlə, kurslarla zəngindir. Amma kurslar, dərslər ödənişlidir. Yəni ilk olaraq ödəniş edirsiniz, daha sonra dərsə, videoya baxırsınız. Daxil olarkən hər şeyi türk dilində görəcəksiniz, lakin dərslər ingilis dilindədir, onu da deyim ki, türk dilində də az da olsa videolar var. Təbii ki ödənişli olduğu üçün saytı çox da araşdıra bilməmişəm. Lakin sevindirici xəbər ondan ibarətdir ki, burada ÖDƏNİŞSİZ dərslər də var. Saytın daxilində axtarış edin, mütləq tapacaqsınız. Marketing sahəsini əhatə edən dərslərdən də bir neçəsi ödənişsizdir. Mən sonuncu dəfə bu saytda "Brend arxitekturasının qurulması" mövzusunda pulsuz videoya baxmışam. Odur ki, daxil olun və faydalanın.



BONUS

Əziz oxucular, Twitter ölkəmizdə Facebook-a nisbətən az insan tərəfindən istifadə edilsə də, onu qeyd etməliyəm ki, bu sosial şəbəkə Marketing sahəsində olan və inkişaf etmək istəyənlər üçün əvəzsizdir. Son zamanlar Twitter-də aktiv olmağımın səbəbi də elə budur. Mən hətta deyərdim ki, Marketing dünyası, dünya Marketingi Twitter-dədir. Bizim marketologlar çox da aktiv olmasalar da, Türkiyədən və dünyanın müxtəlif yerlərindən marketologlar, biznes sektorunun insanları, Marketing sevərlər, ömrünü, gününü bu sahədə keçirənlərin hamısı Twitter-dədir, bundan əlavə onu da deyim ki, onlar çox aktivdirlər, xüsusilə mən Türkiyə Marketingini Twitter-dən təqib edirəm. Hətta özüm də çox aktivəm, burada müxtəlif paylaşımlar edirəm, blog yazılarımı paylaşıram və ən çox bəyəndiyim tweetləri retweet edirəm. Məni izləmək üçün Twitter-də @NajmaddinAkhun1 yazaraq tapıb izləyə bilərsiniz. Elə isə əgər Twitter hesabınız yoxdursa, elə bu gün özünüzə bir hesab yaradın, məni izləyin, mənim izlədiyim hesabları Siz də izləyə bilərsiniz, məsləhətdir.

Dəyərli zamanınızı ayırıb yazını oxuduğunuz üçün Sizə təşəkkür edirəm. Onu da deyim ki, növbəti dəfə Sizi "Online İnterview" rubrikası gözləyir. Dəyərli müsahibim sahəsi üzrə çox maraqlı suallara cavab verəcək. Növbəti dəfə daha faydalı olmaq ümidi ilə...

4.08.2016

Sizi zənginləşdirəcək 8 Marketing xəzinəsi (xəzinənin 1-ci hissəsi)

Əziz oxucular, bu gün Sizlərlə Marketing və eləcə də satış sahəsini daha yaxşı öyrənməyim və bu sahədə daha da inkişaf etməyim üçün gündəlik olaraq istifadə etdiyim və izlədiyim faydalı resursları paylaşacam. Öncəliklə onu qeyd edim ki, hələ karyeramı qurduğum ilk günlərdən, hansı ki artıq mən qərar vermişdim və mənim qarşımda hədəflərim və güclü məqsədlərim var idi, həmin gündən etibarən Türkiyənin bir sıra Marketing resurslarını, veb saytlarını gündəlik olaraq izləyirdim, elə hazırda da gündəlik olaraq yararlanıram. Əslində resurslar çoxdur, bunu Siz də yaxşı bilirsiniz, amma super kontent, bu artıq tamam başqa şeydir. Hər şeyin ən yaxşısından istifadə etməkdə daha çox yarar var. Bir neçə vaxt ancaq Türkiyənin veb saytlarından istifadə etdim. Daha sonra eyni zamanda bizim marketologların da veb saytlarından və bloglarından faydalanmağa başladım. Və bir neçə vaxt keçəndən sonra iki ingilis dilli veb sayt tapdım, hansı ki onları da Sizinlə paylaşacam. Sizi zənginləşdirəcək Marketing xəzinəsinin 1-ci hissəsini bu yazımda paylaşacam Sizlərlə. Digər, ikinci hissəsini isə oxumaq istəyirsinizsə, bloqu izləməkdə olun, tezliklə paylaşacam. İndi isə gəlin, keçək xəzinənin ilk hissəsinə və görək bu xəzinədən nələr çıxacaq.


Pazarlamasyon

Bu saytda Türkiyənin bir sıra marketologlarının məqalələri, blog yazıları yer alır. Həqiqətən də çox önəmli və faydalı mövzularda məqalələr yazılır marketologlar tərəfindən. Mən şəxsən bu saytdan daha çox istifadə edirəm gündəlik olaraq. Və Pazarlamasyon-u Facebook-da, Linkedin-də, Twitter-də və GooglePlus-da izləyirəm. Çox maraqlı yarışmaları olur Twitter-də. İndiyə kimi 2 yarışmada iştirak etmişəm, amma təəssüflər olsun ki, qalib gəlməmişəm. Onu da deyim ki, hal-hazırda Pazarlamasyon-da "20 günde 20 pazarlama taktiği" adlı əla paylaşımlar edirlər. Hər günün öz məqaləsi olur, amma ilk olaraq bunun üçün abunə olmalısınız. Bundan başqa Pazarlamasyon-un "Marketing Meetup" adlı tədbiri olur səhv etmirəmsə, ildə bir dəfə. Bu tədbir bizim MMF-ə bənzəyir. Mahiyyətcə eyni tədbirdir. Bu tədbiri mən YouTuBe-dan izləmişəm. Məqaləni oxuduqdan sonra bloqun sonunda bu tədbirdən bir spikerin çıxışını izləyə bilərsiniz. Daha çox yazmaq olar Pazarlamasyon haqqında, amma özünüz daxil olun sayta və ilk Marketing xəzinəsindən yararlanın.



Pazarlama İletişimi

Pazarlama İletişimi-ni Pazarlamasyon qədər olmasa da çox bəyənirəm və hər gün istifadə edirəm. Burada da eynilə müxtəlif sahənin marketologları tərəfindən məqalələr, blog yazılar yazılır. Pazarlamasyon-da da olduğu kimi mövzular rəngərəng olur. Kontent maraqlı olduğu üçün hər bir məqaləsi ilə oxucunu özünə cəlb edə bilir. Mən bu saytı da müxtəlif sosial şəbəkələrdən izləyirəm. Odur ki, Siz də daxil olun Pazarlama İletişimi-nə və ikinci Marketing xəzinəsindən də faydalanın.



Pazarlama Türkiye (.net ilə)

Pazarlama Türkiye-ni hər zaman izləməsəm də maraqlı yazılar görəndə oxuyuram. daha çox Türkiyə ilə bağlı rəngarəng mövzularda məqalələr yazılan və araşdırma nəticələri paylaşılan bu saytı da Sizə məsləhət görürəm izləməyi. Odur ki, Siz də üçüncü Marketing xəzinəsini izləyin.

Pazarlama Türkiye (.com ilə)

Digər Pazarlama Türkiye-dən fərqli olaraq bu saytda daha maraqlı və cəlbedici kontentlər paylaşılır. Müxtəlif mövzularda müxtəlif yazarlar tərəfindən rəngarəng məqalələr yazılır. Demək olar ki, Pazarlamasyon-u necə izləyirəmsə, bu saytı da daha sıx aralıqla izləyirəm. Pazarlama Türkiye-nin "Pazarlama Türkiye Zirvesi" adlı bizim MMF-ə bənzər tədbiri keçirilir səhv etmirəmsə, hər il. Bir sözlə, super saytdır. Bu saytı mən daha çox Twitter-dən və Linkedin-dən izləyirəm. Sizə də məsləhət görərdim ki, bu dördüncü Marketing xəzinəsini də izləyəsiniz.



Hörmətli oxucular, zamanınızı ayırıb yazını oxuduğunuz üçün Sizə təşəkkür edirəm. Yazının ikinci hissəsinə buradan keçid edə bilərsiniz.

26.07.2016

Satış işində edilən 7 səhv

Əziz oxucular, bu yazıda sizinlə birgə satış adamları tərəfindən edilən 7 səhvə nəzər salacağıq. Əgər razılaşsaq ki, günümüzdə hər bir kəs satış edir, razılaşsaq ki, bizim həyatımızın çox hissəsi satış etməkdən ibarətdir, o zaman deyə bilərik ki, bu 7 səhvi nəinki satış adamları, eyni zamanda biz də edirik. Əslində hər birimiz gündəlik həyatımızda satışla məşğul oluruq, amma bundan bəzilərimizin xəbəri yoxdur.

Mütləq şəkildə vurğulamaq lazımdır ki, satış sevmədiyimiz halda bizim üçün ən çətin peşə, əks təqdirdə isə ən asan peşədir. Sadəcə bu işi sevmək, düzgün şəkildə həyata keçirmək və eyni zamanda bu 7 səhvi etməmək lazımdır.

Əgər biz satış işindəyiksə və əgər biz hər gün insanlarla münasibətə girib əlaqə yaradırıqsa və onları hərəkətə gətirmək və alış etmək üçün, necə deyərlər, mübarizə aparırıqsa, demək ki, satış zamanı etdiyimiz və ya edə biləcəyimiz problemlər də olacaq, səhvlər də. Lakin bu problemlərə deyil, problemin həllinə fokuslanmaq lazımdır və eyni zamanda etdiyimiz səhvləri zamanında başa düşüb onları aradan qaldırmaq lazımdır.

Elə isə gəlin, satış işində edilən 7 səhvə birgə nəzər yetirək.


1) Özünüzə qarşı inamın olmaması. Mən hətta deyərdim ki, nəinki satış işinə, bütün işlərə başlamaq üçün ilk növbədə insanın özünə inamı olmalıdır. İnam olmazsa, ya işiniz tamamilə alınmayacaq və ya problemlər yaranacaq. Elə buna görə də nəinki satış işinə, istənilən sahədə işə başlamaq üçün ilk öncə inamlı olun, özünüzə inanın, güvənin. Sizin bacarmayacağınız heç bir iş yoxdur. Sadəcə özünüzə inanın, ardı onsuz da gələcək. Uğur olsun!

2) Hazırlıqsız olmaq. Hətta hazırlıqsız olmağın özü də nəinki satış işində, istənilən işi həyata keçirdiyiniz zaman sizi pis vəziyyətdə qoya bilər. Satış işinə başlamamışdan öncə hazırlıqlı olun, bədəninizi, ağlınızı, ruhunuzu bu işə hazırlayın. Özünüzə güvənin. Məhsul və ya xidmətiniz barədə müştərilərin verə biləcəyi hər bir suala cavabınız olmalıdır. Məhsulunuzu və xidmətinizi yaxşı tanıyın, informasiyanız bol olsun. Müştəriləriniz haqda təsəvvürünüz olsun, onları yaxşı tanıyın. Belə olan halda müştərilər də sizi hazırlıqsız olmayan və ciddi bir iş adamı kimi tanıyacaqlar. Bu sizin imicinizə də təsir edəcəkdir.

3) Plansızlıq. Şirkətinizin sizə verdiyi və özünüzün qısa müddətli, uzun müddətli hədəflərinizi planlayın. Nəyi, nə zaman, necə edəcəyinizi biləcəksiniz belə olan halda. Hədəflərlə bərabər eyni zamanda bu hədəflərin də alt hədəflərini planlayın. Planlılıq sizin işinizi asanlaşdıracaq və eyni zamanda sizə sonda nəticə olaraq uğurlu və müvəffəqiyyətli bir iş ortaya qoymağınızda kömək edəcək. Nəinki satış işində, eyni zamanda öz şəxsi həyatınızdakı hədəf və məqsədlərinizə çatmaq üçün onları planlayın. Planlama sizə işinizi effektiv şəkildə görməyinizə yardımçı olacaq.


4) Etibar yarada bilməmək. Bir çox satış mütəxəssislərinin dediyi kimi, etibar yoxdursa, satış da yoxdur. Odur ki, müştərilərinizin sizdən dəfələrlə və uzun müddətli şəkildə alış etməsini istəyirsinizsə, onlarda özünüzə qarşı etibar yaradın. Etibar yaratmağın çətin və vaxt aparan iş olduğunu nəzərə alsaq, satış işinin hər addımında, müştərilərlə əlaqələrinizin hər anında diqqətli olmalısınız, düzgün işləməlisiniz, dürüst olmalısınız, müştəriyə öz satışlarınızdan daha çox onu, onun mənfəətini, onun tələbatının maksimum şəkildə ödənilməsini, onun qazancını düşündüyünüzün hissini verməlisiniz.

5) Ancaq və ancaq məhsula və ya xidmətə fokuslanmaq. Fikrinizi ancaq və ancaq məhsul və ya xidmətinizə doğru yönəldib müştəriləri yaddan çıxarmayın. Onların istəkləri, onların ehtiyacları, onların fikirləri sizin üçün prioritet məsələ olmalıdır. Müştərilərinizə məhsul və ya xidmətinizi çox da tərifləməyin. Məhsulunuzu satmazdan öncə onun faydasını, onun müştəriyə hansı dəyəri verə biləcəyi haqda məlumatı satın. Müştərilərinizə çox önəm verin. Çünki onlar sizin üçün üstü açılmamış bir sirdir. Bu sirr haqqında nə qədər məlumatlı olsanız, bir o qədər sizin üçün əla olacaq.

6) Müştərilərlə maraqlanmamaq. Satış etdiniz və bununla da bitdi, deyə bir şey yoxdur. Müştərilərinizlə maraqlanın. Görün, onların məhsulla və ya xidmətlə bağlı hansısa problemləri var mı? Satış etdiyiniz zaman müştərinizə qarşı nə diqqətsizlik, nə də həddindən artıq şəkildə alış etsin deyə sıxmaq, onu narahat etmək olmaz. Əksinə, müştərilərinizə qərar verməkdə yardımçı olun, onların işini asanlaşdırın. Bu zaman müştəri sizə daha çox inanacaq, sizi daha çox sevəcək, sizə daha çox bağlanacaq. Bu da uzun müddətli və yüksək gəlirli satış etmək deməkdir.



7) Satışa fokuslanmaq və müştərilərlə uzun müddətli əlaqələr yaratmamaq. Hər halda bütün satış adamları daha çox satmaq, daha çox gəlir əldə etmək istəyər. Elə bunun üçün də daha çox satışa fokuslanmaq səhv addım olardı. Çalışmaq lazımdır ki, müştərilərlə əlaqələr möhkəmləşdirilsin, onlar hər zaman diqqətdə saxlanılsın və əlaqələr davam etsin. Əgər müştərilərinizlə möhkəm əlaqələriniz varsa, demək ki, siz bu işdə mütəxəssissiniz. Yuxarıdakı şəkildə gördüyünüz kimi müştərilərinizlə hörümçək toru kimi, güclü, dayanıqlı əlaqələriniz, şəbəkəniz olmalıdır. Uzun müddətli dövrdə yüksək gəlirli satışlar etmək məhz bu əlaqələrdən asılıdır.

Əziz oxucular, növbəti dəfə daha faydalı olmaq ümidilə...

Məqalələrlə bağlı irad və məsləhətləriniz və özəl təklifləriniz barədə najmaddin.akhundov@yahoo.com ünvanına müraciət edə bilərsiniz.

Məqalə üçün bəhrələndiyim resursun ünvanı: Pazarlamasyon

21.07.2016

Filip Kotlerin düşüncəsində ən professional marketolog

Filip Kotler dünyada "Marketingin atası" kimi tanınır. Hal-hazırda 85 yaşı olan ustadın yaşamı boyunca Marketing sahəsində böyük uğurları olmuşdur. Bu uğurları həm şirkətlərdə bir marketolog kimi, həm dünyaca məşhur universitetlərdə tanınmış professor kimi və ən nəhayətdə bir neçə Marketing kitablarının müəllifi və həmmüəllifi kimi qazanmışdır. Təbii olaraq bu ustadın yaşamı və fəaliyyəti boyunca inkişaf etməkdə olan bu sahə haqqında bir çox deyimləri və fikirləri vardır. Onun bir neçə deyimini mən əzbərdən bilirəm. Ustad Filip Kotlerin deyimlərindən biri də belədir: "Mənim fikrimcə, ən professional marketolog o marketologdur ki, onun şəxsi biznesi var. Belə olan halda o, öz biznesinin inkişafı və uzunmüddətli dövrdə yüksək gəlirliliyi əldə etmək üçün bütün Marketing texnikalarından istifadə edir, bütün səylərini cəmləşdirir, çox çalışır, çünki yolunda çalışdığı biznes özünündür. Buna görə də ən professional marketolog şəxsi biznesi olan marketologdur." Mən bu fikri Facebook hesabımda dostlarımla paylaşdım, onlar isə öz fikirlərini bildirdilər. Burada məqsəd 85 yaşlı və ömrünün bir hissəsini Marketingin inkişafına həsr etmiş ustadın fikirlərini sorğulamaq və ya təkzib etmək deyil. Məqsəd sadəcə olaraq həmkarlarımın düşüncələrini almaq və bu yazıda onların da fikirlərinə yer ayırmaqdır. Elə isə gəlin, birlikdə nəzər salaq.


Samir Əfətli - AMEA Mərkəzi Elmi Kitabxana / İnformasiya Resursları Mərkəzi, mütəxəssis: "Ustad düz buyurub. Azərbaycanda marketologun şəxsi biznesi olmadığı halda şirkətlərdə heç vaxt öyrəndiklərini tətbiq etməyə imkan verməyəcəklər."

Niyazi Məmmədov - İş adamı: "Baxır biznesə. İlk növbədə düşünən beyni, döyünən ürəyi olmalıdır. Ən sadə marketoloqa ilk növbədə əlverişli mühit, yaradıcı şərait lazımdır, istər öz biznesi olsun, istər özgəninki. Niyə? Çünki marketinq planlarını cızmaq, idarə etmək, monitorinq etmək üçün öz alətlərini işə salmalıdır. Buna imkan yaradılmalıdır. Üstəlik, marketoloq hədəflərə çatmaq üçün vaxtında düzgün istiqamət və məsləhətlər də verməlidir. Ola bilər öz şəxsi biznesi olsun, amma bunları etmək üçün münbit şərait olmasın, ola da bilər ki, başqası üçün işləsin və heç bir sıxıntısı olmasın. Marketoloqların daimi işdə olmaları da vacib şərt sayılmaz məncə, say-seçmə marketoloqlar var ki, layihədən layihəyə, vaxtaşırı işlərə cəlb olunurlar və xariqələr yaradırlar. Məncə, marketoloqun öz potensialını ortaya qoyub ürəklə işləməsi üçün özünün şəxsi biznesinin olması ona birbaşa uğur qazandıran amil deyil. Buna görə bir az obrazlı şəkildə dedim ki, onun düşünən beyni və döyünən ürəyi olmalıdır ki, öz işini görə bilsin."

Samir Mehdi - shopera.az saytı, direktor: "Yerli bazarda marketologların əli-qolu çox "bağlıdır". Və artıq satış departamenti Marketing departamentinin önünə keçir."

Şəfəq Mürsəlli - biznes analitik, layihə meneceri, Life Coach: "İstər şəxsi biznes olsun, istərsə də hər hansısa şirkətdə çalışmış olsun, əsas olan təcrübədir. Təhsillə müqayisə etsəydiniz, bu ayrı məsələ, Marketingdə nəzəriyyədən daha çox praktika önəmlidir, xarici ədəbiyyatları oxuyub, onu yerli bazara tətbiq edəndə təbii ki həmin effektlər verməyəcək, istər iqtisadi baxımdan, istər mədəni, istərsə də psixoloji baxımdan həmin nəticələri əldə etmək ehtimalı azdır. Qayıdaq təkrar burdakı suala, effektivliyi şirkətlərdə də göstərmək olar, əgər bacarıqlarını, təcrübəni düzgün təqdim edə bilirsinizsə və təbii ki çalışdığınız şirkət, ideyalara açıqdırsa, ki, açıq olması lazımdır inkişaf üçün, siz öz professionallığınızı orada da göstərəcəksiniz. Təbii ki şəxsi biznesdə bu daha qabarıq özünü göstərəcək, əgər biznesiniz uğurlu olacaqsa, bu birbaşa sizdən asılı olacaq və bu da birbaşa sizin professionallığınızın nəticəsi olacaq."

Öz fikirlərini bildirən hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Əziz oxucular, əgər sizin də bu mövzu barədə hansısa düşüncələriniz varsa, bizimlə paylaşa bilərsiniz. Sosial şəbəkələr və najmaddin.akhundov@yahoo.com elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz. Növbəti məqalələrdə yenə də ustadın deyimləri barədə yazacam. Dəyərli zamanınızı ayırıb yazını oxuduğunuz üçün sizə də təşəkkür edirəm.

14.07.2016

Xaricdə Marketing təhsili və lokal bazarın xüsusiyyətləri

Bir neçə vaxt bundan əvvəl məhəlləmizdə bir mağazanın həm sahibi, həm satıcısı olan biri məndən harada oxuduğumu soruşdu. Mən də dedim ki, ADİU-un Kommersiya fakultəsini bitirdim. Məndən bu fakultənin nə olduğunu soruşdu. Soruşdu ki, bitirəndən sonra nə işləyə bilərsən, hansı sahədir bu? Mən də dedim ki, satışla bağlıdır, oxuduğum da, işim də satışdır, Marketingdir. Mənə belə bir sual ünvanladı: "Mənim 22-23 ildir ki, hər gün gördüyüm işi sənə universitetdə 4 ilə mi öyrədirlər? Axı buna nə ehtiyac var? Satışın da təhsili mi olar, tədrisi mi olar?" Başladım bəzi məsələlər barədə danışmağa. Danışığımız hardasa yarım saat çəkdi. Mən bu işin 4 il təhsilini aldığım üçün bilirəm ki, satışın da, Marketingin də tədrisinin olması normaldır və bu olmalıdır.


Amma belə bir sual çıxdı ortaya ki, ümumiyyətlə ölkəmizdə bu ixtisası tədris edən universitetlərdə ixtisas bilikləri nə dərəcədə öyrədilir? Aydın məsələdir ki, 4 il bu fakultəni oxuyub bitirən tələbələrin 4 ilin sonunda 50%-dən çoxu bu fakultənin nə işə yaradığını bilmir. Azərbaycan universitetləri bir yana, bunu bir çox dünya universitetlərində tədris edirlər. Amma bir məsələ çıxır ortaya. Qlokal sahə olan Marketingin (qlobal öyrənib lokal tətbiq etmək) həm tədris və həm də tətbiq olunduğu Azərbaycan və Azərbaycan bazarı spesifik bazardır. Bu bazarın özünəməxsus istehlak davranışları olan istehlakçıları var. Sual bundadır ki, xaricdə bu ixtisasın təhsilini alıb gələn insanlar lokal bazarda nə dərəcədə işlərində effektiv olurlar? Həmvətənlərimiz gedir Marketingin təhsilini xaricdə alırlar. Tamam başqa mühit, Azərbaycana nisbətdə xeyli inkişaf etmiş Marketing sahəsi, fərqli biznes mühiti və sairə bu kimi amillər xaricdə təhsil almış bir həmvətənlimizin lokal bazardakı işinə nə dərəcədə təsir edir? Elə məhz bu suala cavab tapmaq üçün mən yenə də öz facebook hesabımdan istifadə edərək bu sahənin adamlarına, həmkarlarıma belə bir sual ünvanladım: "Marketing təhsilini xaricdə alan insanlar lokal bazarda fəaliyyət göstərərkən çətinliklərlə üzləşirlər mi, əziyyət çəkirlər mi? Lokal bazarın xüsusiyyətlərini anlayıb buna əsasən Marketing fəaliyyətini aparmaqda problemlərlə qarşılaşırlar mı? Məhz buna görə Marketing təhsilini ölkəmizdə yoxsa xaricdə almaq daha məsləhətdır?" Fikirlər bir-birinə yaxın, bəzən fərqli və ən əsası maraqlı oldu, ən önəmlisi isə odur ki, Marketing üzrə ekspertlər fikir bildirdilər. Gəlin, birgə nəzər salaq.

"Marketing nəzəriyyəsi anlayışı yoxdur. Marketing praktikası anlayışı var. Çünki hər bir nəzəriyyə hansısa praktikaya əsasən yaranır. Öyrənilən nəzəriyyənin tətbiqi isə hər kəsin öz öhdəliyinə düşür. Marketing bir müştəri davranışı elmidir. Ümumi öyrənilən lokal davranışa uyğunlaşdırılır, olur Marketing. Marketing bir evdir. Fundamenti (research), 4 divarı (4P), pəncərəsi (environment), qapısı (segment), damı (marketing audit) olan bir evdir. Hamının evi müəyyən qədər eksteryer olaraq çox bənzərdir (marketing nəzəriyyəsini öyrənir). Amma hamının evinin içi fərqli dizayndadır (marketing praktikası, yəni fərqli şəkildə müştəri davranışına uyğun təsbiq). Qaldı ki, xaricdə təhsilə. Bu, tikilən evin (marketing nəzəriyyəsinin) möhkəmliyi ilə bağlıdır. Xaricdə təhsil həm nəzəriyyəni, həm də praktikanı birgə öyrənmək üçün ən gözəl şansdır. Beynəlxalq şəbəkəni inkişaf etdirmək olur, beynəlxalq əlaqələr mümkün olur, sırf təhsilə yönəlmək və daha nələr, nələr..."   (Seymur Quliyev - SOCAR-ın ixracat üzrə marketing eksperti)

"Ölkəmizdəki təhsil sistemi və onun keyfiyyəti göz qabağındadır. Cəhdlər var. Ancaq mənə görə hələ istənilən həddə çatmağımıza çox var. Buna görə də təhsil səviyyəsini nəzərə alıb xaricdə təhsil almağa dəyər. Mənə görə xaricdə təhsil həm şans və həm də fürsətdir. Ona görə ki xaricdə təhsil alındığı müddətdə yerli bazarı, yerli istehlakçıları, yerli şirkətlərin fəaliyyətlərini görmək imkanları vardır. Bunun özü də ayrılıqda bir təcrübədir və həm də uyğun olarsa, öz yerli bazarımızda da tətbiq edib müəyyən nəaliyyətlər əldə etmək olar."   (Famil Alməmmədov - Marketing üzrə ekspert)

"Mənim fikrimcə, ən böyük məktəb yerli bazarda satış mütəxəssisi olaraq işə başlayıb eyni zamanda Marketing üzrə Qafqaz Universitetində təhsil almaqdır."   (İlkin Ağaoğlu - Satış Mütəxəssisi, Marketoloq)

"Bildiyiniz kimi, Marmara Universitetinin "Marketing" bölümündə təhsil alıram. Bu sahəyə görə Türkiyədə ən oturuşmuş universitetlərin başında gəlir. Həm müəllim heyəti, heyətdəki professor sayı ilə və çıxan işlərin keyfiyyətinə göstərilən diqqət ilə. Gələk, lokal və ya qlobal oluşuna, mən qlokalizasiyanı müdafiə edərdim. Kürəsəl düşünüb, lokal davranmağı. Vizyonunuz olmadan heç yerə gedə bilməzsiniz. Heç kəsin doğuşdan hər hansı bir istedadla doğulduğuna inanmıram. Bu yaşanılan və həyatına edilən fərqli dəyişkənlərin təsiri ilə mümkündür. Dolayısıyla Marketingdə kreativlik önəmlidir, amma kreativlikdən ibarət deyil sadəcə Marketinq. Nəticə etibarilə planlı, programlı, disiplinli çalışmaq və bir çox ixtisasın bilgilərini öyrənməkdir. Xaricdə təhsilin müsbət tərəfləri:

1. Fərqli fikirlər, fərqli düşüncələr;
2. Qlokalizasiya üçün zəmin yaranır;
3. Hər bir kəs özünü yaxşı təhsillə daha da irəliyə aparır.

Mən Azərbaycanda TÜDİFAK-da təhsil almışam. Oradakı təhsilin formatı bura uyğundur deyə çətinlik çəkmədən uyğunlaşdım. Amma Azərbaycandakı bir çox təhsil yerlərində verilən Marketinq tədrisində hələ də Marketinqi iqtisad uzantısı olaraq görən yerlər var. Marketinqdən neçə professorumuz var? Elmi məqalələrə çatmaq üçün neçə universitetimiz beynəlxalq databaselərlə anlaşma edib? Neçə universitetin akademik jurnalı var? Bizdə marketoloq "jıvoy satışcıdır". Buna başqa amillər də təsir edir. Ölkədəki monopoliya əsas səbəblərdəndir. Və bəzi marketoloqlar var ki, desən ki, işini bir taksi sürücüsünə başa sal, onu başa sala bilməzlər. Bunlar problemlərdir. Adi Marketinq qruplarında adamlar görürəm ki, işlərini başqalarına dolayı yolla gördürürlər. Burada bir digər problem çıxır: mənəvi yetərsizlik. Bunların fonunda məncə xaricdə təhsilin niyə lazım olduğu kifayət qədər anlaşılır. Bir də onu da əlavə edim ki, düşüncə, fikir inkişafına əlavə olaraq, sadəcə təhsil yox, insanların da özlərini inkişaf etdirmələri, online sertifikatları, tədrisatları izləməli olduqlarını və bütün gündəmə dair yeniliklərə baxmalı olduqlarını düşünürəm. Marketoloq dayanmamalıdır. Dayansa, yarışdan qalacaq. Dayansa, yıxılacaq. Əlbəttə artan sürətlə gələn informasiya yığımının hamısına yetişə bilmərik. Amma bunların mümkün mərtəbə çoxunu izləməlidir."   (Qələndər Məmmədli - Marketoloq)

Əziz oxucular, növbəti yazıda daha yaxşı bir iş ortaya qoymaq və daha faydalı olmaq ümidilə...

Məqalələr barədə irad və məsləhətlərinizi və ya şəxsi təkliflərinizi najmaddin.akhundov@yahoo.com ünvanına yaza bilərsiniz. Öncədən Təşəkkürlər!

23.06.2016

Satmayın.. Dəyər yaradın!

Əziz oxucular, Marketing sahəsi üzrə özümü inkişaf etdirə-etdirə, bu sahədə çalışa-çalışa şahidi oluram ki, Marketing həqiqətən də geniş sahədir. Hərdən elə yerlərə qədər gedib çıxır ki, özüm də məəttəl qalıram. Elələri var ki, deyir ki, bəsdirin də bu Marketingi bu qədər böyütdünüz. Bu, adi bir ehtiyacın qarşılanması və sairə falan, filandır. Amma əzizlərim, inanın ki, elə deyil. Biz zatən çalışdığımız şirkətlərdə son nəticə olaraq satışın artımı üçün çalışırıq. Amma hara kimi satmaq olar? Hara kimi pullu reklamlardan istifadə edib məhsulu sata bilərik? Axı hara kimi biz insanların "gözünə girə bilərik" ? Axı nə vaxta kimi biz ancaq məhsulu satmaq üçün reklamdan istifadə edəcəyik? Ola bilər ki, oxuculardan biri düşünsün ki, belə etmədən biz necə şirkətin satışlarını artıra bilərik? Başqa üsullar və başqa yollar da var. Bunların hamısı Marketing fəaliyyətində gizlidir. Ona görə həmişə deyirik ki, Marketing önəmlidir. Marketing olmalıdır, şöbə kimi, departament kimi, ümumilikdə bir fəaliyyət kimi və sairə.

Əziz oxucular, satmağın, satış etməyin ən gözəl yollarından biri də dəyər yaratmaqdır. İnsanların gözündə, qəlbində bir dəyər qazana bilməkdir. Mənim fikrimcə: "İnsanların cibindəki dəyəri qazanmamışdan əvvəl onların ürəklərindəki dəyəri, sevgini və hörməti qazanmaq lazımdır. Belə olan halda mən əminəm ki, onların cibindəki dəyəri qazanmaq çox asan olacaq." Gəlin, xarici təcrübəyə nəzər yetirək və mən daha sonra yerli şirkətdən nümunə gətirəcəm. Coca-Cola və P&G kimi şirkətlər nə vaxt öz məhsullarını satmaq üçün reklam ediblər? Bu, sadəcə iki nümunədir. Başqa nümunələrdən yazsam, uzun bir məqalə yazmış olaram. Coca-Cola da, P&G də ancaq sevdirir, ancaq dəyər yaradır, amma qətiyyən satmır. Türkiyə nümunəsində Türkcell-i misal gətirə bilərik. Adamlar reklam çəkir ağladır, güldürür, birləşdirir və bir sözlə, dəyər qatır, dəyər yaradır. İndi isə yerli nümunədən misal gətirək. Xeyr, xeyr, hər hansısa bir reklamdan söhbət getmir. Bu gün biz marketologları mübarək Ramazan ayında bir məkanda birləşdirən təşkilatçılardan və bu iftarın bütün təamlarını bizim üçün ödənişsiz şəkildə təqdim edən, SATMAYAN, amma dəyər qazandıran, dəyər yaradan Lime Catering şirkətindən söhbət gedir.



Hamımızın da bildiyi kimi bu gün marketologların Lake Palace-da iftar görüşü oldu. Bir neçə nəfər öz tənqidli fikrini bildirdi, amma mən bu görüşü təqdir etdim və şəxsən iştirak etdim. "Axı ödənişsiz təamlar verilirdi, bəs niyə ödəniş 10 AZN göstərilib?" - sualınıza və hətta sualımıza İlkin müəllim çox gözəl cavab verdi görüşdə. Dedi ki, bu sadəcə filtr rolunu oynadı, bizi daha çox kimlər sevir, kimlər bizim həqiqi dostlarımızdır, bu, iftar zamanı bilindi. Lime Catering şirkətindən olan nümayəndələr bizə reklam materialı verdilər, hansı ki, ona heç ehtiyac yox idi. Çünki Lime Catering şirkəti bu addımı ataraq öz reklamını etmiş oldu. Mənim fikrimcə, dəyər yaratdı, bir dəyər qatdı bizlərə, amma SATMADI. Mən qətiyyən və qətiyyən bu blogpostu reklam etməyə və 10 AZN "qabağa düşdüyümə" görə yazmadım. Mən sadəcə blogpost üçün əla bir nümunə gətirdim. Mehriban xanım demişkən, mən paştet blogger deyiləm. Son olaraq, marketologların iftar görüşünü təşkil etdiyinə görə İlkin müəllimə, Anar müəllimə, Rafiq müəllimə və adını bilməsəm də hörmət etdiyim dəyərli xanım marketologlara, eyni zamanda, Lime Catering şirkətinə və təşkilatçılıqda əməyi keçən hər bir kəsə təşəkkürümü bildirirəm. Allah bizə növbəti Ramazan bayramında da bir yerdə iftar görüşündə görüşməyi, faydalı olmağı, faydalanmağı nəsib etsin!

Növbəti dəfə daha faydalı olmaq ümidilə...

6.06.2016

Marketing inkişaf etdirir, amma inkişaf etmir? Kimdir günahkar?

Mən keçən blopostlarda da qeyd etmişdim ki, öz blogumda çalışacam ki, öz yazılarımdan daha çox bu sahənin professionallarının müəyyən mövzular ətrafında olan düşüncələrini, fikirlərini sizlərlə paylaşım. Düşünürəm ki, belə daha çox faydalı ola biləcəm. Bu blogpostda da sizlərlə başlıqda gördüyünüz sual ətrafında Marketing mütəxəssislərinin suala cavab olaraq bildirdikləri fikirlərini paylaşacam.

3 iyun tarixində öz facebook profilimdə hörmətli həmkarlarıma belə bir sual ünvanladım: " Sizin fikrinizcə, bu gün ölkəmizdə Marketing sahəsinin inkişafının qarşısını hansı amillər alır? " Biz çox gözəl bilirik ki, harada ki Marketing var, demək ki, orada mütləq inkişaf vardır və bundan sonra da olacaqdır. Hətta ölkədə böhran zamanında bir sıra marketologlar təklif edirdilər ki, dövlət müəssisələrində, bələdiyyələrdə marketing şöbələri yaradılsın. Bu təklif hal-hazırda da yerində qalır və vacibliyi həddən artıqdır. Yəni olduğu bütün mühitin inkişafını reallaşdıran bu Marketingin özü necə, inkişaf edir mi? Etmirsə, buna səbəb nədir? Ölkəmizdə hər il Marketingin inkişaf etdiyini görürük, amma bir də bu inkişafa mane olan amilləri nəzərdə keçirək. İndi isə keçək sualı cavablandıran mütəxəssislərimizin fikirlərinə.



" Düşüncə tərzi. Cəmiyyətin, rəhbərlərin, fərdlərin, ümumilikdə hər kəsin Marketing haqda düşüncəsindən danışıram. Marketing təkcə reklam və ya kompaniya deyil. Marketing şirkətdə bir nəfərin düşünməsi və çalışması ilə əmələ gələn məsələ də deyil. Nə qədər ki, Marketing barəsində bu şəkildə dar düşüncədə olacağıq, o zaman dar çərçivədə də inkişaf olacaq. " (Röyal İbrahimov - Marketing mütəxəssisi)

" Marketingin inkişafının qarşısını alan qüvvə mövcud deyil. Sadəcə günlük rutin problemlər var:

1. Şirkətlərin doğru kadr seçə bilməməsi;
2. Seçilən kadrların tam yetişməməsi;
3. Bir çox hallarda marketolog dostlarımızın öz missiyalarını müəssisələrinə belə qəbul etdirə bilməməsi;
4. Bəzi sektorlarda ya təkəlçiliyin ( məsələn, yanacaq satışı ) olması, bəzi sektorlarda rəqabətin səthi olması ( məsələn, marketlər );
5. Siyasilərin ümumiyyətlə ictimai rəy formalaşdırmağa ehtiyacı olmadığı üçün belə bir sektorun olmaması;
6. Bəzi sektorların kpnjuktorları özlərinin əlində olmaması. ( məsələn, bank ) 

Bu siyahını uzatmaq da olar, amma sadaladıqlarımın heç biri marketinqin inkişafını dayandıran faktor deyil. Çox demirəm 15 il əvvələ qədər marketinq vizitkart çap edən və BP işçilərinə badj düzəldən departamentdən başqa bir şey deyildi. Ölkədə Marketingin gəldiyi yer digər sahələrdən daha yüksəkdədir. " (Firdovsi Xəlilov - Megafun-ın layihə meneceri)

" Kökündə alverçilik olub özünü sahibkar kimi göstərən boss-lar. Sahibkarı alverçidən fərqləndirən vacib xüsusiyyətlər isə sağlam düşüncə və sağlam vizyondur. Bunun yanında vicdan. " (Tural Abbaslı - PR mütəxəssisi)

" Məncə heç nə almır, Marketing inkişaf edir. Əlbəttə ki problemlər var, amma səylə çalışıb ortaya iş qoyanda onun qarşısında heç bir əngəl tab gətirmir. " (Müşfiq Azəryar - Avrora şirkətinin brend meneceri)

" Mənə görə Marketing bir həyat tərzidir desəm, yanılmaram. İxtisasından və peşəsindən asılı olmayaraq hər kəs marketingin hər hansı bir bölməsi, şöbəsi ilə məşğuldur. Özü də bunu hiss etmədən. " (Vüsal Hacıyev - Marketing mütəxəssisi)

" Səbəblərdən biri sahibkarların eqolarıdır. "Yalnız mən bilirəm" düşüncəsi.. Bir az altdan alsaydılar, bilmək olardı ki, əsas məsələ çox qazanmaq deyil, əsas məsələ çox müştəri dəyəri qazanmaqdır. Deməzdim ki, sahibkarlar savadsızdırlar. Sadəcə öz savadlarından dar mənada istifadə edirlər. Dəyişiklikləri qəbul etmirlər, aşağıdan gələn təkliflərə baxmırlar. " (Səxavət Məmmədov)

" Marketing bir sevgidir, aşiq olmayan bilməz. Marketingi sevməyənlərin sayı çox olduqca bu sahə inkişaf etməz. Hər yerindən duran ilə Marketing qatarı getməz. Marketingi sevməyənlər "təki iş tapım" deyərək bu yola baş qoyan, iqtisadiyyatın tərifini bilməyənlərdir. " (Seymur Quliyev - SOCAR-ın ixrac üzrə marketing meneceri)

" "Zənginliyin açarı", "Uğurun 100 qanunu" və sairə bu kimi kitablara marağın çox olması. Real analitik Marketing təfəkkürünü inkişaf etdirəcək kitabların tərcüməsi azlıq təşkil edir, demək olar ki, yoxdur. Rəhbərlərin marketologu çökəndə yadına salması və marketologu buklet çap edən kimi başa düşüb şirkətə çağırması. marketologlara sərbəstlik və uzunmüddətli layihələrin həyata keçirmək imkanlarının yaradılmaması. Uzun sözün qısası, ölkəmizdə marketing hələ qəbul olunmur, olunsa da yalnış qəbul olunur. " (İlkin Ağaoğlu - MTS Group-un təsisçisi, Marketing və Satış mütəxəssisi)

" Məncə, ən böyük səbəb ancaq satışa odaklanmaq, markalaşmağı unutmağımızdır. " (Ehtiram Qurbanov - SMM mütəxəssisi)

Əziz oxucular, mən ümid edirəm ki, bu blogpost da, mütəxəssislərimizə ünvanladığım sual da və onların cavabları da sizin üçün maraqlı, faydalı və öyrədici olmuşdur. Bəs siz necə düşünürsünüz? Öz cavablarınızı mənə Facebook, Twitter və Linkedin vasitəsilə yaza bilərsiniz. Sizin cavablarınız mənim üçün çox maraqlıdır. Zamanınızı ayırıb blogpostu oxuduğunuz üçün Sizə təşəkkür edirəm.

30.05.2016

Kimlər daha çox "bazar şünas"dır?

Əziz və hörmətli oxucular, hər birinizi salamlayıram. Bir neçə vaxtdan sonra yenidən mövzunun adından da göründüyü kimi maraqlı bir blogpost ilə işimə davam edirəm. Mən həmişə çalışıram ki, bir blogger olaraq blogumda daha çox professionalların, Marketing mütəxəssislərinin fikirlərinə, dediklərinə daha çox yer ayırım. Çünki mən 1 ildən çoxdur ki, Marketing sahəsində karyeraya başlamışam. Amma bizim marketologlarımız var ki, illərini bu işə sərf etmiş insanlardır. Onlar daha çox sizlərə faydalı ola bilər, nəinki mən. Elə buna görə də mütəxəssislərimizə bir sual verdim, müxtəlif, fərqli cavablar aldım. Mövzuya giriş edəndən sonra onların fikirlərini sizlərlə paylaşacam.

Ümumiyyətlə, çoxlarınızın da bildiyi kimi "bazarşünas" sözü türk dilində "pazarlamacı" və rus dilində "маркетолог (marketoloq)" kimi adlandırılan sözün bizim dildə tərcüməsidir. Amma bu sözdən nədənsə istifadə etmirik. Ola bilsin ki, digər sözlər bizim dilimizdə oturuşub deyə bu, belədir. Amma mən bu blogpostda bu sözü marketoloq mənasında işlətməmişəm. Bazarı, adi və böhran zamanlarında istehlakçıları, onların alış motivlərini, alıcılıq qabiliyyətini bilən, müştərisini yaxşı tanıyan insanları şərti olaraq belə adlandırmışam sırf bu blogpost üçün: " Bazar Şünas".

25 Mayda öz facebook profilimdə marketologlara belə bir sual ünvanladım: " Bazarı və istehlakçıları kimlər daha yaxşı bilirlər, tanıyırlar? Cavabınızı yazın və zəhmət olmazsa, aydınlıq gətirin:

A) Satış təmsilçiləri (satış mütəxəssisləri, satıcılar);

B) Marketologlar (marketing mütəxəssisləri, brend menecerlər) "

Həqiqətən də çox maraqlı cavablar gəldi. Gənc marketolog da, professionallar da bu suala öz cavablarını yazıb açıqlamasını verdilər. Onların fikirlərini sizlərlə paylaşmamışdan əvvəl mənim sualıma cavab yazan, öz fikrini bildirən hər bir kəsə təşəkkür edirəm. Həmişə sayılan, seçilən və hörmətli olsunlar. Minnətdarlığımı bildirirəm!

İlk öncə ev yiyəsi olaraq bir-iki kəlmə mən deyim. Bazarı və istehlakçıları ola bilsin ki, satış mütəxəssisləri və satıcılar daha yaxşı bilsinlər və tanısınlar. Çünki onlar birbaşa son istehlakçı ilə ünsiyyətdə olurlar, onlara satış edirlər, nə aldıqlarını, nə aralıqda aldıqlarını, məhsulların qiymətlərini, alış motivlərini, alıcılıq qabiliyyətini məhz buna görə onlar daha yaxşı bilə bilərlər. Axı bir tərəfdə də biz marketologlar varıq. Hansı ki, marketing araşdırmaları apararaq, analizlər edərək müştərini və bazarı öyrənə bilirik. Yaxşı bəs kim daha yaxşıdır bu işdə, kimlər daha çox "bazar şünas"dır? Bu sualı mən soruşdum, onlar cavabladılar. Buyurun!


" İstehlakçıları təbii ki, marketinq mütəxəssisi daha yaxşı tanıyır. Ona görə ki, marketinq mütəxəssisi özü hədəf kütlələrini müəyyən edir. Müəyyən edəndə isə təbii ki, o, öz hədəf kütlələrini daha dərindən analiz edir. Bu da nəticə etibarı ilə istehlakçıları daha yaxından tanımağa zəmin yaradır. Satış təmsilçisi üçün istehlakçıların bir o qədər önəmi yoxdur. Heç onun işi də deyil. Onlar üçün öndə olan müştərilərlə münasibətlərin qaydasında olmasıdır. "   (Famil Alməmmədov - Marketing mütəxəssisi, Herba Flora şirkətinin brend meneceri)

" Satış təmsilçisi bazar ilə birbaşa kontaktda olur və satış təmsilçisinin muhatabı son istehlakçı olmaya da bilər. Amma marketologun fokus nöqtəsi birbaşa müştəridir. Bazardan başlayıb bazarda fəaliyyətini davam etdirən hər kəs müştəri haqqında məlumatlı olur. Burda ayırım etmək düzgün olmaz məncə. "   (Seymur Quliyev - SOCAR-ın ixrac üzrə marketing meneceri)

" Satıcılar təcrübə olaraq birbaşa əlaqədədir, bu isə ən böyük fürsətdir. Lakin çox zaman təhsil imkanları bəzi şeylərdən yararlanmağa imkan vermir. Marketologların analitik olaraq araşdırma imkanı olur. Satış mütəxəssisləri ilə marketing mütəxəssisləri birlikdə çalışmalı və o zaman uğur qazanmaq şansı yüksək olur. "   (Yusif Vəliyev - Modern Marketing Group-un təsisçisi)

 İstehlakçıları və bazarı araşdırıb öyrənmək birbaşa marketinq mütəxəssislərinin öhdəliyidir. Lakin satıcılar da istehlakçıları (xüsusən də birbaşa onlarla işləyirsə, yəni müştəriləri elə sonuncu istehlakçıdırsa) və bazarı bilməlidirlər. Onlar öz müştərilərinin istəklərini və problemlərini yaxşı bilməlidirlər. Bu həm potensial müştərilərlə tez dil tapmağa, həm də satışı effektli həyata keçirməyə, etirazları adlamağa ciddi kömək edir. Rəqibləri bilmək də mütləqdir. Çünki danışıqlar zamanı çox güman ki, müqayisə aparılır. Ən azından müştəri öz beynində müqayisələndirir. Bu zaman daha məlumatlı tərəf üstünlük qazanır. Məncə şirkətlərdə marketinq şöbəsinin öhdəliklərindən biri də elə satış personalına müştəriləri, istehlakçıları və bazarı öyrətmək və daim məlumatlandırmaq olmalıdır. "   (Azad Qəhrəmanov - Satış mütəxəssisi, SAT GROUP-un təsisçisi)

" Hər ikisi. Amma brend menecer daha strateji yanaşa bilir və daha təməl tanıyır, lakin satıcı proseslərə uyğun situativ tanıyır. Satış təmsilçiləri istehlakçıları ümumiyyətlə tanımır. Azdan-çoxdan marketing mütəxəssisləri tanıyır araşdırmalarla."   (Müşfiq Azəryar - Avrora şirkətində brend menecer vəzifəsini icra edir)

" Heç bir satış praktikası olmadan marketolog müştəriləri və bazarı praktik tanımır. Statik tanıyır. Satış meneceri də müştərini tanıyır, amma əgər onun da marketing haqqında anlayışı yoxdursa və marketing şöbəsinin təşkil etdiyi kompaniya və qiymət strategiyasını mənimsəyə bilmirsə, tanısa belə müştərini lazım olan məhsula yönəldə bilmir. Bunlar hər ikisi bütövləşmiş sahədir. Ayrı-ayrılıqda heç bir işə yaramır. Marketing müştərini tanımalıdır ki, onu məhsula cəlb etsin və satış o müştərini gəlirə çevirə bilsin. Satış da müştərini tanımalıdır ki, marketingin işi havada qalmasın. Azərbaycan reallığında isə satış daha çox müştəriləri tanıyır. "   (İlkin Ağaoğlu - MTS Group-un təsisçisi)

" Satıcılar istehlakçılara daha yaxındırlar. Yəni satış zamanı onların fikirlərini ala bilərlər. Marketologlar bazarı araşdırırlar. İstehlakçılara psixoloji təsir edərək onları mağazaya gətirə bilirlər. "   (Mustafa Namazlı - ADİU-un III kurs tələbəsi, blogger)

Əziz oxucular, başda bir neçə professionallarımız olmaqla gənc dostumuzun da fikirləri ilə tanış oldunuz. Bəs siz hansı fikirdəsiniz? Mən sizin də fikirlərinizi bilmək istərdim. Mənə mütləq yazın. Sizin fikirləriniz hər zaman mənim üçün önəmlidir.