28.01.2016

Marketing & Sales

Məlum məsələdir ki, Marketingin də, satışın da ən son mərhələsi məhsulun realizasiyası və mənfəətin əldə olunmasıdır. Yəni hər iki fəaliyyətin son məqsədi gəlir əldə etməkdir. Lakin indiki dövrdə, insanların alıcılıq qabiliyyətinin dəyişdiyi bir zamanda Marketing fəaliyyəti olmadan satış etmək də mümkün olmur.


İndi isə keçək yazının əsas məğzi olan Marketinglə satış arasındakı fərqliliklərə:

1) Marketing uzunmüddətli fəaliyyətdir. Marketing məhsul və ya xidmət hələ yaranmamışdan əvvəl fəaliyyətə başlayır və onun satışından sonra da fəaliyyətdə olur. Və beləliklə bir müştəriyə bir malın bir neçə dəfə satıla bilməsi də məhz Marketingdən asılı olur. Satış isə qısamüddətli fəaliyyətdir. Müştəriyə satış etdin və bitdi, artıq növbəti dəfə eyni müştəriyə satış etmək üçün artıq Marketing yenidən fəaliyyətə başlamalıdır;

2) Marketing müştəri yönümlüdür, yəni Marketingin bütün iş fəaliyyəti müştərilər üzərində, insan davranışları üzərində qurulub. Satış isə məhsul yönümlüdür, yəni burada bir məqsəd var, o da məhsulu satmaqdır;

3) Marketing əlaqələrə söykənən bir fəaliyyətdir. Marketing insanlarla əlaqə qurmaqdır,onların davranışlarını öyrənə bilməkdir, onların ehtiyaclarını üzə çıxarmaqdır və hətta onlarda hansısa məhsul və ya xidmətə qarşı ehtiyac yarada bilməkdir. Elə buna görə də marketoloqlar Marketinglə yanaşı sosiologiyanı və psixologiyanı da öyrənməlidirlər. Satış isə maliyyə köçürmələrinə söykənən fəaliyyətdir. Yəni satış etdin və artıq qarşılığında müəyyən qədər pul qəbul edirsən;

4) Satış kommersiya fəaliyyətidir, lakin Marketingin qeyri-kommersiya tərəfləri də var. Hansısa tarixi abidənin, muzeyin, seçkidə iştirak etmək istəyən şəxsin reklam edilməsi, PR fəaliyyətinin həyata keçirilməsi buna misal ola bilər.

Belə bir deyim var ki, Marketing istehlakçını şirkətin qapısına kimi gətirir, amma istehlakçı içəri daxil olub, heç bir alış etmədən geri qayıdırsa, demək ki, ya satış öz işini uğursuz görüb, ya da Marketing öz fəaliyyətinin hansısa hissəsində qüsurlar edib.

Növbəti yazılarımda daha faydalı olmaq ümidilə...

0 Şərh:

Şərh Yaz