30.05.2016

Kimlər daha çox "bazar şünas"dır?

Əziz və hörmətli oxucular, hər birinizi salamlayıram. Bir neçə vaxtdan sonra yenidən mövzunun adından da göründüyü kimi maraqlı bir blogpost ilə işimə davam edirəm. Mən həmişə çalışıram ki, bir blogger olaraq blogumda daha çox professionalların, Marketing mütəxəssislərinin fikirlərinə, dediklərinə daha çox yer ayırım. Çünki mən 1 ildən çoxdur ki, Marketing sahəsində karyeraya başlamışam. Amma bizim marketologlarımız var ki, illərini bu işə sərf etmiş insanlardır. Onlar daha çox sizlərə faydalı ola bilər, nəinki mən. Elə buna görə də mütəxəssislərimizə bir sual verdim, müxtəlif, fərqli cavablar aldım. Mövzuya giriş edəndən sonra onların fikirlərini sizlərlə paylaşacam.

Ümumiyyətlə, çoxlarınızın da bildiyi kimi "bazarşünas" sözü türk dilində "pazarlamacı" və rus dilində "маркетолог (marketoloq)" kimi adlandırılan sözün bizim dildə tərcüməsidir. Amma bu sözdən nədənsə istifadə etmirik. Ola bilsin ki, digər sözlər bizim dilimizdə oturuşub deyə bu, belədir. Amma mən bu blogpostda bu sözü marketoloq mənasında işlətməmişəm. Bazarı, adi və böhran zamanlarında istehlakçıları, onların alış motivlərini, alıcılıq qabiliyyətini bilən, müştərisini yaxşı tanıyan insanları şərti olaraq belə adlandırmışam sırf bu blogpost üçün: " Bazar Şünas".

25 Mayda öz facebook profilimdə marketologlara belə bir sual ünvanladım: " Bazarı və istehlakçıları kimlər daha yaxşı bilirlər, tanıyırlar? Cavabınızı yazın və zəhmət olmazsa, aydınlıq gətirin:

A) Satış təmsilçiləri (satış mütəxəssisləri, satıcılar);

B) Marketologlar (marketing mütəxəssisləri, brend menecerlər) "

Həqiqətən də çox maraqlı cavablar gəldi. Gənc marketolog da, professionallar da bu suala öz cavablarını yazıb açıqlamasını verdilər. Onların fikirlərini sizlərlə paylaşmamışdan əvvəl mənim sualıma cavab yazan, öz fikrini bildirən hər bir kəsə təşəkkür edirəm. Həmişə sayılan, seçilən və hörmətli olsunlar. Minnətdarlığımı bildirirəm!

İlk öncə ev yiyəsi olaraq bir-iki kəlmə mən deyim. Bazarı və istehlakçıları ola bilsin ki, satış mütəxəssisləri və satıcılar daha yaxşı bilsinlər və tanısınlar. Çünki onlar birbaşa son istehlakçı ilə ünsiyyətdə olurlar, onlara satış edirlər, nə aldıqlarını, nə aralıqda aldıqlarını, məhsulların qiymətlərini, alış motivlərini, alıcılıq qabiliyyətini məhz buna görə onlar daha yaxşı bilə bilərlər. Axı bir tərəfdə də biz marketologlar varıq. Hansı ki, marketing araşdırmaları apararaq, analizlər edərək müştərini və bazarı öyrənə bilirik. Yaxşı bəs kim daha yaxşıdır bu işdə, kimlər daha çox "bazar şünas"dır? Bu sualı mən soruşdum, onlar cavabladılar. Buyurun!


" İstehlakçıları təbii ki, marketinq mütəxəssisi daha yaxşı tanıyır. Ona görə ki, marketinq mütəxəssisi özü hədəf kütlələrini müəyyən edir. Müəyyən edəndə isə təbii ki, o, öz hədəf kütlələrini daha dərindən analiz edir. Bu da nəticə etibarı ilə istehlakçıları daha yaxından tanımağa zəmin yaradır. Satış təmsilçisi üçün istehlakçıların bir o qədər önəmi yoxdur. Heç onun işi də deyil. Onlar üçün öndə olan müştərilərlə münasibətlərin qaydasında olmasıdır. "   (Famil Alməmmədov - Marketing mütəxəssisi, Herba Flora şirkətinin brend meneceri)

" Satış təmsilçisi bazar ilə birbaşa kontaktda olur və satış təmsilçisinin muhatabı son istehlakçı olmaya da bilər. Amma marketologun fokus nöqtəsi birbaşa müştəridir. Bazardan başlayıb bazarda fəaliyyətini davam etdirən hər kəs müştəri haqqında məlumatlı olur. Burda ayırım etmək düzgün olmaz məncə. "   (Seymur Quliyev - SOCAR-ın ixrac üzrə marketing meneceri)

" Satıcılar təcrübə olaraq birbaşa əlaqədədir, bu isə ən böyük fürsətdir. Lakin çox zaman təhsil imkanları bəzi şeylərdən yararlanmağa imkan vermir. Marketologların analitik olaraq araşdırma imkanı olur. Satış mütəxəssisləri ilə marketing mütəxəssisləri birlikdə çalışmalı və o zaman uğur qazanmaq şansı yüksək olur. "   (Yusif Vəliyev - Modern Marketing Group-un təsisçisi)

 İstehlakçıları və bazarı araşdırıb öyrənmək birbaşa marketinq mütəxəssislərinin öhdəliyidir. Lakin satıcılar da istehlakçıları (xüsusən də birbaşa onlarla işləyirsə, yəni müştəriləri elə sonuncu istehlakçıdırsa) və bazarı bilməlidirlər. Onlar öz müştərilərinin istəklərini və problemlərini yaxşı bilməlidirlər. Bu həm potensial müştərilərlə tez dil tapmağa, həm də satışı effektli həyata keçirməyə, etirazları adlamağa ciddi kömək edir. Rəqibləri bilmək də mütləqdir. Çünki danışıqlar zamanı çox güman ki, müqayisə aparılır. Ən azından müştəri öz beynində müqayisələndirir. Bu zaman daha məlumatlı tərəf üstünlük qazanır. Məncə şirkətlərdə marketinq şöbəsinin öhdəliklərindən biri də elə satış personalına müştəriləri, istehlakçıları və bazarı öyrətmək və daim məlumatlandırmaq olmalıdır. "   (Azad Qəhrəmanov - Satış mütəxəssisi, SAT GROUP-un təsisçisi)

" Hər ikisi. Amma brend menecer daha strateji yanaşa bilir və daha təməl tanıyır, lakin satıcı proseslərə uyğun situativ tanıyır. Satış təmsilçiləri istehlakçıları ümumiyyətlə tanımır. Azdan-çoxdan marketing mütəxəssisləri tanıyır araşdırmalarla."   (Müşfiq Azəryar - Avrora şirkətində brend menecer vəzifəsini icra edir)

" Heç bir satış praktikası olmadan marketolog müştəriləri və bazarı praktik tanımır. Statik tanıyır. Satış meneceri də müştərini tanıyır, amma əgər onun da marketing haqqında anlayışı yoxdursa və marketing şöbəsinin təşkil etdiyi kompaniya və qiymət strategiyasını mənimsəyə bilmirsə, tanısa belə müştərini lazım olan məhsula yönəldə bilmir. Bunlar hər ikisi bütövləşmiş sahədir. Ayrı-ayrılıqda heç bir işə yaramır. Marketing müştərini tanımalıdır ki, onu məhsula cəlb etsin və satış o müştərini gəlirə çevirə bilsin. Satış da müştərini tanımalıdır ki, marketingin işi havada qalmasın. Azərbaycan reallığında isə satış daha çox müştəriləri tanıyır. "   (İlkin Ağaoğlu - MTS Group-un təsisçisi)

" Satıcılar istehlakçılara daha yaxındırlar. Yəni satış zamanı onların fikirlərini ala bilərlər. Marketologlar bazarı araşdırırlar. İstehlakçılara psixoloji təsir edərək onları mağazaya gətirə bilirlər. "   (Mustafa Namazlı - ADİU-un III kurs tələbəsi, blogger)

Əziz oxucular, başda bir neçə professionallarımız olmaqla gənc dostumuzun da fikirləri ilə tanış oldunuz. Bəs siz hansı fikirdəsiniz? Mən sizin də fikirlərinizi bilmək istərdim. Mənə mütləq yazın. Sizin fikirləriniz hər zaman mənim üçün önəmlidir.

0 Şərh:

Şərh Yaz